Rəylər
- 22.03.2012 / 0 şərh / 2115 -dəfə baxılıb
- “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun müsahibəsi
- “Bakı”ya məğlubiyyətdən sonra komandanı toparlaya bilmisiniz?
- İşlər qaydasında gedir. Düzdür, ilk oyunda uduzmaq xoş deyil. Amma futbolda bütün hallarda qalib gəlmək olmur.
- Təyinatınız zamanı azarkeşlərlə ümumi dil tapa biləcəyinizi vurğuladınız. Amma ilk oyundan sonra istefa şüarları arenanı bürüdü...
- “Xəzər Lənkəran” həmişə yüksək iddiası olan bir komandadır. Düşünürəm ki, məğlubiyyət azarkeşlərə pis təsir edir. Açığı istefaya çağırılacağımı gözləmirdim, amma gözlənilməz hadisələr də olur.
- Bir neçə gün öncə “Neftçi” ilə matç barədə düşünmədiyinizi dediniz. Artıq məhz bu barədə fikirləşməyin məqamıdır. Rəqib barədə nə deyə bilərsiniz?
- Məqsəd bütün oyunlarda qalib gəlməkdir. O cümlədən də “Neftçi”ni də üstələməyə çalışacağıq. Rəqib barədə başqa heç nə deyə bilmərəm.
- 15 il formasını geyindiyiniz komanda ilə oyun sizin üçün prinsipial, yoxsa xoş qarşılaşma baxımından önəmlidir?
- “Neftçi” ilə oyun adi bir çempionat qarşılaşmasıdır. Fərqləndirmək istəməzdim. Çünki ilk altılıqda qərarlaşan komandaların hər biri yüksək yerlər uğrunda yarışır. Odur ki, qarşılaşmalar arasında fərq qoymaq olmaz.
- Doğma meydançada oynaması “Neftçi”nin sizinlə oyunda üstünlüyüdür. Daha hansı cəhətlərə görə rəqib sizi qabaqlayır?
- Açığı, mən rəqib haqqında çox danışmaq istəmirəm. Sadəcə olaraq, deyə bilərəm ki, martın 24-də iki eyni güclü komanda üz-üzə gələcək. Kimin qalib, kimin məğlub olacağını isə 90 dəqiqənin sonunda biləcəyik. Çətin olsa da, qalib gəlib, azarkeşlərimizə “Bakı”ya məğlubiyyəti unutdurmağa çalışacağıq.
- Bu oyundan sonra futbolçuları tam tanıya bildiniz?
- Qismən. Hələ ki, hamısını tanıya bilməmişəm. “Neftçi” ilə qarşılaşmada digərlərinə də şans verəcəyəm.
- Belə demək olar ki, siz hələ sınaq dövrünü keçirirsiniz?
- Açığını desəm, belədir!