Rəylər
- 05.03.2012 / 0 şərh / 1994 -dəfə baxılıb
- Görəsən, Azərbaycanın var-dövləti Fələstində olsaydı, fələstinli futbolçular Dubayda qapımıza ikidən artıq qol vura bilərdilərmi?
Görəsən, Fələstin millisinin millimiz üzərindəki qələbəsi İsrail ordusunun top-tüfənginə qarşı dayanmaqdan sinəsi yara olan fələstin xalqının sinəsini qabartdımı, fəxr etdilərmi döyüşçü-futbolçuları ilə?
Görəsən, Azərbaycan yığması üzərindəki qələbəyə görə fələstinli futbolçulara mükafat verildimi?
Görəsən, Sinqapurla heç-heçəyə, Hindistan üzərindəki qələbəyə görə pul alan azərbaycanlı futbolçular Fələstinə məğlubiyyətə görə də pul aldımı?
Görəsən, Fələstin millisinin futbolçularından neçəsinin «Range Rover»i, «Mercedes»i, «BMV»-si var?
Görəsən, fələstinli futbolçulardan hansısa nə vaxtsa bizim Mahir Şükürov kimi Almaniyadan özü üçün qiyməti yüz minlərlə ölçülən avtomobil gətizdiribmi?
Görəsən, fələstinli futbolçulardan neçəsinin bədənində İsrail əsgərlərinin atdığı güllə yarası var?
Görəsən, Azərbaycan millisinin futbolçularından hansısa bir aylığa da olsa, hərbi xidmətdə olubmu?
Görəsən, sabah müharibə başlasa, indi Azərbaycandan kənara çıxmaq istəməyən futbolçularımızın hamısı «legioner karyerası yaşamaq üçün» baş götürüb xaricə qaçmayacaq ki?
Görəsən, millimizin baş məşqçisi Berti Foqtsun bir aylıq məvacibiylə neçə min ac-yalavac fələstinli körpənin ehtiyaclarını ödəmək olar?
Görəsən, dünya qəfildən dəyişsə, haqq-ədalət yerini tapsa, fələstinli futbolçular da Azərbaycan millisi kimi pullu bir millinin formasını geyinə bilsə, onlar da heç-heçə etdikləri oyundan sonra əllərində siqaret, spirtli içki internetdə poz verərlərmi?
Görəsən, «youtube»də yayımlanan, «mən Fələstin çiçəyiyəm» deyib, topun-tüfəngin səsləri altında üsyan edən fələstinli körpə qızcığazın bu dünyada futbol adlı oyunun olmasından, bu oyunu qızların da oynaya bildiyindən xəbəri varmı?
Görəsən, AFFA-nın baş katibi Elxan Məmmədov rusları, ukraynalıları, çinliləri, türkiyəliləri, gürcüləri doldurduğu 17 yaşlı qızlardan ibarət Azərbaycan millisində fələstinli qızların oynamasına razı olarmı?
Görəsən, Elxan Məmmədov qızlar arasında Bakıda təşkil olunacaq geydirmə dünya çempionatına xərclənən milyonlarla manata milyonlarla qızcığazın nə qədər ehtiyacının olduğunu bilirmi?
Görəsən, Fələstində idman mətbuatı varmı?
Görəsən, Fələstində idmandan, futboldan yazanların Fələstin - Azərbaycan matçının nəticəsini şübhə altına salmaq üçün bir qrup azərbaycanlı jurnalistin AFFA-nın tapşırığı ilə şər, böhtan dolu yazılar qələmə aldıqlarından xəbərləri oldumu?
Görəsən, Fələstində də şərəfini, mənliyini pula satan jurnalistlər varmı?
Görəsən, Rövnəq Abdullayev döyüş meydanına çevrilən Fələstində futbol federasiyasının prezidenti olsaydı, onun millisi Azərbaycan yığmasını məğlub etsəydi, o, özünə «Milli qəhrəman» adı verərdimi?
Görəsən, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev güllə səsləri altında Fələstində futbol çempionatı təşkil edə bilərdimi?
Görəsən, Azərbaycan millisi üzərində qələbə Fələstinin ictimai həyatına necə təsir etdi, nələri dəyişdi?
Görəsən, Azərbaycan millisi daha kimlərə uduzmalıdı ki, bu ölkədə futbola baxışlar, futbola rəhbərlik edənlər dəyişməlidi?