Rəylər
- 03.04.2012 / 0 şərh / 1908 -dəfə baxılıb
- "Qəbələ"nin hücumçusu Yannik Kamananın müsahibəsi
- "Bakı" ilə oyunda qol vursan da, qələbə hesabını qoruya bilmədiniz...
- Belə oyunda bir qol deyil, gərək çox top vurasan ki, qələbəni təmin edəsən. Biz də qol vurandan sonra müdafiəyə çəkilib hesabı qorumaq isəyirdik. Əks-hücumlarda rəqib qapısında istənilən kimi təhlükə yarada bilmədik. Çünki rəqib müdafiəçiləri vaxtında zonaları bağlayırdı. Bir-iki epizodda qola yaxın olsaq da vura bilmədik. İkinci hissədə o qədər də yaxşı oynamadıq. Müdafiədən hücuma vaxtında və sürətlə çıxa bilmirdik. Belədə hücumçu kimi mənə də böyük yük düşürdü. İstər-istəməz arxaya çəkilib, top alıb özüm nəsə etməyə çalışırdım. "Bakı" həm yaxşı müdafiə olunurdu, həm də hücumda fəal idi. Çox çətin oyun alındı. Hesabı qoruya bilməyib, məğlub olmağımızə kədərlənirəm.
- Qarşılaşmanın axırınadək meydanda qalmadın. Əvəzlənməyin nə ilə bağlı idi?
- Zədəm imkan vermirdi. Oyunun gedişində də ağrılar hiss edirdim. Qalıb oyunu davam etdirsəydim, bunun komandaya köməyi deyil, zərəri olardı. Fatih Kavlak da artıq məndə heç nə aldınmadığını görüb, dəyişdi.
- "Qəbələ"yə gələndən sonra qollarını sıralayırsan. Sorğuda mart ayının ən yaxşı futbolçusu seçilmisən. Bunu gözləyirdin?
- Məni mükafat deyil, "Qəbələ"nin uğur qazanması maraqlandırır. Ən yaxşı seçilmək komanda uğuru deyil. "Qəbələ"nin mükafatçılar sırasında yer alması və avrokuboklara vəsiqə qazanması mənə verilən mükafatdan qat-qat artıqdı. Ona görə də mən "Qəbələ"nin uğur qazanmasını fərdi mükafatdan üstün tuturam. Həmin mükafat ona görə verilir ki, futbolçular ruhdan düşməsin və daha fəal olsun. Xüsusilə də bu, hücumçulara aiddi.
- "Qəbələ" çempionatın final mərhələsinə yaxşı start verdi. "Qarabağ"la səfərdə heç-heçə edib, "Neftçi" və "İnter"i udduz. "Bakı"ya bu məğlubiyyətdən sonra avrokuboklara vəsiqə qazanmaq şansınız azaldı.
- Düz deyirsiz, "Bakı"ya uduzmaq bizi medallardan bir qədər də ayırdı. Amma hələ heç nə itirilməyib. Hər oyuna final kimi baxmalıyıq. İtirilən hər bir xal belə, mövsümün sonunda əleyhimizə işləyə bilər. Onun üçün də işimizi ehtiyatlı tutmalı, növbəti turlarda xal itkisinə yol verməməliyik. Yenə təkrar edirəm, itirilən hər bir xal qızıla bərabərdi. Altı turda maksimum xal qazansaq, mövsümü iki və ya üçüncü pillədə başa vura bilərik. Avrokuboklara vəsiqəni təmin etmək istəyiriksə, ancaq qələbə qazanmalıyıq. Kubokda çıxışımızı yarımçıq dayandırmışıq. Bu da bir yandan bizi çətinə saldı. «Qarabağ»ın mərhələ adlaması komandamıza pis təsir elədi.
- Rəqibləri necə fərqləndirərdin?
- "Altılıq"dakı komandaları fərqləndirməyim artıqdı. Heç birinin zəif olmadığını iddia edə bilərəm. Hamısı bir-birini uda bilər. Kimisə tərifləyib, kimisə pisləməzdim.
- Superliqada "Sivasspor" və "Mersin İdman Yurdu"nda forma geyinmisən. "Qəbələ"yə keçidin geriyə addımi demək deyil ki?
- Azərbaycan çempionatı ilə Türkiyəni müqayisə etməyin. Ən azından, müqayisə düzgün çıxmır. Hərəsinin öz çətinliyi və özəlliyi var. Sözsüz ki, Seperliqada qarşılaşmalar daha maraqlı keçir. Azarkeşlərə isə söz ola bilməz. Hər tur stadionlar dolur. Azərbaycan çempionatında oynamaq elə də asan deyil. Ola bilsin ki, kənardan gəlmələr bir qədər seçilsin. Bu, o demək deyil ki, bizə hər şey asandı. "Sivasspor"da üzə çıxsam da, "Mersin"də özümü göstərməyə imkanım olmadı. Baş məşqçi şans vermədi. Yenə ehtiyatda qalacağımı görüb, "Qəbələ"dən gələn təklifi qəbul etdim. Bura gəlməyimə də peşman deyiləm. Azərbaycanda legioner həyatı yaşamağımı geriyə atılmış addım hesab etmirəm. "Qəbələ"nin dəvəti perspektiv baxımından cəlbedici gəldi mənə.
- Sirr deyilsə, transferin neçəyə başa gəldi?
- Bu, klubun daxili işidi. Aramızda olanları açıqlaya bilmərəm. Yaxşısı odu ki, "Qəbələ"yə keçidimin maddi şərtlərini klub rəhbərliyindən soruşasız. Biz artıq bu barədə danışmasaq, yaxşı olar.
- Başqa hansı klubdan sənə təklif gəlmişdi?
- "Sivasspor"da oynayanda təkliflər vardı. "Mersin"ə keçəndən sonra oynamadım. Oynamayanda da gözə dəymirsən, kölgədə qalırsan. Ondan sonra dəvətlər azaldı. "Qəbələ"dən gələn təklifi qəbul edəndə artıq oynayacağımı güman etmişdim. Nə qədər də olmasa, hazır formada idim. Ondan artıq ehtiyatda otura bilməzdim.
- Ölkəmizdə adaptasiya keçməyin uzun sürmədi. Hər halda qollarının davamı gəldi. Bunun üçün sənə daha çox köməyi kimlər göstərdi?
- Düzü, komanda yoldaşlarım mənə dəstək oldu. Türkiyədə olarkən, hər gün məşq edirdim ki, formamı itirməyim. Məşqlə oyunu bir etmək olmaz. Oyun təcrübəsi yığmağım lazım idi. Komandaya uyğunlaşmağım elə də uzun çəkmədi. Müqavilə müddətim az deyil. Aşağısı, daha bir-iki il Azərbaycanda qalardım. Bunun üçün hər qarşılaşmada özümü göstərməli olduğumu bilirəm.