Rəylər
- 28.02.2012 / 0 şərh / 1950 -dəfə baxılıb
- Milli komandamızın “güclü” Dubay toplanışı və “super” komandalarla yoxlama görüşü keçirməsi ən çox Mirhüseyn Seyidovun və AFFA-nın xeyrinə oldu. Çünki bununla oyunçunun hərəkəti və ona verilən cəza yaddan çıxdı. Futbolçunun “Rəvan”la oyunda qol epizodunda etdiyi hərəkətə görə AFFA İntizam Komitəsinin (İK) verdiyi cəza ölkəmizdə futbol idarəçiliyi baxımından ciddi problemləri bir daha ortaya çıxardı. Yazını bu qədər gec yazmağımda məqsəd “Neftçi” tərəfinin də məsələyə münasibətini bilmək idi. Qərara gəldim ki, Mirhüseyn məsələsində olan yanlışlıqları maddələrlə qeyd edim.
1. Mirhüseyn ilk dəfə deyil ki, qalmaqalla gündəmə gəlir. Onun Elvin Əliyevlə arasında baş verənlər yəqin ki, yadınızdadır. Ümumiyyətlə, bu futbolçuda sanki özündənrazılıq var. Axı sənin hələ cəmi 20 yaşın var. Belə hərəkətlərlə heç kimə heç nə eləmirsən, yalnız öz gələcəyini məhv edirsən. Sənin indi qalmaqal yaradan vaxtın deyil, öz oyununla, yüksəlişinlə gündəmə gəlməyə çalışmalısan.
2. Bu hərəkətə görə, İntizam Komitəsinin kəsdiyi cəza çox gülməlidir. Ad qoyulub ki, futbolçuya 3 oyunluq cəza veriblər. Amma diskvalifikasiya müddəti 3 yox, 2 oyunluqdur. 3-cü oyun şərtidir. Əvvəla belə hərəkətin cəzası 2 yox, ən azı 5 oyun olmalıdır. Təsəvvür edin ki, qapıçı ilə təkbətək çıxan hücumçunu müdafiəçi arxadan çəkib dayandırır və sonuncu ümid fouluna görə qırmızı vərəqə alır. Birbaşa qırmızı vərəqə də avtomatik 2 oyunluq cərimə deməkdir. Belə çıxır ki, İK Mirhüseynin bu hərəkətini adi oyun epizodunda baş verən hərəkətlə eyni tutur. İkinci yanlış qərar şərti cəzadadır. Axı dünyanın hansı ölkəsində belə bir cəza üsulu var? Oyunçunun bu hərəkəti hansı cəzanı tələb edirsə, onu da verməlisən. Yoxsa, indiki hərəkətinə görə aldığı cəzanın qalığını sonraya saxlamaq nə dərəcədə məntiqlidir?
3. “Neftçi” rəhbərliyi cəzanın yüngülləşdirilməsi üçün apellyasiya məhkəməsinə müraciət edib. Şəxsən mən burada “Neftçi”ni qınamıram. Axı ayrı-seçkiliyə kim dözər? Xalidu Sissoko, Vadim Borets və Georgi Lomayanın hərəkətinin Mirhüseynin hərəkətindən fərqi nədədir? Bəs onlara niyə vaxtında cəza verilmədi? Mən başa düşə bilmirəm, İK əcnəbilərə qarşı niyə bu qədər loyaldır? Başqa ölkənin nümayəndəsi gəlib başımıza çıxacaq, milyonların gözü önündə bu cür tərbiyəsizlik edəcək və ona “gözün üstdə qaşın var” deyən olmayacaq? Bunlar axı kimdir ki, gəlib bizim torpaqlarımızda, bizim milləti təhqir edirlər? Belələrinə cəza vermək azdır, ölkədən qovmaq lazımdır. Budur bizim vətənpərvərliyimiz? Türkiyədə belə hərəkət edənin gözünün yaşına baxmazlar. Necə ki, Paskal Numanı analoji hərəkətə görə qovdular. Mən Mirhüseynin tərəfini saxlamıram, amma gəlməni bəsləyib, özümüzünkünü cəzalandırmaq nə dərəcədə doğrudur? Əgər belə hərəkətə görə Mirhüseynə 5 oyunluq cəza verəcəksənsə, əcnəbiyə bunun ikiqatını verməlisən. “Neftçi” tərəfi də bunu nəzərə alıb etiraz bayrağını qaldırır. Elnur Əşrəfoğlunun da dediyi kimi, Mirhüseyn cəza almamaq üçün soyadını dəyişib Seyidoviç qoymalıdır?
Zənnimcə, “Neftçi” özü klub olaraq Mirhüseyni cərimələməli, amma etirazı da ayrı-seçkiliyə görə etdiyini bildirməlidir. Çünki belə olmadıqda futbolçu da arxayınlaşır, düşünür ki, onsuz da klubum arxamdadır. Açıqlamalarından da bunu sezmər mümkündür. Cərimələsən, bir daha buna cəhd etməz.
İK-in bu yerli-əcnəbi ayrı-seçkiliyi azərbaycanlı futbolçulara psixoloji cəhətdən də mənfi təsir göstərir. Mənə çox maraqlıdır, İntizam Komitəsinin üzvləri bu cəzaları nəyə əsasən verirlər? Püşk atırlar və kimin bəxtinə hansı rəqəm düşdü, o qədər də cəza verirlər? Görünür, əcnəbilərin bəxtinə həmişə uğurlu püşk çıxır...