Rəylər
- 06.04.2012 / 0 şərh / 2070 -dəfə baxılıb
- Azərbaycan premyer-liqasına yüksəlməyə 2 namizəddən biri məlum olub. I divizionda XXIV turun oyunlarından sonra "Qaradağ Lökbatan" minimum pley-offda oynayacağını rəsmiləşdirib.
21 oyundan 59 xal toplayan Adil Mahmudovun yetirmələri ən pis halda 2-ci yeri təmin edib. Belə ki, onları nəzəri cəhətdən yalnız "Karvan" keçə bilər. Lakin 5 oyunu qalan paytaxt təmsilçisi 1 qələbə qazanacağı halda ilk pilləni də rəsmiləşdirəcək.
Əvvəlki mövsümlərdə premyer-liqada son 2 yeri tutan komandalar avtomatik I diviziona düşür, orada ilk 2 pillənin sahibi isə onları əvəzləyirdi. Ancaq ötən il reqlamentdə edilən dəyişikliyə görə, 11-ci yeri tutan klub yerini qorumaq imkan qazanır ki, bu da I dəstədə 2-ci yerin sahibi ilə pley-off oyunlarının keçirilməyi ilə bağlıdı. Kubok prinsiplərinə əsasən keçiriləcək həmin 2 matçın nəticəsinə əsasən, qalib növbəti mövsümdə güclülər dəstəsində oynamaq hüququ qazanır.
Premyer-liqanı birbaşa tərk edəcək və onu əvəzləyəcək komandanın kimliyi ilə bağlı vəziyyət demək olar ki, aydındı. Əgər möcüzə baş verməsə, "Sumqayıt" öz yerini "Qaradağ Lökbatan"a təhvil verəcək.
"Abşeron" dağıldığı üçün elitada çıxış etmək imkanı əldə edən "Sumqayıt" cari çempionatda bərbad qrafik cızır. İlk xalını IV turda evdə "Qarabağ"la qolsuz bərabərə qalmaqla qazanan "Sumqayıt" qələbə sevinci yaşamaq üçün XI turadək dözməli oldu. Və nəhayət, debütant öz meydanında AZAL-ı 2:1 hesabı ilə məğlub etdi. Sumqayıtlılar növbəti tur səfərdə "Qarabağ"ı analoji hesabla məğlub etməklə hamını təəccübləndirdilər. XVI turda isə evdə "Kəpəz"ə 4:1 hesabı ilə qalib gələn "Sumqayıt" turnir cədvəlinin son pilləsini "Turan"a təhvil verdi və XXIV turadək yoluna 11-ci pillədə davam etdi. "Kəpəz"i 4:1 hesabı ilə məğlub etməklə "zirzəmi"dən qurtulan "Sumqayıt" elə XXIV turda "Kəpəz"ə uduzmaqla da yenidən sonuncu pilləyə yuvarlandı. Maraqlıdı ki, Gəncədə baş tutan dueldə də 4:1 hesabı qeydə alındı.
Hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Sumqayıt" hamıdan az - 19 top vurub, qapısında isə hamıdan çox - 45 qol görüb. Debütant cari çempionatda keçirdiyi 26 görüşdən 18-də məğlub olub ki, bu da ən pis göstəricidi.
"Gənclik şəhəri"ni təmsil edən kollektivin I divizion yolçusu olmasının əsas səbəbi heç də komandanın hazırda sonuncu pillədə qərarlaşması deyil. Hər halda, debütant 11-ci sıradakı "Turan"dan cəmi 3 xal geri qalır. Lakin iş ondadı ki, Bernard Raabın rəhbərlik etdiyi kollektiv premyer-liqda qalmaq üçün can yandırmır. Futbolçular açıq-aşkar işlərinə biganə yanaşırlar ki, bu da təəccüb doğurur. Komandanın hazırkı durumunun ürəkaçan olmaması onun I diviziona yuvarlanacağını söyləməyə əsas verir.
"Sumqayıt" premyer-liqada ön çox yenilgi üzü gördüyü halda "Qaradağ Lökbatan" I divizionda vahid liderdi və məğlubiyyətsiz irəliləyir. Lökbatanlıların ən yaxın izləyicilərini 16 xal qabaqlaması onların növbəti mövsümdə premyer-liqada mübarizə aparacaqlarına şübhə yeri qoymur. Elitada 11-ci, I divizionda 2-ci yeri kimin tutacağı isə hələlik sual altındadı. Əslində, ötən turadək aşağı dəstə təmsilçisi ilə "Turan"ın pley-offda üz-üzə gələcəyi proqnozlaşdırılırdı. Lakin "Simurq"un evdə AZAL-a uduzması (1:2) mənzərəni dəyişdi. İndi zaqatalalılar tovuzluları cəmi 5 xal qabaqlayırlar. İrəlidə isə hələ 6 tur var.
Təqvimə nəzər saldıqda "Simurq"un "Turan"la səfər oyununun qaldığını görürük. Əsgər Abdullayevin komandası evdə zaqatalalılara qalib gələcəyi halda aradakı fərq 2 xala enəcək. Üstəlik, "Turan" şəxsi görüşlərin balansında rəqibini qabaqlayacaq (1:0, 1:2, 1:1). Bu isə o deməkdi ki, "Simurq" daha bir heç-heçə etsə və xallar bərabərləşsə, tovuzlular turnir cədvəlində Georgi Çixradzenin komandasını geridə qoyacaqlar.
Açığı, "Turan" və "Simurq"dan hansının mövsümü 11-ci yerdə başa vurmasından asılı olmayaraq, bu kollektivlərin pley-offda I divizion təmsilçisinə uduzacağı inandırıcı görünmür. Hər halda, aşağı dəstədə 2-ci yerə əsas namizədlər - "Karvan" və "Neftçala" güc baxımından "Turan" və "Simurq"dan zəifdilər.
I divizionda hansı komandanın elitaya yüksəlmək uğrunda pley-off matçlarında qüvvəsini sınayacağına gəlincə, burada favorit "Karvan"dı. Düzdü, hazırda hər iki kollektivin hesabında 43 xal var. Lakin Yevlax klubunun "Neftçala"dan 2 oyun az keçirdiyini göz önünə almaq lazımdı. Üstəlik, təqvimə diqqət yetirdikdə neftçalalıları qarşıda "Karvan" və "Qaradağ Lökbatan"la səfər oyunlarının gözlədiyini görürük. Bu isə o deməkdi ki, böyük ehtimalla pley-offda yarışmaq şərəfinə yevlaxlılar nail olacaqlar.