Rəylər
- 14.03.2012 / 0 şərh / 2345 -dəfə baxılıb
- Rövnəq Abdullayevin növbəti 4 ildə AFFA prezidenti seçilməsi mətbuatın tənqid hədəfinə çevrilib. Çünki seçkilərin alternativsiz və qeyri-şəffaf keçirildiyi iddia olunur. R.Abdullayevin qarşıdakı 4 ildə Azərbaycan futboluna uğur gətirəcəyinə çoxları inanmır. Çünki geridə qoyduğumuz 4 ildə heç bir uğur olmayıb.
R.Abdullayev futbola milyardlarla vəsait xərcləsə də ortada nəticə yoxdur. Son Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi qrupda 7, səfalət içində olduğu deyilən kasıb Ermənistan millisi isə 17 xal topladı. Düşmən ölkənin futbolçuları az qala final mərhələsinə qədəm qoyacaqdı.
R.Abdullayevin gətirdiyi alman mütəxəssis - Berti Foqts isə sadəcə pul saymaqla məşğuldur.
Bəs qarşıdakı 4 ildə R.Abdullayev futbolumuzu “rövnəqləndirə” biləcəkmi?
“Komanda” qəzetinin redaktoru Natiq Muxtarlı hesab edir ki, Azərbaycan futbolunda heç nə dəyişməyəcək: “İlk növbədə son 4 ildə Azərbaycan futbolunda nə baş verdiyinə nəzər salaq. Hakim səhvləri, saxtalaşdırma, tamaşaçı qıtlığı, çirkli pulların yuyulması və s. Növbəti 4 ildə də köhnə kollektivi ilə işləyən Rövnəq Abdullayev futbolumuz üçün heç nə etməyəcək. Çünki orada - İcraiyyə Komitəsində Elmar Qasımov kimi futbol haqda təsəvvürü olmayan adamlar oturub. Bu insan Təhsil Nazirliyində buraxdığı ciddi nöqsanlara görə dövlət başçısı tərəfindən işdən qovulub”.
N.Muxtarlı Ermənistan futbolunun irəliyə getmə səbəblərini açıqladı: “Gəlin nəzər yetirək, 7 milyon büdcəsi olan Ermənistan futbol federasiyasının 64 futbol məktəbi olduğu halda bu gün Azərbaycanda bir dənə də olsun futbol məktəbi yoxdur. Yeganə Berlində açılan futbol məktəbi var ki, buna da AFFA hər ay 50 min manat köçürür. Dəfələrlə ba barədə hər hansı bir açıqlama istəsək də heç bir məlumat verilməyib”.
“Futbolpress.az” saytının baş redaktoru Elçin Cəlilov isə qurumun növbəti 4 ildəki gözləntilərindən danışdı. Onun fikrincə, Azərbaycan futbolu bərbad vəziyyətdədir: “Amma indi maddi vəziyyət yaxşılaşıb. Lakin pulun olması hər şeyin yaxşı olması demək deyil. Rövnəq Abdullayev bu posta təyin olunandan sonra onun işi kadr potensialını artırmaq, maddi və mənəvi durumu sabitləşdirmək, bir sözlə, futbolu dirçəltmək idi. Lakin o, bunları edə bilmədi. Hamı bilir ki, onun bu işlərlə məşğul olmağa vaxtı çatmır. Vaxtı yoxdursa, istefa verməlidir. Yerinə layiqli şəxs gəlməlidir. Ancaq baxıram elə layiqli şəxs yoxdur. Yəni ölkə futbolunu az da olsa yaxşı səviyyəyə gətirəcək adam yoxdur. Varsa da namizədliyini vermədi. Məlumdur ki, AFFA-ya seçkilərdə Rövnəq Abdullayev alternativsiz, tək namizəd idi”.
“Bəs niyə başqaları öz namizədliyini irəli sürmədi” sualına isə müsahibimiz belə cavab verdi: “Mən bunu Azərbaycan futbolu üçün biabırçılıq sayıram”.
“Yeni Müsavat” qəzetinin redaktoru Famil Cəfərli isə bir futbol azarkeşi kimi R.Abdullayevin fəaliyyətinə “0" qiymət verdi: ”Qarşıdan gələn 4 ildə də Rövnəq Abdullayevin futbolumuza nəsə verə biləcəyinə inanmıram. Bu adam Azərbaycan futbolunu heç normal meydançası da olmayan Fələstin futboluna uduzmaq həddinə qədər məhv edib. Allah qarşıdakı 4 ilin lap biabırçı məğlubiyyətlərindən qorusun. Ondan heç nə gözləmirəm. Abdullayevin futbol təsərrüfatına rəhbərlik etməsi poçt müdirinin cərrahiyyə şöbəsinə müdir qoyulması kimi absurd və məzəli bir şeydir".