Rəylər
- 08.03.2012 / 1 şərh / 2198 -dəfə baxılıb
- Təqvim 8 mart tarixini göstərir. Bu gün nə etmək lazımdı? Əlbəttə ki, bütün xanımlarımızı Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara xoş arzularımızı çatdırmaq boynumuzun borcudu.
Fürsətdən istifadə edib, futbol təsərrüfatımızı istədikləri kimi idarə edən şəxsləri də təbrik edirəm. Kişilər böyük iş bacardılar. Fələstin rəzalətinin üstündən belə məharətlə "su içdikləri" üçün onlara "afərin" demək lazımdı, bəylər. AFFA-nın "sözəbaxan uşaqları" 5 futbolçunun barda əylənməsini elə şişirtdilər ki, yığmamızın Fələstinə biabırçı məğlubiyyəti kölgədə qaldı.
Andrey Popoviçin "üzü qara olsun" deyəcəm, amma görəsən, ukraynalı barda çəkdirdikləri şəkli sosial şəbəkədə yerləşdirməsəydi, AFFA Fələstin üfunətinin üstünü necə ört-basdır edəcəkdi? Hələ durub uşağa cəza da kəsirlər. Halbuki, Popoviçi mükafatlandırmaları lazımdı. Onun düşüncəsiz hərəkətinin sayəsində vəziyyətdən çıxdılar.
Futbolçunun oyundan sonra bara getməsi, siqaret çəkməsi nə vaxtdan qəbahət olub - bilmirəm. Futbolçu da insandı. Bara da gedəcək, siqaret də çəkəcək. Təbii ki, bunlar bir idmançı üçün zərərli vərdişlərdi. Amma bu, hər kəsin öz şəxsi işidi.
Məsələn, bu yaxınlarda "Mançester Siti"nin baş məşqçisi Roberto Mançini Mario Balotellinin siqaret çəkməsinə şərh verən zaman bildirdi ki, öz oğlu belə etsəydi, ona qulaqburması verərdi, amma Mario sadəcə, komandasında yer alan futbolçu olduğundan ona yalnız siqareti tərgitməsini tövsiyə edə bilər... Futbolçuların bara gedib, qədərində içki içmələrinə gəlincə, bu, bütün dünyada normal qəbul olunan şeydi.
Milli komanda həm də bir millətin şərəfi deməkdi. İndi biz şərəfimizi qorumaq üçün 11 sanballı futbolçu tapa bilmiriksə, buna Vladimir Levin, Branimir Subaşiç, Aleksandr Çertoqanov nə etsin? Adamlar bizim görməli olduğumuz işi görür. Hazırda ölkəmizdə Levinə, Subaşiçə, Çertoqanova layiqli əvəzləyicilərin olmamasına rəğmən, hər zaman milliləşdirmənin əleyhinə olmuşam. Amma onu da əminliklə deyə bilərəm ki, Levin və Subaşiç kimi əcnəbilər millimizin futbolkasının dəyərini bəzi yerli futbolçulardan qat-qat yaxşı bilirlər.
Yaxşı yadımdadı, Lixtenşteynlə Bakıdakı rüsvayçı qolsuz heç-heçədən sonra yerli futbolçular paltardəyişmə otağından çıxıb, qaçaraq avtobusa doluşduqları bir vaxtda Subaşiç jurnalistlərə yaxınlaşıb, mətbuat vasitəsi ilə biabırçılığa görə xalqa üzrxahlığını çatdırmışdı. Levinə gəlincə, onun "Birlik Kuboku"nda "Mika" ilə oyundakı canfəşanlığını nə tez unutduz? Yaddaşını təzələmək istəyən həmin matçın videoyazısına təkrar baxsın. Onda ukraynalı müdafiəçinin matçın prinsipiallığını nəzərə alaraq, yerli futbolçulardan daha çox meydanda can qoyduğunu, oyunda hesabı məhz onun açdığını görərsiz.
Sözümün canı odu ki, Sinqapurla heç-heçədən sonra bara getdiklərinə görə yığmamızın milliləşdirilmiş üzvlərini asıb-kəsməyə gərək yoxdu. Boğazdan yuxarı vətənpərvərlik etməkdənsə, AFFA-dan Fələstinə uduzmağımızın hesabını tələb etmək daha məntiqə uyğun olardı. Futbol təsərrüfatımızı özlərinə sərf edəcək şəkildə idarə edən şəxslər Berti Foqtsla əl-ələ verib, bizi aləmə rəzil etməkdə davam edirlər... Buna bir "dur" deyən, tapılacaqmı?