Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
03.04.2012 / 1 şərh / 2811 -dəfə baxılıb

"Xəzər Lənkəran"da məşqçi işləmək istəyərəm" (Müsahibə)

Emin Quliyev futbolçu kimi qazandıqlarından gileylənə bilməz. Hər halda, ən güclü klublarımız olan "Neftçi" və "Xəzər Lənkəran"da oynayıb, hər ikisində "qızıl dubl" edib. Universal futbolçu kimi həm müdafiənin müxtəlif mövqelərində, həm də yarımmüdafiədə oynaya bilib.

Milli komandamızın da liderlərindən sayılan Eminin son 3 ildə karyerası enişə doğru getdi. Elitada qalmağa çalışan "Karvan"la "Simurq"un hər birində mövsümün 2-ci yarısında çıxış edən Quliyev cari mövsümdə ümumiyyətlə, kənarda qalıb. Emin 35 yaşını qeyd etmək ərəfəsində ürəyini "Sport-Ekspress"ə boşaltdı.

- Hazırda futbolun içində deyiləm, ancaq maraqlanıram. Məşqçiliyə başlamağa hazırlaşıram, artıq sənədlərimi AFFA-ya vermişəm. B kateqoriyasından başlayacam. İmtahanlar aprelin 9-dan başlayır. Oxuyaq, görək nə olur. Əlbəttə, futbol üçün darıxıram, kənarda qaldığım üçün ürəyim partlayır.

- Futboldan kənarda qaldığın müddətdə həyat tərzin neçə keçir?
- Adi insanlarda olduğu kimi. Yenə özüm üçün fərdi məşq edirəm. Ancaq bu, hazırlaşıb, oynamaq üçün deyil. Bir ildi oynamıram. Sonuncu klubum "Simurq" oldu. Orada həm zədə problemim yarandı, həm də komandanın qarşısına vəzifə olmadığından mövsümün sonunda qalası olmadıq. Düzdü, qış fasiləsində təcrübəli futbolçuları yığsalar da, komandaya baxmırdılar. Nəticədə 6 aydan sonra getdim.

- Bu 1 ilə yaxım müddətdə heç bir təklif olmayıb?
- Əsgər Abdullayevin baş məşqçisi olduğu "Turan"la danışmışdım. Gedib 1 həftə orda qaldım, məşq etdim. Sonra dedilər ki, ay yaşlıdı, nəsə söz-söhbət... Hər yerdə ara qarışdıran var da. Nəticədə Bakıya qayıtdım.

- Aprelin 12-də 35 yaşını qeyd edəcəksən. Doğrudanmı, Azərbaycan çempionatı üçün bu yaş çoxdu?
- Əlbəttə, yox. Çempionatımızda 38-40 yaşa kimi oynamaq olar. Necə ki, dost-tanışlarım oynayır. Yəqin qismət belə imiş.

- Vaxtında "bərkgedən" futbolçu olmusan. Kölgədə qalacağını təsəvvür edirdin?
- Niyə belə olduğunun səbəbini də bilmirəm. Mənə heç kim heç nə deməyib. Maraqlanmışam, öyrənə də bilməmişəm. Niyə mən də 38-40 yaşa kimi oynamayardım? Bu dəqiqə 2 ay məşq eləsəm, hamısından da yaxşı oynaram. Sadəcə, bunu istəmirəm. Çünki məni həvəsdən saldılar. Həvəsdən düşdüyümdən yaşıl meydana qayıtmaq istəmirəm.

- Əsas nədə həvəsdən düşdün?
- 2009-cu ildə "Xəzər Lənkəran"da baş məşqçi İqor Ponomaryovla "qırılandan" sonra. Bundan sonra karyeramda sona kimi "qara zolaq" oldu. 1 ilə yaxın oynamadım, transfer vərəqəmi ala bilmədim.

- Halbuki Ponomaryovla milli komandada da bir yerdə işləmişdin. Onun vaxtında debüt etmişdin...
- Elədi. Ancaq sən demə, Ponomaryov üzümə gülə-gülə, məni qucaqlaya-qucaqlaya "torbamı tikirmiş".

- Niyə onun planlarına daxil deyildin ki?
- Yəqin ki, kapitan kimi sözüm keçirdi, komandada hörmətim olduğuna görə. Gedəndən sonra qulağıma söz çatdı ki, Ponomaryovun "qara siyahı"sında olmuşam. Əvvəl Alim Qurbanovla Füzuli Məmmədov, II dövrə başlayandan az sonra isə məni çıxardı. Xasiyyətimi bilirsən, düzgünlük olmayanda hər şeyə danışırdım. Sonda buna görə kənarda qaldım.

- Ponomaryovu həmin mövsüm bitəndən sonra çıxartdılar. Bəs səni niyə komandaya qaytarmadılar?
- Nə bilim? Nəsə alınmadı. Ponomaryov nə dedi, nə elədi - xəbərim olmadı. Öyrənmək istədim, bunu edə bilmədim. Halbuki 1-2 söz-söhbət vardı. Ancaq mənim adım onda ömrü boyu ola bilməzdi. Kim ki o söhbətləri atmışdı, Allah-təala onları cəzalandırdı.

- Bu, oyun satmaqla bağlı idi?
- Hə, qulağıma çatırdı. Neçə ildi futboldayam, bir nəfər gəlib deyə bilməz ki, Emin Quliyev oyun satıb. Başım yuxarıdı, ömrü boyu da belə olacaq. Sadəcə, o mənə təsir elədi ki, adımı heç nədən hallandırdılar. Mən necə oyun sata bilərdim ki, əmək haqqım, mükafatım yüksək idi. Oyun satan pula ehtiyacı olanlardı.

- Əvvəl futbol həyatında gündəmdə idin, jurnalistlər sənə yaxın düşə bilmirdilər. Ancaq indi demək olar, heç kimin yadına düşmədiyindən darıxmalısan...
- Bilirsən, əsas nəyə yanıram? Neçə ildi oynadığım futbolda nəsə ad qazanmışdım, hamısı boşuna getdi. Birgə oynadığım futbolçuların hamısı işləyir. Mənə təsir edir, qayıdıb, işləmək istəyirəm. Futboldan başqa sənətim yoxdu axı.

- Yaxşı qazanan futbolçulardan olmusan. Çoxları elə fikirləşir ki, maddi ehtiyacın yoxdu.
- Bu, yalan söhbətdi. İş işdi, həmişə olmalıdı. Dəxli yoxdu, pula ehtiyacın oldu, olmadı. Düzdü, o vaxt qazanmışıq. Allah Mübariz və Mais Mənsimovların canını sağ eləsin. O vaxt komandaya yaxşı baxırdılar. Söhbət ondan getmir ki, mənim nəyimsə var. Futbola qayıtmaq istəyirəm. Ticarətə həvəs yoxdu, başqa sahədə bacarığımı yoxlamağa da dəyməz. Məndə həmişə futbola həvəs olub.

- 2-3 il kənarda qalmısan. Deməli, kisədən gedir?
- (gülür) Artıq gedib. Kisədə pul yoxdu.

- Yaxşı qazandığın dövrdə dostların çox olub. İndi onlar səninlə görüşür, heç olmasa, əlaqə saxlayır?
- Düzdü, çox dostlarım olub. Onlar arasında indi məni xatırlayanlar var. Ancaq əksəri pul dostlarım olub. Yaxşı dostlarım var, ancaq tanımadıqlarım da olub. Dost-tanışım çox olduğum halda indi kənarda qalıb, heç kimə lazım olmamağım məni təəssüfləndirir.

- Təklif gözləyirsən?
- Əlbəttə. İnşallah, yaxşı olar. Baxırsan ki, hamı işləyir, Allah hamısının ruzisini versin. Mən bunu xainlikcə demirəm, ancaq görürsən, elələri işləyir ki...

- Bəlkə problem xarakterində olub?
- Bu haqda çox fikirləşmişəm. Özüm-özümə götür-qoy eləmişəm ki, kaş belə olmazdı, heç bir sözün qarşılığını verməzdim, heç kim sözünə qarışmazdım. Elə olsaydım, indi millidə də oynayardım, yaxşı klubda da.

- Emosiyalarını cilovlaya bilməmək özündən asılı deyildi?
- Bundan söhbət getmir. Ponomaryovdan götürək. Deyir ki, komanda yaranandan orada olan, əziyyət çəkən Alimlə Füzulini çıxardıram. Çempionatın da qurtarmağına 2 ay var. Onların ailələri, uşaqları, ehtiyacları var, klubdan çörəkpulu qazanırlar. Onları saxlayıb, oynatmazdın, çempionat qurtarandan sonra çıxardardın. Bu, mənə təsir edirdi. Demişdim ki, düz eləmirsiniz. Həm də belə söhbət çıxarmışdı ki, bunlar qruplaşma yaradır, Ağasəlim Mircavadovun futbolçularıdı. Halbuki, Mircavadov komandaya dönəndə, bizi heç qaytarmadı. Yalan söz-söhbətlər gəzirdi. Guya Ponomaryov qorxurdu ki, onun komandada "torbasını tikərlər", Mircavadovu gətirərlər. Ponomaryov da yavaş-yavaş bizləri çıxarırdı. İki gündən bir məni otağına çağırıb deyirdi ki, biz eyni gəmidə sona kimi irəli gedəcəyik. Sonra bildim ki...

- Səni komandadan konkret nə üstündə çıxardı?
- MOİK-lə Lənkəranda oynayırdıq, hesab bərabər idi, rəqib bizi "sürüyürdü". 3 sarı vərəqəm olduğuna görə məni əsas heyətə qoymamışdı. Məni növbəti turda "Standard"la ev oyununa qoruyurdu. 10 dəqiqə qalmış meydana buraxdı, mübarizədə sarı vərəqə aldım. Nəticədə cəzalı duruma düşdüm, ancaq bunu bilərəkdən etməmişdim. Paltardəyişmə otağına gedəndə hirslənərək divara yumruq vururam, söyüş söyürəm. Bunları hirsimi soyutmaq üçün edirəm. Ponomaryov da arxadan gəlirmiş, arxamdan belimə vuraraq "sakitləş" dedi.

- Həmin anda hirsli olduğundan ona artıq bir söz dedin?
- Ponomaryova heç nə deməyərək, paltardəyişmə otağına getdim. Bakıya gəlib, 2 gün dincəldikdən sonra Lənkərana qayıtmağa hazırlaşırdıq. Oteldə mənə yaxınlaşıb dedi ki, rəhbərlik səni komandadan azad eləyib. Səbəbini hələ də bilmirəm, rəhbərliklə aydınlaşdıra bilmədim. O, elə vəziyyət yaratmışdı ki, rəhbərlik məndən üz çevirdi. Ortalıqda heç nə yox idi. Heç kim sübut edə bilməz ki, mən oyun satmışam. Bunu edə bilsə, qulağının ikisini də kəsməyən kişi deyil. Mənə yaxınlaşıb, ittiham eləsə, 2 kəlmə ilə cavabını verərəm. "Xəzər Lənkəran"də yaxşı komandamız, rəhbərliyə böyük hörmətim olub. Onlar da mənim xətrimi çox istəyiblər. Nəsə anlaşılmazlıq olub. Hər yerdə pis adamlar olur.

- Orada hazırda baş məşqçi yaxşı tanıdığın, rəhbərliyin altında oynadığın Yunis Hüseynovdu. "Xəzər Lənkəran"da çiyin-çiyinə oynadığın Zaur Ramazanov da orada köməkçidi. Bəlkə sən də qayıdasan?
- Ola bilsin. Qismət Allahdandı. Əlbəttə, idmançıya harada rahatdı, orada da işləyir. Mən də "Xəzər Lənkəran"da məşqçi işləmək istəyərəm. Lənkəranlı azarkeşlər mənə əzizdi, arada mənə zəng edirlər.

- "Neftçi"də də oynamısan, "Xəzər Lənkəran"da da. Hansında çıxışını daha üstün tutursan?
- "Neftçi"də "Xəzər Lənkəran"la müqayisədə az oynamışam. Düzdü, "Neftçi"də də çempion olmuşam, "qızıl dubl" etmişəm. Ancaq "Xəzər Lənkəran"da yaddaqalan günlərim çox olub.

- Ümumiyyətlə, 2005-ci ildə çempion olan "Neftçi"dən "Xəzər Lənkəran"a keçməyiniz böyük söz-söhbətə səbəb oldu. Bunu maddi amillərə görə etdiniz, yoxsa?
- Xaricdə də elədi: idmançıya yaxşı təklif gələndə, ora gedir. Burada da elə oldu. Düzdü, "Neftçi"də də qala bilərdim, məni saxlamaq istəyirdilər, orada da yaxşı günlərim olub. Bu, Allahın qismətidi.

- Uzun müddət "Neftçi" - "Xəzər Lənkəran" derbisində iştirak etmisən. İndi kənardan izləyəndə sənə necə təsir edir?
- Derbidən kənarda qaldığıma görə ürəyim partlayır. Bizim vaxtımızda həyəcan çox idi. Onda Lənkərana gələn istənilən komandaya yolda deyirdilər ki, uduzmağa gəlirlər. "Xəzər Lənkəran" evdə çox az uduzub.

- "Böyük oyun" kimi tanınan derbinin tarixinə ilk qolu vuran futbolçu kimi düşmüsən. Hansı komandada oynamaq daha rahat idi?
- İkisi də yaddaqalan olub. Onda yerli oyunçular, legionerlər yaxşı olduğuna görə derbi daha maraqlı idi. O vaxt komandada birlik vardı. Bu zaman qələbəni daha rahat əldə eləmək olur.

- Karyeranda qırmızı vərəqələrin çox olub ki, bu da sənə problem yaradıb. Bəlkə komandalardakılar fikirləşir ki, Emin Quliyevi gətirəcəyik, yenə qırmızı vərəqə alıb, bizi çətin vəziyyətdə qoyacaq...
- Mən problemi onda saymıram. İndi də hər 2 oyundan bir "qırmızı" alanlar oynayırlar. Bu da xarakterimdən irəli gəlirdi. Mən uduzmağı bacarmırdım, sevmirdim, bir az aqressiv idim. Düzdü, belə də eləmək olmaz. İndi fikirləşirəm ki, kaş elə olmazdım. Hər şey qismətlə bağlıdı.

- Həcc ziyarətinə getmisən. Bundan sonra xarakterində dəyişiklik oldumu? İndi yaşıl meydana qayıtsan, yenə səndə həmin aqressivlik olacaqmı?
- Daha elə şey olmaz. Çünki mənə dərs oldu.

- Hansı qırmızı vərəqəni indiyə kimi özünə bağışlaya bilmirsən?
- Çempionlar Liqasında Zaqreb "Dinamo"su ilə Bakıdakı oyundakını. Bu, indiyədək mənə təsir edir. Ondan sonra UEFA mənə 5 oyunluq cəza verdi.

- Onda kapitanlıq səndən alınıb, Zaur Ramazanova verildi, sonradan yenidən sənə qaytarıldı. Həmin "qırmızı"dan sonra "Xəzər Lənkəran"ın rəhbərliyinin sənə münasibəti dəyişdimi?
- Yox. Bundan sonra da yaxşı idi. Bilirəm ki, kapitan nümunəvi olmalı idi. Ancaq bir kapitan kimi liderliyi özümdə hiss edirdim.

- Hesab etmirsən ki, hakimlər də meydanda səndən çəkinirdi?
- Sadəcə, hakimə sözümü deyə bilirdim. Ancaq kapitan kimi daha təmkinli olmalı idim.

- Hazırkı çempionat, milli komanda haqda təəssüratların necədi?
- AFFA, klub rəhbərləri futbolun inkişafı üçün böyük işlər görür. İstəyirəm ki, ölkəmizə yaxşı, sanballı legionerlər gəlsin. Onlar bizim oyunçularla eyni səviyyədədisə, elə özümüzünkünü oynadaq. Bu, gələcəkdə milliyə də kömək olar. Elə legioner gətirin ki, bizimkindən 3-4 qat güclü olsun. Milliyə gəlincə, əsasən gənc futbolçuları yığıblar. Onlara uğurlar arzulamaq istəyirəm. Növbəti seçmə mərhələdə qrupumuza yaxşı rəqiblər düşüb.

- Millidən də gedişin gözlənilməz oldu...
- Onu buraxıram Allahın ixtiyarına. Bir Allah bilir ki, nə olmuşdu.

- Baş məşqçi Berti Foqtsla da problemin olmuşdu? Nəsə xoşagəlməz hadisə baş vermişdi?
- Yox. Nəsə olub, kimsə nəsə deyib. Bunu bilmirəm.

- Hələ Fuad Musayevin dövründə milli komandamızın əsasını təşkil etmiş sizin nəsil futbolçular tez "söndülər", karyeralarını bitirdilər. Bunun səbəbini nədə görürsən?
- Yəqin ki, ağlımızdan yüz faiz istifadə etməmişik. Mən özümdən götürürəm, başqalarını deyə bilmərəm. Gərək ağıllı hərəkət edərdim, gələcəyi fikirləşərdim.

- Səndən yaxşı məşqçi çıxar?
- İnşallah, özümdə bu xüsusiyyəti görürəm.

- Ən uğurlu oyunun və böyük mükafatın hansı olub?
- Ən uğurlu oyunlar "Xəzər Lənkəran"la "Birlik kuboku"nun qazandığımız vaxt olub. Mənsimovların sayəsində həm onda, həm də çempion olanda, kuboku qazananda yaxşı mükafatlar almışıq.

- "Neftçi" ilə "Pünik"ə qalib gəldiyiniz zamanı da yaxşı mükafat almısınız...
- Onda da yaxşı mükafat verildi. Əlbəttə, "Pünik"lə matç da yaddaqalan oyunlardan biridi. Həmin oyundan 1 gün öncə yata bilmirdim, gözümə yuxu getmirdi. Oyundan sonra oteldə dava oldu, aləm qarışmışdı, mən də iştirak etdim.

- Bəs uğursuz oyun və və ən böyük cərimən hansı olub?
- 2007-ci ildə Lənkəranda "Neftçi"yə 0:1 hesabı ilə uduzduq. Hakimlə mübahisə etdim, məni ağır cəzalandırmışdılar. Hakimlərlə yaxşı münasibətdəyəm. Hər şey meydanda qalırdı. Düzdü, meydanda da problemim olmurdu. Ancaq bir də görürdün ki, beynim çöndü. Ən uğursuz oyun "Dinamo" ilə matçdır. Elə oyunda, elə həvəsdə oynadığım zaman çətin vəziyyətə düşdüm. Nəticədə neçə oyun oynamadım. Halbuki beynəlxalq səviyyədə, avrokuboklara yaxşı oyunlarım çox olub, qollar da vurmuşam. "Neftçi" ilk dəfə Çempionlar Liqasında "Şiroki Briyeq"lə matçda vurduğum qolla mərhələ adladı. Yaxşı günlər idi, boş vaxtımız olmurdu ki... Bütün günü səfərdə idik. O günlər üçün ürəyim partlayır. Buna görə futbola qayıtmağı üçün çox istəyirəm.

 
Müəllif: Azerifootball.com     Mənbə: "Sport Ekspress" qəzeti

Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

  • Men bir Zagatalali azarkesh kimi Emine sualim var nece yani Simurg iddiali deyildi oynamadim? Pul alirsan oyna da bu yashda kime lazimsan Guliyev? Ele bil 19 -20 yashin var Barselona xeyallarin var.Indi galmisan bela ay bedbext!!!

    расим гейдаров (расим гейдаров) / 04.04.2012 01:23 /

  • Şərh qoymaq üçün siz qeydiyyatı keçməlisiniz,
    və yaxud daxil olmalısınız

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.