Rəylər
- 01.03.2012 / 0 şərh / 2349 -dəfə baxılıb
Nə oyunu şərh etmək olur, nə reportaj yazmaq. Belə nəticədən sonra ürəyindən keçənləri qəzet səhifəsinə çıxarsan, gərək kimlərinsə şərəf və ləyaqətini təhqirə görə məhkəmədə cavab verəsən. Gərək otağın pəncərəsini açıb, havaya söyüş söyəsən...
Dünən milli komandamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində son matçını keçirdi. Sinqapurla heç-heçədən (2:2) sonra başı iki ayağının arasına girən futbolçular, məşqçilər, AFFA rəhbərliyi 2 gün öncə Hindistan millisini yendikdən sonra dil-dil ötürdü. Və dünən FİFA reytinqində 162-ci pillədə olan Fələstin yığması bizimkilərin qanadını elə qırdı ki, ölkə futbolunun inkişafından ağzı köpüklənə-köpüklənə danışanların köpü yatdı.
Berti Foqtsun baş məşqçisi olduğu milli komandamız tarixində ilk dəfə görüşdüyü Fələstin yığmasına uduzdu. Oyunda əsas hadisələr ilk hissədə oldu. Belə ki, millimiz fasiləyə az qalmış qolu buraxdıqdan dərhal sonra yerli hakim yarımmüdafiəçimiz Rəşad Sadiqova 1 dəqiqədə 2 sarı vərəqə göstərərək, onu meydandan çıxardı. Yığmamız fasilədən sonra 10 nəfərlə daha yaxşı oynasa da, hesabı bərabərləşdirə bilmədi. Əvəzində matçın axırında daha bir qol buraxan komandamız bu il ilk məğlubiyyətini aldı - 0:2.
Fələstinlə qarşılaşma Azərbaycan yığmasının tarixinə 184-cü matç kimi düşdü. 1992-ci ildən indiyədək 183 oyuna çıxan komandamız bu müddətdə 33 qələbə qazanıb, 45 heç-heçə və 105 məğlubiyyət görmüşdü. Artıq ardıcıl 3 matçdı uduzmayan komandamız sonuncu dəfə Türkiyəyə yenilmişdi - 0:1. Həmin oyundan sonra Albaniya (1:0), Sinqapur (2:2) və Hindistan (3:0) yığmaları ilə görüşən futbolçularımız ötən il oktyabrın 11-dən sonra uduzmurdu. Dünənə qədər 129 dəfə rəqib qapısına yol tapan komandamız 328 dəfə topu öz qapısında görmüşdü. İndiyədək baş tutan qarşılaşmalardan 88-i DÇ və AÇ-lərin seçmə oyunu olubsa, millimiz 96-cı dəfə yoxlama oyunu keçirdi. Yoldaşlıq matçları və bu tip mini turnirlərdəki görüşlərdə 25 qələbə qazanıb və 32 dəfə heç-heçə edən millimiz 39-cu dəfə meydandan məğlub ayrıldı (top fərqi - 88:127).
Dünənki matç baş məşqçi Berti Foqtsun bu postda yubiley - 45-ci qarşılaşması idi. 2008-ci ilin martından fasiləsiz olaraq, millimizin "sükanı arxasında" olan almaniyalı bu müddətdə 10 qələbəyə sevinib. 11 heç-heçə edən Foqtsun yetirmələri 24 dəfə meydanı başıaşağı tərk edib.
Maraqlıdı ki, dünənki matçdan sonra nəticədən utanmayan futbolçular qırmızı-qırmızı hakimdən də gileylənib. Guya ki, o, Rəşad Sadiqovu meydandan qovmasaydı, rəqibin daşını daş üstə qoymayacaqdıq. Adama deyərlər azlıqda qalmamış buraxılan qolu da hakim vurmuşdumu?
Bəh-bəhlə, bir az da AFFA-nın təzyiqi ilə klub məşqçilərini Dubaya aparan Foqts deyəsən, onların da qarşısında biabır olmasının fərqindədi. Əks halda çıxıb heç olmasa, məğlubiyyətin səbəbini kiminsə boynuna yıxardı. Fillərin dostunu 3:0 hesabıyla yenərkən ağzına çullu dovşan yerləşməyən alman bu dəfə köməkçisi Nazim Süleymanovu qabağa verib: "Təbii ki, məğlubiyyət hamıya pis təsir edir. Özünüz də gördünüz ki, bugünkü matçın hakimi futboldan xəbərsiz idi. İlk qol ofsayddan vuruldu. Bir sözlə, hakimlik bərbad idi. Buna baxmayaraq, hesab edirəm ki, futbolçularımız daha güclü oynamalıydılar. Fələstin elə də güclü komanda deyil ki, onlara məğlub olaq".
"Qurbanlıq" seçilən hakimə baxmayaraq, belə rəqibi böyük hesabla udmalı olan yığmamız hətta qol da vura bilmədi. Millimizin aparıcı futbolçularından olan Mahir Şükürovun heç olmasa, bunu etiraf etməyə cəsarəti çatıb: "Oyunu idarə edən yerli hakimlər rəqibin tərəfində idi. Daim Fələstin yığmasının xeyrinə fitini səsləndirirdi. Ancaq istənilən halda, biz oyunu qələbə ilə yekunlaşdırmalı idik".
Rəşad Sadiqov isə nəticəni biabırçılıq saymır: "Fələstin yığması bundan əvvəl Dubayda görüşdüyümüz rəqiblərdən yaxşı təsir bağışladı. Ancaq bu, uduzulası oyun deyildi. Komandamızda yorğunluq vardı, sanki qola qədər yatmışdı. Sonra ayıldılar, oynamağa başladılar. 5 günə 3 oyun keçirmək doğrudan da çətin məsələdi. Bəlkə oyunlar arasında çox vaxt olsaydı, qalib gələ bilərdik. Niyə biabırçılıq olmalıdı? Türkiyə yığması bizdən 100 pillə irəlidə idi, ancaq onlara qalib gəldik. Hər ildə kimdəsə bir sensasiya olur. Ola bilsin ki, bu da Fələstin yığmasının yazdığı sensasiyadı. Belə məğlubiyyət hər kəsin başına gələ bilər".
Rəşad Sadıqov da günahı hakimlərdə görür: "Qapımıza vurulan ilk qolda ofsayd vardı. Hakim hər epizodda fitini səsləndirirdi. Belə də olmaz axı. Matça ləng başladıq. Baş məşqçinin tapşırdığı kimi başlaya bilmədik. Sonra yavaş-yavaş hakimin simpatiyası futbolçuları özündən çıxarmağa başladı, əsəbiləşdirirdi. Demək olar ilk hissədə istədiyimiz oyunu göstərə bilmədik. Gah hakimlə dalaşdıq, gah da fikir ayrılığı oldu. Fasilədə baş məşqçi tapşırıqlar verdi və ortaya söz qoyduq ki, çıxıb, oyunun axarını dəyişməliyik. Hesab edirəm ki, 2-ci hissədə yaxşı futbol oynadıq, yaxşı qol imkanlarımız oldu. Sadəcə, rəqibin 1 yaxşı hücumu da oldu və onu dəyərləndirdi. Hesab oyuna görə deyildi. 10 nəfərlə qalmağımıza baxmayaraq, məğlub olmamalı idik. Sadəcə, qapıya son dəqiq zərbələrimiz alınmırdı".