Rəylər
- 06.03.2012 / 0 şərh / 2241 -dəfə baxılıb
- Azərbaycan millisi tarixinin növbəti biabırçılığını yaşadı. Milli təlim-məşq toplanışı çərçivəsində Dubayda keçirilən yoldaşlıq görüşündə futbolu və tam müstəqilliyi olmayan Fələstinə uduzmaqla növbəti faciəyə rəvac verdi. Amma bu faciə mətbuatda kəskin tənqidlə qarşılanmadı. Niyəsi barədə olduqca ilginc məlumat daxil olub. Məlumat verən mənbə bildirir ki, Fələstinə məğlubiyyətdən dərhal sonra Bakıya edilən telefon zəngində AFFA-nın rəsmi şəxslərindən biri göstəriş verib: «Yubanmadan bəzi qəzet və saytlara pul çatdırılmalıdı». Məhz bu göstərişin yerinə yetirilməsindən sonra Fələstinə məğlubiyyətin səhəri günü mətbuat bu biabırçılığı elə qələmə verdi ki, milli sanki Fransya məğlub olub.
Amma piar kampaniyası bununla yekunlaşmayıb. Pul çatdırılan mətbuat orqanlarına göstəriş verilib ki, hakimlərin dəyişdirilməsiylə bağlı xəbər həddindən artıq qabardılmalı, ictimai rəy bu istiqamətə yönəldilməlidi.
Təsadüfi deyil ki, AFFA-ya yaxınlığı ilə seçilən mətbuat orqanları «Dubay şeyxləri yığmanın oyununda hakimi dəyişdi», «Fırıldağın üstünü Elxan Məmmədov açıb» tipli manşetlərlə ictimai rəyi azdırmağa, millinin biabırçılığını unutdurmağa cəhd etdilər. Yazılardan da aydın görünür ki, AFFA-nın nəzarətində olan mətbuat ictimai rəyi çaşdırmaqla yanaşı, Elxan Məmmədovu da qəhrəman kimi təqdim etməyə cəhd edir. Hətta AFFA-nın maliyyəsi ilə fəaliyyət göstərən saytlardan biri belə xəbər yaydı ki, guya Azərbaycan - Fələstin oyununda Fələstinin qələbəsinə külli miqdarda pul yatırılıb, UEFA da bundan şübhələnib.
Yalan məlumatdı və bu da ictimai rəyi azdırmağa yönəlib. Çünki Azərbaycan - Fələstin oyununa heç bir kontor pul qoyuluşu qəbul etmirdi. Hətta AFFA-nın prezidenti Rövnəq Abdullayevin şərik olduğu «Topaz» belə millinin oyununa pul qoyuluşu qəbul etmədi. Belə olan halda, hansı məntiqlə Fələstinin qələbəsinə pul qoyulmasını qabartmaq olar? Digər tərəfdən, piar aparan şəxslər bu variantı ictimai rəyə buraxmaqla əslində özlərini yandırıblar. Çünki həqiqətən də Fələstinin qələbəsinə külli miqdarda pul qoyulubsa, məntiqlə belə çıxır ki, o pulu kontora ya Bakıdan, ya da Almaniyadan yatırıblar. Kimlərin yatırtdığı isə aydındı. Çünki Fələstinlə oyunda mübarizə aparmayan, futbol oynamayan komanda Azərbaycan millisi idi. Deməli, pul da qoyan, oyun da satan varsa, diqqətlər Azərbaycana yönəlməlidi.
Başqa bir məqam: Vaqif Cavadov Berti Foqtsa etiraz bildirib cəzalanarkən AFFA-nın nəzarətində olan mətbuat və jurnalistlər saxta vətənpərvərlik tumanını geyinib özlərini cırırdılar, Cavadovu ittiham edirdilər. Təbii ki, AFFA-nın, Elxan Məmmədovun diqtəsiylə. Amma Xocalı faciəsi ərəfəsində Dubayda eyş-işrətlə məşğul olan milliləşdirilmiş əcnəbilər haqda bu saxta vətənpərvərlər bir kəlmə də yazmadılar. Daha doğrusu, onları yazmağa qoymadılar. Əslində, məlumat verən mənbə qəzet və saytlara nə qədər pul ötürüldüyü barədə bizə konkret məlumat verib. Amma biz həmin qəzet və saytların adlarını, onlara çatan məbləği yazmadıq. Ancaq yazmasaq da, idman mətbuatını mütəmadi izləyən oxucu özü aydın bilir ki, kimlərin əli kimlərin cibindən çıxır. Elə ona da inanırıq ki, bizə zəng edib, «bunlar neçəyə satıldı» deyən oxucular həmin redaksiyalara da zəng edib «neçəyə satıldız» sualını veriblər. Biz isə heç kimi ittiham etmirik, hərənin bir tikə çörəyə möhtac olduğunun fərqindəyik. Amma əldə etdiyimiz məlumatı oxucularla bölüşməliydik. Bir də onu tövsiyə edə bilərik ki, bir tikə çörək qazanmaq istəyi Azərbaycanın mənafeyini satmaqdan üstün olmamalıdı. Bir tikə çörəyi Azərbaycanın mənafeyini satmadan da tapmaq olar.