Rəylər
- 08.03.2012 / 0 şərh / 2128 -dəfə baxılıb
- Sinqapur, Hindistan və Fələstin. Azərbaycan futbol ictimaiyyəti hazırda məhv bu ölkələrin millilərindən danışır. Cəmiyyət adları sadalanan yığmalarla qarşılaşmanın millimizə hansı faydaları olacağını araşdırır. Bu mənada ən ilginc fikir məhz futbol cameəsinin üzvlərindən gəlir. Onların bəzisi bu qarşılaşmaları faydasız və anlamsız hesab edir. Bəndənizin də fikiri fərqli deyil. Sadə Azərbaycan vətəndaşı kimi mən də burnumun ucundan o tərəfi görə bilmirəm. Qarışqanı şişirdə-şişirdə fil edənlərdənəm. Bəzən özüm-özümü inandırıram ki, millinin budəfəki yoldaşlıq oyunlarına bir “quş”.
Təbii ki, başda mən olmaqla, belə düşünənlərin hamısının fikiri səhvdi. Səhvi üzə çıxarmaq üçün bircə sual yetərlidi: Həmin yığmalara Azərbaycanla oyun nə verdi? Cavab hamıya məlumdu. Azərbaycanla oyun hansı komandaya nə qazandırıb ki, onlara da qazandırsın. Qağa canı, elə onlar bizim günümüzdədi, biz onlar kökdə. Odu ki, dəvəquşuluq etməyin mənası yoxdu. AFFA-nın rəqib seçimi idealdı. İspaniya kimi komandanı rəqib seçim, milyon tərləməkdənsə, özümüzə taylarla qarşılaşmamız məsləhətdi. İndi isə gəlin birlikdə rəqiblərimizlə oxşarlıqlarımızı araşdıraq.
Hindistan. 2 milyarda yaxın əhalisi olan bu ölkə bizim kimi 11 futbolçu tapa bilmir ki, meydana buraxsın. Zarafat etmirəm ha! Biz də 9 milyondan 11 futbolçu düzəldə bilmirik. Bu səbəbdən də urusun alkaş-malkaşını milliləşdirmişik. Həm gülməli, həm də ağlamalıdı. AFFA-nın Hindistan seçimi uzaqgörənlikdən xəbər verir. Fəxr edə bilərik ki, Azərbaycan boyda çıqqılı fil boyda Hindistanı məğlub etdi.
Sinqapur. Nəzərə alsaq ki, müasir Azərbaycan yalnız Bakıdan ibarətdi, o zaman Sinqapurla qardaş-bacı olduğumuzun şahidi olarıq. Axı onların da ölkəsi yalnız bir şəhərdən ibarətdi. Sinqapur çempionatı kimi bizim birincilik də az qala yalnız bir şəhərin komandalarından ibarətdi. Onlar da qumarı çox sevir, biz də. Sinqapura rəqib olmamızı ayaqda alqışlamalıyıq. Çünki AFFA rəhbərliyi böyük iş görüb ki, onları bizlə oynamağa razı sala bilib.
Fələstin. İkiyə bölünmüş bir ölkədən söhbət gedir. Bizdə Naxçıvanla quru əlaqəmiz olmadığı kimi, orda da Qəzza ilə quru əlaqəsi yoxdu. Onlarda Qəzzada futbol yoxdu, bizdə Naxçıvanda. Sanki bir almanın iki hissəsiyik. Fələstinlə boy-buxunumuz eynidi. Millinin fələstinli qardaşlarla meydana çıxması... Nə isə, Fələstindən söhbət açarkən, hara fırlasaq siyasətdi. Odu ki, mövzunu qapayaq.
Azərbaycan adlı ölkənin varlığını millinin sayəsində Hindistandakı fillərdən tutmuş, Cunqlidəki meymunlaradək hamı öyrəndi. Bundan böyük təbliğ ola bilməz. Seçkiyə sayılı günlər qalmış, yığma komandamızın Dubayda sağ göstərib, sol vurması unudulmaz idi. Unudulmaz olanların şahidi ola bilməyənlər gah rəqibləri, gah da Foqtsla Ərəb Əmirliklərinə gedənləri asıb-kəsir. Anlayış göstərmək lazımdı.
P.S. Foqts ölkədəki işsiz mütəxəsisləri də özü ilə aparsaydı, super olardı.