Rəylər
- 11.03.2012 / 0 şərh / 2676 -dəfə baxılıb
- “Bakı” “İnter”in 19 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyaraq, “ilk altılığ”da yerinin təmin etdi. Amma “zolaqlıların” sərgilədiyi futbol hələ də idealdan uzaqdı. Baxmayaraq ki, mövsümün başa çatmasına cəmi 2,5 ay qalıb, bu gündə komanda oyunu axsayır, liderlərin isə formada olmadığını hiss etmək çətin deyil. Xüsusislə, böyük ümidlərlə yayda “Qarabağ”dan transfer edilən Elvin Məmmədovun indiyədək toparlana bilməməsi təəccüb doğurmaya bilməz.
Elvinin “Bakı”nın simasının müəyyənləşdirən futbolçulardan biri olacağı, ən istedadlı yerli bir oyunçulardan biri kimi meydanda və ondan kənarda xarizmasını ortaya qoyacağını zənn edirdik. Amma mövsümün böyük bir hissəsi arxada qalsa da, Tovuz futbol məktəbinin ulduzu “göy-ağlı” formada heç cür parlaya bilmir. Doğru-dürüst oynadığı matçları da xatırlamaq çətindi.
Mövsüm başyanadan bəri əvvəlcə zədələrlə mübarizə apardı. Ardından uzun müddət idman formasını bərpa etməkdə çətinlik çəkdi. Nə əvvəlki gözoxşayan oyununu, driblinqini, nə rəqibi mat qoyan ötürmələrini, nə də vurduğu həlledici qolları izləyə bildik.
Gənc yaşına rəğmən klubları əlcək kimi dəyişməyi iş-peşəyə çevirən Məmmədovun “Turan”, “İnter” və “Qarabağ”dan sonra nəhayət, “Bakı”da öz yuvasını tapacağını güman edirdik. Amma millimizin pleymeykeri bu münasibət, bu oyun, bu peşəkarlıqla çətin Hafiz Məmmədovun klubunda əvəzedilməz simaya çevrilə...
Təəssüf ki, əksər azərbaycanlı futbolçuların şakəri onda da özünü birüzə verməyə başlayıb. Bildiyiniz kimi, bahalı müqaviləyə qol çəkəndən sonra, göstərilən etimadı, avansı doğrultmaq əvəzinə, sanki bizimkilərin oynamaq həvəsi ölür. Elvin də “Bakı”ya tansfer olunandan mənfiyə doğru çox dəyişib. Meydanda varlığıyla-yoxluğu bilinmir. İntizamı da arzuolunandan çox uzaqdı daha. “Qarabağ”da Rəşad Sadıqov kimi futbolçuların yanında səsi çıxmayan gənci sanki dəyişiblər. Məşqlərdə, elə oyunlarda da tez-tez onun dodağının altında mızıldandığını, hərdən oyundaşlarını söyməkdən belə çəkinmədiyini görmək mümkündü.
Yarımmüdafiəçi artıq özünü təsdiqləmiş bir futbolçu, veteran kimi aparır. Elə düşünmək olar ki, zirvələri fəth edib, şöhrətinin və nailiyyətlərinin kölgəsində rahatca dincəlmək niyyətindədi. Sanki bütün hədəflərinə çatıb. Başı tavana dəyib. Oyun planında və karyerası üçün yüksəlməyə və daha da ucalmağa yer yoxdu.
24 yaşına çatmamış futbolçunun özünü belə hiss etməsi, dar çərçivədə düşünməsi məyusluq doğurmaya bilməz.
Bildiyimiz qədər o, “Bakı”yla ilinə 350 minlik müqavilə imzalayıb. Və dediyimiz kimi hər şey məhz bundan sonra başlayıb. Səhlənkarlığı artıq millidə də yerini itirməsinə səbəb olub. Berti Foqtsu qınamağa da dəyməz. Çünki Elvin 2011/12 mövsümü üçün yaxşı pul alıb, amma hələ futbol oynamayıb. Geridə qalan 21 turda cəmi 10 oyuna çıxıb. Qarşıdakı iki turu da buraxacaq. O cümlədən “Neftçi”ylə prinsipial oyunda da yoldaşlarına köməyi dəyməyəcək. Çünki “İnter”lə son görüşdə heç bir gərək olmadan rəqib futbolçunun ayağını tapdalayaraq, birbaşa qırmızı vərəqə alıb.
Komanda Elvin qədər məvacib alan futbolçuların üzərində dayanmalıdı. Onunla nəfəs almalıdı. Məmmədov isə... “Bakı” üçün nə vurduğu qolları, nə də verdiyi ötürmələri yada sala bilmirik.
Elvin Məmmədov mövsüm başlayandan bəri cəmi 729 dəqiqə oynayıb. Mükafatları nəzərə almayıb, təkcə ona ödənilən maaşı nəzərə alsaq, hər dəqiqəsi klubuna təxminən 480 dollara başa gəlib. Amma qara qəpiklik də faydası dəyməyib.
Özünə gəl, Elvin...Yatma. Gününü ötürmə. Nə qədər gec deyil, özünə gəl! Qoy, aldığın “qırmızı” səni oyatsın, dərs olsun. Kölgəyə çevrildiyin mövsümün heç olmasa final akkordlarını düzgün vur.