Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
19.03.2012 / 0 şərh / 2371 -dəfə baxılıb

"Zaur Tağızadə, Nadir Nəbiyevin heyətində yer aldığı "Neftçi" indikindən daha güclü idi" (Müsahibə)

O, adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırdı. Hər halda, 20 illik tarixi olan milli çempionatımızda qalib olan, ümumiyyətlə, ölkəmizdə titul qazanan ilk əcnəbi baş məşqçidi. Təbii ki, söhbət ukraynalı çalışdırıcı Valentin Xodukindən gedir.

2005-ci ildən fasiləsiz ölkəmizdə çalışan təcrübəli mütəxəssis bu müddətdə "İnter"ə bağlıdı. Klubda ilk olaraq elmi-metodiki qrupa rəhbərlik edən Xodukin ardından 3 il əsas komandanın baş məşqçisi oldu. "Bankirlər"i 2008-ci ildə 1-ci etməklə həm ona tarixində ilk çempionluğu qazandırdı, həm də öz nailiyyəti baxımından futbolumuzda ilkə imza atdı.

Növbəti mövsüm gümüş medalçı olan, ölkə kubokunun finalında "Qarabağ"a 0:1 hesablı məğlubiyyətdən sonra istefası reallaşan Xodukin 3-cü ildi "İnter"in uşaq futbol məktəbinə rəhbərlik edir.

Əsas komandadan gedəndən sonra kölgədə qalan mütəxəssislə geniş söhbətimiz daha çox nostalji hisslər üzərində quruldu. Keçmişə qaytardığımız 73 yaşlı Azərbaycan çempionu adəti üzrə səmimiliyini nümayiş etdirdi.

- Hazırda Azərbaycan futbolunda özünüzü necə hiss edirsiz?
- Mənə "İnter" klubunda uşaq futbolunu inkişaf etdirmək, ehtiyat qüvvəni hazırlamaq yönündə işləri nizama salmağı tapşırıblar. Bunun üçün hazırda əsasən uşaq futbolu sistemində təşkilati, metodiki, pedaqoji işlərlə məşğulam. Böyük futbol üçün darıxıram. Bu, həyatımın bir hissəsi, futbol fəaliyyətinin zirvəsidi. Şübhəsiz ki, bu, mənim təhsildə olan insanlar üçün prioritet işdi. Ancaq hər işin bir sərhədi var və nəvaxtsa onu başa vurmalı olursan. Bütün komandalarda baş verən hadisələrdən, işlərin gedişindən xəbərdaram. Mən bütün işləri bilən hansısa hakim olmaq istəmirəm, sadəcə, təhlil aparıram, subyektiv fikirlərimi bildirirəm.

- Komandanın içində olanda asandı, yoxsa kənarda?
- Sözsüz ki, kənardan təhlil aparmaq çətindi. Çünki hadisələrin içində olmursan və hər komandanın nüanslarını bilmirsən. Axı, hər şeyi baş məşqçi daha yaxşı bilir. Sadəcə, ümumi mənzərəni, futbolçuların meydanda hərəkətini görürsən və buna görə mühakimə yürüdürsən.

- Öz vaxtınızdakı "İnter"i indiki ilə müqayisə edirsiz?
- Belə müqayisə aparıb, fikir bildirmək düzgün deyil. Mən bir çox mütəxəssislərlə söhbətimin nəticəsi olaraq yalnız onu deyə bilərəm ki, Azərbaycanda futbol bir neçə il əvvəl daha güclü idi. Çempionat, hətta bir çox komandalar bizim vaxtımızla müqayisədə zəifləyib. Məsələn, Zaur Tağızadə, Nadir Nəbiyevin heyətində yer aldığı "Neftçi" indikindən daha güclü idi. Eyni sözləri Zaur Ramazanovlu "Xəzər Lənkəran" haqda deyə bilərəm. Həmin vaxt oyunçularda qığılcım, baxımlı futbol vardı. Ola bilər ki, indiki kimi praqmatik deyildi, ancaq əlbəttə, futbol gözlənilməzliklərlə dolu idi. Hər matçda çətin idi. Elə də sıradan oyun yox idi. Sadəcə, ayrı-ayrı oyunlarda MOİK, ABN ustalıq səviyyəsində geri qalırdı. Hərçənd yadımdadı, Bərdə klubuna evdə 2:0 hesabı ilə qalib gəlmişdim. Digər komandalar isə ciddi rəqiblər idi. Həmin "Gənclərbirliyi" çətin komanda idi. Sumqayıt təmsilçisi maraqlı oyun göstərirdi.

- Adətən mətbuata orijinal açıqlamalarınızla diqqət çəkirdiz. Jurnalistlər üçün darıxmamısız?
- Hər şey normaldı. 2008-ci ilin yayında Çempionlar Liqasının təsnifat mərhələsində "Partizan"la Bakıda oyunu yada salmaq olar. Həmin jurnalistlərin matçdan sonra mətbuat konfransına ünvanıma xoşagəlməz plakatlarla gəlməyi ümumiyyətlə, uşaqlıq idi. Bununla özlərinə mühakimə etdilər. Öz işlərini normal görən jurnalistlərlə isə indiyə kimi ünsiyyət qururam. Hətta bəzilərinin mobil telefonları məndə var.

- Baş məşqçi işləyəndə daha çox həyəcan keçirirdiz. Bu isə sizin kimi yaşlı insanın səhhətinə ziyan idi. İndi belə demək olar ki, kənarda qaldığınız bu 3 ildə sağlamlığınızda problemlər yaranmır, sakitsiniz, özünüzü daha yaxşı hiss edirsiz...
- Sözsüz ki, komandaya rəhbərlik edəndə oyundan əvvəl, oyunda, həm də oyundan sonra əsəbiləşirsən. Ancaq indi yalnız oyunda əsəbiləşirəm. Bax, fərq bundadı. Matç zamanı isə rəqibdən asılı olmayaraq istənilən halda əsəbiləşirsən. Üstəlik, "İnter" oynayanda bunu daha çox edirsən. Çünki səninlə eyni klubun üzvləri çıxış edir və deməli, mənim bir hissəmdi. Uşaq komandalarımız oynayanda həyəcan daim olur.

- Baş məşqçi olanda sizi özünəməxsus papaqda görməyə vərdiş etmişdik. Bu, sizin imiciniz idi, yoxsa papağı sizə düşərli olduğuna görə başınıza qoyurduz?
- Birincisi, ev oyunlarını keçirdiyimiz "Şəfa" stadionunda ehtiyat oyunçular skamyası narahat yerdə qurulub. Çünki o, günəşlə üzbəüz yerləşir. Bu zaman üzünə işıq düşdüyündən orada papaqsız durmaq mümkün deyil. Hətta yayda başıma yüngül kepka qoymaq lazım gəlirdi ki, günəş şüasının qarşısını alsın. Bax, papağın sirri budu. Bilirsiniz, hər adamın bir inancı var.

- Azərbaycanlı həmkarınız Əsgər Abdulalyev oyunlar zamanı eyni gödəkçədə olurdu...
- (gülür) Yadımdadı. Onun əynində narıncı rəngdə gödəkçə olurdu. Baş məşqçilərdə belə şeylərin düşər-düşməzliyinə inanclar olur. Eləsi var ki, Aleksandr Starkov kimi daim ağ köynəkdə, qalstukda olur.

- Hər halda, sizə papaq düşərli oldu. Ən azı ona görə ki, çempion oldunuz...
- Ola bilər. Bunu siz daha yaxşı bilərsiz. Axı, statistikanı aparan sizlərsiz. Siz yazırdınız ki, neçə oyun keçirmişəm, neçə qələbəm var. Mən mətbuatdan öyrənirdim ki, komandam neçə gün məğlubiyyətsiz irəliləyirdi.

- Maraqlıdı, indi statistikanızı hesablayırsız?
- Yox. Mənim nə statistikam var? 73 yaşın işindəyəm. Bu, mənim bütün statistikamdı.

- Qocaldığınıza görə bədbinləşmirsiz?
- Birincisi, mən uşaqlarla işləyirəm. Onlar maraqlıdılar, adamın əlindən tuturlar. Mən gənc futbolçulara ehtiramla yanaşıram. Çalışıram ki, özüm də gənc olum. Bu, necə alınırsa, elə də olur.

- Yəqin ki, həmin gənclərə nəvələriniz kimi baxırsız...
- Bəli. Mənim nəvəm də futbola gedir, "İnter"də məşq edir. Ona görə də həmin körpələrin hamısı mənim üçün doğmadı.

- Nəvənizdən böyük futbolçu çıxacaq?
- (gülür) Yox. Mixail Xodukinin böyük istedadı yoxdu. Futbola ona görə gedir ki, sağlam insan olsun. Bu zaman daha döyüşkən olur. O, yeganə övladım olan qızımın uşağı, tək nəvəmdi. Qızım ötən ilin aprelində xəstəlik üzündən dünyasını dəyişdi. İndi baba-nənə yeganə nəvəmizi tərbiyə edirik.

- 7 ildi Azərbaycandasız. Böyük müddətdi, elə deyilmi?
- Bəli, yetərincə çox vaxtdı. Hətta evdə deyirlər ki, birdəfəlik Azərbaycana köçmüşəm. Bura artıq daimi yaşayış yerimdi.

- Onların sözündə həqiqət var. Çünki ilin çox hissəsini vətəninizdə - doğma Lvov şəhərində yox, burada keçirirsiz...
- Onu deyim ki, daha əvvəlki tək ilin bütün hissəsini burada olmuram. Əsas komandada işlədiyim zamanı isə bəzən ildə cəmi 10 gün məzuniyyətim olurdu. Çünki başım təlim-məşq toplanışlarına, transfer siyasətinə qarışırdı. İndi isə yayda bir aylıq vətənimə yollana bilirəm. Həmin vaxt məktəbdə dərs qurtarır. Güclü istilər düşəndə uşaqları iyulun 1-dən avqustun ortasına kimi tətilə buraxırıq.

- Azərbaycana gəlişinizi necə xatırlayırsız? Həmin vaxt sizi "İnter"in baş məşqçisi olan həmyerliniz Anatoli Konkov dəvət etmişdi...
- Konkov 2005-ci ildə "Simurq"un baş məşqçisi olan Anatoli Pıskovetsin tövsiyəsi ilə məni "İnter"ə dəvət etdi. İndi Konkovla əlaqəm yoxdu. Sadəcə, bunu etməyə fürsət düşmür. Pro lisenziyamın təsdiqlənməyi üçün vətənimə getdiyim zaman bir sıra ukraynalı məşqçilər, o cümlədən Konkovla görüşdüm.

- Azərbaycana gəlib, bu qədər uzun müddət qaldığınıza görə taleyinizə minnətdarsız?
- Sözsüz. Mənim Azərbaycana çoxlu bağlılığım var. Bura həm həyat yoldaşımın vətənindi, həm də futbol fəaliyyətimin yaxşı dönəmi. İstənilən halda, nəvaxtsa buradan gedəcəm. Mən hər dəfə yaya kimi yaşayıram və bundan sonra qarşıma qoyulan vəzifəyə uyğun olaraq planlar qururam. Azərbaycan ikinci vətənimdi.

- Bilirik ki, həyat yoldaşınız Xaçmazdandı, qayınatanız orada hərbçi kimi çalışıb. Ancaq bunadək ölkəmizdə az olmusuz...
- Bəli. Həyat yoldaşım burada anadan olub. Mən futbol oynamağı bitirdiyim zaman Azərbaycanda olmuşam. Biz 1967-ci ildə Sumqayıtda kubok qazanmışdıq. Final oyunumuzu Tofiq Bəhramov idarə edirdi.

- Xaçmazda tez-tez olursuz?
- Ara-sıra oluram. Orada mənim yaxşı tələbim var - Zöhrab Mahmudov. Onunla Lvovda institutda oxuduğu zaman tanış olmuşam. İndi Zöhrab "İnter"in Xaçmazdakı uşaq futbol məktəbində çalışır.

- Yəqin ki, Azərbaycandan dəvət aldığınız zamanı ilk olaraq buna həyat yoldaşınız sevindi...
- Bəs necə? Mən həmin vaxt "Krivbass"da işləyirdim. Mənə zəng olanda həyat yoldaşıma dedim ki, mənə sənin vətənindən təklif var. Sözümü bitirməyə macal tapmamış cavab verdi ki, daha nə fikirləşirsən, getdik. Prinsipcə, o, qərarı məndən tez qəbul etdi. Onun burada qohumları var və Ukraynaya getmək istəmir.

- Demək olar ki, artıq Azərbaycan dilində başa düşürsüz?
- Klubun məşqçilər şurasında azərbaycanlı həmkarımla rusca danışsam da, onların dediklərini başa düşürəm. Çoxları deyirlər ki, bax, Xodukin Azərbaycan dilində deyilənləri ayırd edir. Ancaq mənə bu yaşda dil öyrənmək çətindi.

- Həyat yoldaşınız əslən Azərbaycandan olduğundan mətbəxi yaxşı bilməlidi.
- (gülür) Sözsüz ki, yaxşı bilir və yaxşı bacarır. Mən onun bişirdiklərini ləzzətlə yeyirəm. Qoyun ətini çox xoşlayıram. Bu ətlə hazırlanan hər şeyi sevirəm - kabab, xaş öz yerində.

- Ölkəmizdə sizi ən çox təəccübləndirən nədi?
- Əvvəllər işdən Heydər Əliyev prospekti ilə evə gəldiyim zaman oradan dəniz görünürdü. Ancaq indi görünmür, əla hündürmərtəbəli binalar dayanır. Bakıda tikinti işləri necə gedirsə, bu, sadəcə, möhtəşəmdi. Bu 7 ildə paytaxtınızı tanımaq mümkün deyil. Şəhərin tanınmaz dərəcədə gözəlləşməyi məni sevindirir.

- Bəs azərbaycanlıları necə xarakterizə edərdiz?
- Ağıllı, istiqanlı, çılğındırlar, inanclara önəm verirlər. Burada çox toylarda olmuşam. Hətta oynamışam da. Burada şadlıq sarayına girən kimi toya pul salmaq üçün qutunu görürsən. Birinin üstündə oğlan, digərində qız yazılıb. Ancaq bizdə fərqlidi. Ukraynada bəylə gəlinə müxtəlif hədiyyələr, zərflər verilir.

- Azərbaycan ölkə çempionu olan, titul qazanan ilk əcnəbi mütəxəssissiz. Təbii ki, bununla fəxr etməlisiz...
- (gülür) Mən kuboka sahib çıxa bilmədim. 4 dəfə finalda oldum, ancaq heç birində qazana bilmədim. Azərbaycandakı karyeram pis alınmadı. Burada işləyən əcnəbi məşqçilər arasında bugünə kimi ən uğurlu mənəm. Bir dəfə 1-ci, bir dəfə 2-ci olmuşam, 4 dəfə kubokun finalında iştirak etmişəm.

- Çempionluğunuz möcüzəvi oldu. Çünki son turadək 1-ci yerdə olan "Olimpik"ə qızıl medal qazanmaq üçün "Qarabağ"la oyunda 1 xal da bəs idi. Ancaq keçmiş futbolçunuz Zaur Həşimov son 10 dəqiqədə uzaq məsafədən vurduğu gözəl qələbə topu ilə "İnter"ə çempionluq şansı verdi və siz də bundan istifadə etdiniz...
- Çempionluğumuzda Zaur, həmin vaxt onunla bərabər "Qarabağ"da oynayan keçmiş "İnter"lilər - Fərhad Vəliyev, Ayxan Abbasov, Elşən Məmmədovun böyük rolu oldu. Onlara meydana çıxıb, döyüşdülər. Nəyə görə bunu edirdilər? Hər halda, onlar üçün uzun illər "Şəfa" doğma meydança olub və əzmkar oyunları ilə "İnter"ı çempion etdilər.

- Ancaq onlar bunu etməyə də bilərdilər. Çünki sizin dövrünüzdə "İnter"dən kənarlaşdırılmışdılar...
- Bəli. Mən "İnter"də işə başlayanda onlarla əvvəl 7-ci, sonra 4-cü oldum. Biz 4-cü olandan sonra komandada yenidənqurma işləri başladı və həmin futbolçularla yollarımızı ayırası olduq. "İnter" yeniləşəndən sonra ilk mövsümündəcə çempion oldu.

- Maraqlıdı, çempion olandan Zaura zəng edib, minnətdarlıq etdiniz?
- Hədiyyə vermədim. Ancaq maraqlıdı ki, mənimlə "İnter"də birgə yol keçənlərin hamısı ilə indiyə kimi yaxşı münasibətim var. Elə Elmar Baxşıyev, Emin İmaməliyevlə də zəngləşirəm, görüşürəm. Mənimlə "İnter"də çempion olan Elvin Məmmədov, Cavid Hüseynovla rastlaşanda qucaqlaşıb görüşürük.

- Sizdən sonra bir sıra əcnəbi mütəxəssislər titul qazandı. Buna necə yanaşdız? Hər hansı qısqanclıq olmadı?
- Yox. Mən buna çox sakit baxıram. İstənilən halda, futbolda daimi heç nə olmur. Axı, digər komandalar da çalışırlar, orada da işləyən insanlar var. Onların da ağlı var, komandadakı bütün futbolçular uğur qazanmaq üçün səylə çalışırlar. Ona görə də kimsə mütləq güclü olacaq. Hətta bu çempionatda hələ heç nə aydın deyil. "Qarabağ" liderdən böyük xal fərqi ilə geridə olmağına baxmayaraq, rahatca çempion ola bilər.

- Azərbaycan futbolunun gələcəyini necə görürsüz?
- Sözsüz ki, heç bir əmək nəticəsiz qalmır. Çəkdiyin zəhmətin mütləq bəhrəsini görəcəksən. Azərbaycanda uşaq-gənclər futbolunun səviyyəsi qalxır və bu, ustalara da gəlib çatacaq. Gərək tənəzzül dövrünü də yaşayasan. Hamı bir-birinə dəstək olanda tez inkişaf olacaq. Ona görə gülün çiçək açmağını gözləmək lazımdı. Uşaq futbolunda düzgün inkişaf istiqaməti götürülüb. Mən Azərbaycanda futbolun inkişafı ilə bağlı ölkə prezidentinin imzaladığı, 2005-2015-ci illəri əhatə edən dövlət proqramını geniş öyrənirəm. Mənə "İnter"də bu iş tapşırılıb. Həmin proqramda əsas istiqamət uşaq futbolunun inkişafıdı. Nə vaxt həmin proqramın müddəalarını tam yerinə yetirəcəyik, futbolun inkişafı üçün meydançalar, ən əsası, savadlı mütəxəssislərlə təmin edəcəyik, onda istəyimizə nail olacağıq.
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.