Rəylər
- 28.02.2012 / 0 şərh / 2278 -dəfə baxılıb
- Az qalıb. Milli Dubaydan dönən kimi tənqidin ardı-arası kəsilməyəcək. Elə indidən kampaniya başlayıb və haqlı olaraq Berti Foqtsu həmkarlarımız ittiham edirlər.
Amma haqsız tərəfləri bilirsinizmi nədir? Elxan Məmmədovu da Foqtsa calaq ediblər. AFFA-nın baş katibini bir dəfə Lənkərana gələndə yaxından görmüşəm və 17 yaşlı qızlar arasında keçiriləcək Dünya Çempionatına hazırlıq çərçivəsində qonaqları ilə birgə Lənkəran şəhər stadionuna baxış keçirərkən üç dəqiqəlik açıqlama almışam. Yəni ölkəmizin ən rəzil yazılmayan qanunlarından biri, kimini isə müdafiə edərkən “pul alıb, niyyəti var” kimi mənim üçün aciz və ucuz ittihamlara hazırlaşanlara indidən deyirəm ki, Elxan bəyi siz məndən dəfələrlə çox görürsünüz. Amma qardaş, bu Berti Foqtsu yenidən vəzifəsinin başında saxladığı üçün biriniz AFFA prezidentini ittiham etmisinizmi? Yox, əgər doğurdan Elxan Məmmədov AFFA adlı qurumda Rövnəq Abdullayevdən də böyük nüfuza sahibdirsə onda düz edirsiniz. Gəlin, hamımız Məmmədova bir yazı həsr edək, futbolumuzun bitməyən problemlərini həll etmədiyi üçün ondan hesabat istəyək. Siz də bilirsiniz ki, bu belə deyil. Rövnəq Abdullayev başqa, Elxan Məmmədov başqa. Sadəcə baş katibi tənqid etmək daha asandır, rahatdır. Heç kəs səndən incimir, “Ağrın alem, afərin” kimi məşhur təşəkkür kəlməsini eşitmək olur, üstəlik işindən, özündən qətiyyən narahat olmursan. Dünyanın heç bir yerində federasiya prezidentini qoyub, baş katibi “asıb-kəsmirlər”. Hətta uzaq Afrika meşələrində yaşayan qəbilələr belə daxillərindəki problemi həll etmək üçün qəbilə başçısını qoyub, ona yelpik verənə üz tutmur. Amma biz bu vərdişimizdən əl çəkmirik. Baş katibi də qınamaq, tənqid etmək üçün kifayət qədər əsas olsa belə bütün problemləri Elxan Məmmədovun ayağına yazmaq ədalət tərəzisinin mizanını pozur.
Biz media olaraq Rövnəq Abdullayevə faktiki olaraq təsir etmək gücündə deyilik. Tərkibi bir, ən yaxşı halda iki nəfərdən ibarət bir çox idman portallarına da nəzər yetirdikdə yenə eyni hal yaşanır. Bütün günahlar, problemlər AFFA prezidentindən yan tutulur. Martda baş tutacaq qurum prezidentinə seçkilərə Rövnəq bəy heç nə olmayıb kimi tək, alternativsiz gedir. Biz isə guya 4-cü hakimiyyətik və heç 14 –cü hakimiyyət gücündə belə olmadan hər şeyi sakitcə müşahidə edirik. Gücümüz çatmaz? O zaman ən azı köhnə-təzə AFFA prezidentini ildə bir dəfə ölkə kubokunun finalına yox, premyer-liqanın azı iki turundan bir oyununa gəlməyə məcbur edək. Edək ki, gəlib gənc hakimlərin dahi müəllimi Elçin Məmmədovun “Xəzər Lənkəran”lı Eder Bonfimin “Qəbələ” komandasının qapısına vurduğu təmiz qolu hesaba almadığını görsün. Görsün və sonra təyin edib futbolumuzun xirtdəyinə ilişdirdiyi Xəqani Məmmədovun bu epizoda gülməli bəhanə dolu şərhinə özü qiymət versin. Sən demə, bu epizodda “Qəbələ”nin qapıçısına toxunuş olub. Amma Ramin Musayevin Hollivud operatorlarından üstün tutduğu PFL operatorlarının çəkilişinə də baxanda qolun təmizliyi adamın gözünə girir. Qarşıdan isə məcazi mənada qanın su yerinə axacağı final mərhələsi gəlir. Demək hələ “qapıçıya toxunuş”, “PFL-in çəkilişi” kimi gülünc, biabırçı bəhanələrə çox rast gələcəyik.
Lap unutmuşdum. Qarşıdan həm də AFFA-ya prezident seçkiləri gəlir. Yazıq Elxan Məmmədov. Yenə bütün problemlər onun ümidinə qalacaq. Millimiz Mozambik yığması ilə görüşəcək, Rövnəq Abdullayev isə deyəcək ki, “Biz sevinirik ki, Makedoniya yığmasına qalib gəldik”. Yenə Elxan bəy, köhnə-təzə prezidentin qulağına düzəliş etmək üçün pıçıldayacaq. Amma heç nə dəyişməyəcək. Biz nə dəyişirik, nə də inkişaf edirik. Haydı, dostlar, yenə palana zərbə vurun.