Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
06.04.2012 / 0 şərh / 2287 -dəfə baxılıb

Hamı bir-birinə fırıldaqçı gözü ilə baxır (Yazı)

Futbol hər yerdə eynidi. Çərşənbə axşamı Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında "Barselona"ya uduzan "Milan" da, ötən bazar premyer-liqamızın XXVI turunda "Xəzər Lənkəran"a yenilən "İnter" də hakimin penalti qərarından şikayətçidi. Fərq ondadı ki, italiyalılar baş hakimin səhv etdiyini, bizimkilər isə qərəzli olduğunu düşünür.

Hərçənd nəticə etibarı ilə söhbət referinin oyunun nəticəsinə birbaşa təsir edən "quş"undan gedir. Sadəcə, yanaşma fərqlidi. Əcnəbilər ədalət təmsilçisinin qitənin ən nüfuzlu turnirində "Barselona"nın yarımfinala adlamasına bilərəkdən kömək etdiyini düşünmürlər. Lakin bizdə elə görüntü yaranıb ki, sanki premyer-liqanın bütün matçlarının taleyini sifariş yerinə yetirən hakimlər həll edir.

Doğrudanmı, vəziyyət bu qədər acınacaqlıdı? Məgər futbolçular, məşqçilər korpusu müqəvva-zaddı ki, kim necə istəyir, elə də davranır?

Qalib güclü olandı

Şəxsən mən ölkə çempionatında və kubokda qalib adının öncədən müəyyənləşdirildiyinə inanmıram. Fikrimcə, 2007/08, 2008/09 və 2009/10 mövsümlərində milli çempionatımızda qızıl medalların sahibinin sonuncu turda müəyyənləşməsi buna bariz sübutdu.

Bu gün hakimlərdən şikayətçi düşən "İnter" tarixində 2 dəfə çempion olub və hər 2 halda sürpriz şəkildə. Xatırlayırsıza, 2009/10 mövsümünün sonuncu turunda "Bakı" səfərdə "Xəzər Lənkəran"la oynayırdı. Vəziyyət elə gətirmişdi ki, bir neçə gün sonra bu komandalar ölkə kubokunun finalında da qarşılaşacaqdılar. Ona görə də əlinə qələm alan yazırdı ki, "Xəzər Lənkəran"la "Bakı" danışığa gedəcək. Guya cənublular kuboku "zolaqlılar"a verəcək, bunun müqabilində paytaxt klubu sonuncu turda səfərdə "ağ-yaşıllar"a müqavimət göstərməyəcək. Bəs, axırda necə oldu? "Bakı" həm "Xəzər Lənkəran"ı ölkə çempionatında, həm də kubokda məğlub edib, titul qazanmasına imkan vermədi. Halbuki 2 klubun danışığa getməsi üçün bundan əlverişli şərait ola bilməzdi.

Əsas məsələ problemin köküdü

Ölkə çempionatında və kubokda qalib adının öncədən müəyyənləşdirildiyinə inanmasam da, daxili yarışlarda hakimlərin açıq-aşkar sifariş yerinə yetirdiyinə dəfələrlə şahidlik etmişəm. Lakin necə deyərlər, tutulmamısansa, oğru deyilsən. Odu ki, əldə sübut olmadan qətiyyətlə hansısa hakimin sifariş yerinə yetirdiyini iddia etmək, yazmaq olmur.

Bəli, matçlarda sifariş yerinə yetirib, qəzəbə tuş gələn hakimlərdi. Lakin bütün günah yalnız onlardadımı? Əlbəttə, yox. Xaosun, inamsız mühitin formalaşmasında hər kəsin günahı var. Əgər bu gün ölkəmizdə hakim səhvi ilə qərəzli idarəçilik eyni tutulursa, buna görə AFFA, PFL, Hakimlər Komitəsi, klublar, həmçinin mətbuat da məsuliyyət daşıyır.

Bu gün "Xəzər Lənkəran" - "İnter" matçının baş hakimi Elçin Məmmədovun və ya onun qərarlarından şikayətçi düşən "bankirlər"in mübahisəsində kimin haqlı, kiminsə haqsız olması yönündə uzun-uzadı danışmaq istəmirəm. Bəli, şəxsi fikrim belədi ki, həmin qarşılaşmada referinin "Xəzər Lənkəran"a simpatiyası hiss olunurdu. Lakin əsas məsələ problemin köküdü. Bu gün "İnter" şikayətçidisə, sabah "İnter", birisi gün "Neftçi", "Bakı", "Qəbələ" hakimlərdən narazılığını dilə gətirəcək. Onda belə çıxır ki, bütün klublar hakimlərə rüşvət verir?

İdeal "günah keçisi"

Fikrimcə, hakimlərin az qala hər oyundan sonra qeyri-obyektivlikdə suçlanmalarının başlıca səbəbi klub rəsmilərinin, məşqçilərin, həmçinin futbolçuların bu yolla özlərini sığortalaması ilə bağlıdı. Axı, hər yenilgidən sonra klub prezidentinə, azarkeşlərə izahat vermək, başqan və fanatların qarşısında bəraət qazanmaq lazımdı. Belədə hər şeyi hakimin üstünə atmaqdan asan nə ola bilər? Məhz bu səbəbdən də demək olar ki, bütün yenilən tərəflər yeri gəldi-gəlmədi ədalət təmsilçilərini yıxıb-sürüyürlər. Çox nadir hallarda "zəif oynadıq deyə uduzduq" deyənə rast gəlmək olar. Çünki heç kim hakim kimi ideal "günah keçisi" ola-ola başını dərdə soxmaq istəmir.

Səhvsiz insan yoxdu. Hakimlər də öz işlərində xətaya yol verə bilərlər. Lakin əksər hallarda onlar da rüşvətxor həmkarlarının güdazına gedirlər. Hər halda, səhv edən hakimin qərəzli olmadığını sübut etməsi asan məsələ deyil. Əksər hallarda oyundan sonra videogörüntülər üzərində hansısa mübahisəli epizodu 10 dəfə irəli-geri çəkməklə ədalət təmsilçisinin səhv və ya düz qərar qəbul etdiyini müəyyənləşdirməyə çalışırlar. Amma nədənsə, çox az adam dərk edir ki, hakim həmin epizodda ani bir məqamda qərar çıxarmaq məcburiyyətindədi və təbii ki, bu qərar səhv də ola bilər. Lakin hakim sadəcə, səhv edibsə, ona "qərəzli" damğası vurmaq qətiyyən düzgün deyil.

Ləkəli ürəyi qorumaq çətindi

Təbii ki, hakimlərin hamısının aydan arı, sudan duru olduqlarını düşünmürəm. Ədalət təmsilçilərimizin bəzən "killer" obrazında meydana çıxdığını anlamamaq üçün sadəcə, ağıldan kəm və kor olmaq lazımdı. O qədər belə şoular izləmişik ki, saymaqla qurtarmaz.

Məsələn, götürək Elçin Məmmədovun "Xəzər Lənkəran" - "İnter" matçındakı səhvlərindən videoçarx hazırlayan paytaxt klubunu. Yəqin ki, "bankirlər"in prezidenti Georgi Nikolov ötən mövsüm, VII turda "Muğan"la ev oyununda necə qələbə qazandıqlarını xatırlayır (1:0). Yaddaşınızı təzələmək üçün deyim ki, qarşılaşmanın ovaxtdan qələmi qırılan baş hakimi Elnur Muradov hamının gözü qabağında rəsmən "bankirlər"ə qələbə hədiyyə etdi. Gənc referi "İnter"in qapısına penalti verməli oluğu halda, bunu etmədi. Əvəzində "Muğan"ı heç nədən 11 metrlik cərimə zərbəsi ilə cəzalandırdı. Bu azmış kimi oyunun sonlarında futbolçular arasında baş vermiş davaya görə "İnter"in 3, "Muğan"ın isə 1 oyunçusuna "qırmızı" verməli olduğu halda, qətiyyətsizlik göstərdi.

Bu cür misalları "Neftçi", "Bakı", "Xəzər Lənkəran" və başqa klublar barəsində də çəkə bilərəm. Hakimlər əksər iddialı komandaların həm lehinə, həm də əleyhinə qərarlar çıxarıblar. Ölkəmizdə elə bir hakim yoxdu ki, onu nəvaxtsa qeyri-obyektivlikdə ittiham etməsinlər. Çünki klubların əksəriyyəti hakimlərlə işlədiyindən hamı bir-birinə fırıldaqçı gözü ilə baxır. Hətta hakimlərin qruplara ayrıldığını deyənlər də var. Məsələn, Məmmədov Əli "İnter"ə işləyir, Məmmədov Vəli "Bakı"ya. Bax, buna görə də heç kimə inam qalmayıb.

Təəssüf ki, AFFA indiyəcən yalnız bir nəfərin - Babək Quliyevin fitini ömürlük əlindən alıb. Digərləri isə cəzalarını çəkəndən sonra iş başına qayıdıblar. Halbuki, rüşvət götürən əli, sifariş alan qulağı birdəfəlik kəsməyincə, bu söz-söhbətlər həmişə davam edəcək. Necə deyərlər, ləkəli ürəyi qorumaq çətindi. Hakimlərimizin arasında isə çirkaba bulaşanlar yetərincədi.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.