Rəylər
- 02.03.2012 / 1 şərh / 3431 -dəfə baxılıb
- Millimizin yeni ildə gerçəkləşdirdiyi ilk təlim-məşq toplanışı "Dubay rəzaləti" kimi yaddaşlarda qalacaq. Əslində, komandamızın Birləşmiş Ərəb Əmirliklərində sözün əsl mənasında səfil komandalarla yoldaşlıq görüşü keçirəcəyini eşidəndə utanc hissi keçirmişdik. Amma sən demə, görəcəyimiz günlər varmış. Lixtenşteynə tarixində ilk qələbə sevinci yaşadan millimizi qınayırdıq. Bəs Berti Foqtsun yetirmələrinin Fələstin önündə aciz qalmasına nə ad verək? Rüsvayçılıq? Fikrimcə, bu söz belə srağagünkü məğlubiyyət üçün tutarlı təyin deyil.
Fələstinlə oynamaq bir ayıb, uduzmaq iki ayıb, hakimdən şikayətlənmək üç ayıb. Hələ FİFA-ya şikayət etməyi demirəm. "Cəngəllik" komandaları ilə oynamağı özünə rəva bilən bir komanda baş hakimin dəyişdirilməsinə də göz yummalıdı, başqa şeyə də. Başqa nə gözləyirdiz ki?
Futbol təsərrüfatımıza rəhbərlik edən şəxslər bizi aləmə rəzil etməkdən usanmırlar ki, usanmırlar. Fələstini, Sinqapuru bizə rəqib seçən AFFA rəsmilərinin niyyəti məlum idi. Düşünürdülər ki, yığmamız belə sınıq-salxaq həvəskar komandaları üstələyəcək və bununla da Berti Foqtsla yeni müqavilə imzalanmasının doğru addım olduğu isbatlanacaq. Amma başı daha çox İsraillə mübarizəyə qarışan Fələstinin həvəskar komandası alman çalışdırıcının arxasında duranların arzularını ürəklərində qoydu. Fələstinə uduzduq, bəylər, Fələstinə. İndi millimiz bu ləkəni bir ömür üzərində daşıyacaq.
Srağagün İraq millisinin Sinqapur yığmasını 7:1 hesabı ilə məğlub etməsi məni bir qədər də kədərləndirdi. Müharibədən, terrordan başı açılmayan bir ölkəni təmsil edən komanda rəqibinin qapısını "qol yağışına" tutdu. Amma biz həmin İraq qədər də olmadıq. Fikrimcə, Sinqapurla heç-heçə etməklə (2:2) Fələstinə uduzmaq arasında elə də böyük fərq yoxdu...
Bu aralar ölkə əhalisinin maraqla izlədiyi bir hind serialı var: "Bu zalım dünyada doğulma". Şəxsən izləməsəm də, küçədə, marşrutda insanların Amacidən, onun oğlanlarından danışdığını dəfələrlə eşitmişəm. Deyəsən, AFFA rəsmiləri də bu serialını sevə-sevə izləyirlər. Elə məhz buna görə də ölkə əhalisinin Hindistan filmlərinə olan marağını nəzərə alıb, bu ölkənin futbol millisi ilə yoldaşlıq matçı keçirməyi lazım bildilər. Xoşbəxtlikdən Amacinin oğlanları üzümüzə ağ olmadılar. Və futbolçularımız belə bir rəqibin qapısından 3 cavabsız qol keçirib, sevinməklə nə qədər cılız olduqlarını nümayiş etdirdilər.
Avropa zonasında çıxış etməyinə rəğmən, yoldaşlıq görüşlərində asiyalılara üstünlük verən millimizi DÇ-2014-ün təsnifat mərhələsində Portuqaliya, Rusiya kimi güclü komandalarla oyunlar gözlədiyini unudanlara bir mesajım var: bu gedişlə əcnəbilər aləmə rəzil olmaqda davam edən yığmamızla bağlı serial-filan çəkəcəklər. Adını da yəqin ki, elə "Bu zalım dünyada doğulma" qoyarlar.