Rəylər
- 28.03.2012 / 0 şərh / 2106 -dəfə baxılıb
- Mövsümün birinci bölümündəki istəkli və əzmkar "Sumqayıt"dan əsər-əlamət qalmayıb, futbolçular meydana məğlub olmaq üçün çıxır.
Almaniyalı çalışdırıcı hər tur öncəsi qələbədən söz salır, söz isə elə ağzında qalır. Texniki zonada baş məşqçinin əyləşməsini ancaq oyunun protokoluna baxanda dəqiqləşdirmək olar. Batan gəminin kapitanı bədbindi.
Samir Abbasovu dinləyək: "Sumqayıt" uçuruma gedir. Bu gedişlə Premyer Liqa ilə vidalaşacağıq. Şansımız 50 faizdi.
Ancaq bu oyunla o da inandırıcı görünmür. Heyətimizin demək olar hamısı millinin oyunçularıdı. Nəticə isə ortadadı. Bu da millinin oyunçuları! İstəyirsən ki, bir qədər dincələsən, ancaq gənclərdən daha çox qaçmalı olursan. Bu cür istəksiz olduqları halda, onları milliyə niyə dəvət edirlər? Hamıya uduzan futbolçuların yığmada nə işi var? Sabah millinin heyətində Avropa miqyaslı oyunlarda nə edəcəklər? Bax, bunu fikirləşmək lazımdı.
Mən heç, karyeramı qurtarıram. Bəs bunlar? Sonra düşürsüz yaşlıların üstünə. Bu cavanların tənbəlliyindən yazmaq lazımdı. Bunlardan yaxşı heç nə gözləmirəm. Heyf ki, indi heyəti dəyişməyə icazə verilmir. Belə imkan olsaydı, 3-4 nəfərdən başqa hamısını göndərərdim geri. Hər şərait yaradılıb onlara. Görmədiklərini görürlər burda. Kamran Quliyev neyləsin, nə deyirlər, edir. "Sumqayıt"a gələn cavanlar şadlıqlarına təpik atırlar. Komanda birinci dəstəyə düşsün, görəcəksiz, hamısı qalacaq havada. Heç bir klub onları almayacaq. Uzaqbaşı, ora-bura icarəyə veriləcəklər.
Oynamaq istəmirlər də, mən təkbaşına nə edim? "Sumqayıt"a təcrübəli futbolçular lazımdı. Bir-iki nəfərlə heç nə alınmır. Hansı uşağa deyim ki, belə oynama, belə oyna? Raab getməklə heç nə düzəlməyəcək. Futbolçuları dəyişdirmək lazımdı. "Turan" da keçdi bizi. Yeddi turda çətindi vəziyyəti dəyişmək. Nə olacağını mən bilmirəm. Sumqayıtda utanıram evdən bayıra çıxmağa. Dostlar zəng edir, bilmirəm neyləyim. Bizim futbolçuların üzünə tüpürsən də, yenə azdı. Nə gedir, Sumqayıtın adından gedir. Belə şəhərə, belə komandaya elə oynamaq yaraşmır".