Rəylər
- 13.03.2012 / 0 şərh / 2408 -dəfə baxılıb
- Ölkəni yeni bir mahnı öz ağuşuna alıb-qəşəng,qəşəng. Avtomobillərdə, küçələrdə, səyyar kaset satışı ilə məşğul olan məntəqələrdə uca səslə oxudulan bu musiqili meyxana hətta televiziyalarda yayımlanan ucuz teleseriallara belə ayaq açmağa müvəffəq olub. Ölkə futbolunda baş verən son hadisələrə dair süjet hazırlamaq mənə həvalə olunsaydı mütləq süjet arxası musiqi kimi məhz bu mahnını seçərdim- qəşəng, qəşəng.
Yığmanın Dubay turnesi yetərincə maraqlı oldu. Milli üzvlərindən bəzilərinin gecə barında əylənməsindən yan keçməyə üstünlük verərdim. Necə də olsa, PFL prezidenti bu hadisəyə heç də pis baxmayıb. Ramin bəy əlində siqaret, içki olan milli üzvlərinin istirahət etməsinə normal baxdıqdan sonra mən də məhəlləmizdə olan bütün narkomanlara daha əyri gözlə baxmıram. Həzz almaq, əylənmək onların da haqqı. İş yox, güc yox, neyləməlidir bu binəvalar? Mənə ən ləzzət edən Fələstinə məğlub olduqdan sonra futbol məmurlarımızın bu məğlubiyyəti matçı idarə edən hakimlərin ayağına yazmasıdır. Amma premyer-liqada hansısa klub hakim idarəçiliyindən şikayətlənəndə həmin bu məmurlar daş atıb başlarını tuturlar ki, “komanda oynaya bilmir, məğlubiyyətə don geydirmək üçün hakimləri qurban seçirlər”. Deməli məlum yenilgiyə görə də ərəb hakimləri qınamağa dəyməz. Fələstinli futbolçular milyonların dövr elədiyi Azərbaycan futboluna sadəcə dərs keçdi- qəşəng, qəşəng.
AFFA yeni prezidentini seçdi. Çox sakit, səliqəli şəkildə. Heyf, biz jurnalistlər yenə pley off-la feyr- pley arasında mənaca böyük fərq olan səhvləri daha dörd il sakitcə seyr edəcək, Luksemburqla Lixteynşteyni ayıra bilməməyə başı aşağı tamaşa edəcəyik. İcraiyyə Komitəsinin üzvləri yenə öz işlərində qaldılar. Ölkənin ən böyük camiəsinin, “ Xəzər Lənkəran”ın İK-də namizədi olmasa da ömür boyu stadiona getməyən insanlar bizə naməlum olan xidmətlərinə görə ildırım sürəti ilə bu komitəyə yenidən seçildilər-qəşəng, qəşəng.
Azərbaycan çempionatının final mərhələsi ərəfəsində “ Qəbələ”- “ Neftçi” oyununda düdüyünü istədiyi kimi çalan Ramil Diniyev məhz bu komandaların növbəti görüşünə bir gün qalmış bağışlandı. Birinci divizion matçına təyinat alan Diniyevin bağışlanması bir daha onu sübut etdi ki, gənc hakim düdüyünü elə belə, özbaşına çalmayıb. Ona düdüyünü istədiyi kimi çaldıranlar çox keçmədən böyük səhv edən, əməlli-başlı qalmaqal yaradan hakimi yenidən öz işinə qaytardılar- qəşəng, qəşəng.
Səhər dediyi fikri günorta təkzib edən futbol veteranı Kazbek Tuayev rüşvətin yığışdırıldığı, futbol klublarının, millisinin bizdən on dəfə irəlidə olduğu Gürcüstana lağ etməklə yenidən gündəmə gəldi. Nə olsun ki, gürcülərin futbol veteranları Tuayev və onun komanda yoldaşlarından da on dəfə güclü olublar. Əsas odur ki, Kazbek müəllim gündəmdə qalmağı bacarır- qəşəng, qəşəng.
Hakimlər Komitəsinin sədri də öz işində qaldı. Buna lap sevindim. Axı, biz hələ 4 ildə “ əl topu tapdı, top əli tapdı” qafiyəsinə çırtmaq çalacağıq. Bu nədir ki, Elçin Məmmədov gənc hakimlərimizə dərs deməkdə davam edəcək, onlar da öz növbəsində Ramil Diniyev kimi heç kimdən, heç nədən qorxmadan fitlərini keçdikləri “ dərs”ə uyğun çalacaqlar-qəşəng, qəşəng.
Belə, bu gün premyer-liqamızın final mərhələsi başlayır. Daha sonra çempion və ölkə kubokunun sahibi bəlli olacaq. Lap sonra da Avro kuboklar start götürəcək. Yenə 4 il keçəcək və FİFA ölkələrin reytinq cədvəlini açıqlayacaq. Biz hər nə qədər ilk 100-yə daxil ola bilməsək də oxumağa mahnımız olacaq. Yenə avtomobillər şütüyəcək, kasset satanlar yorulmadan bu mahnıya uca səs verib əhalimizi feyziyab edəcəklər-qəşəng, qəşəng.