Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
10.04.2012 / 0 şərh / 2321 -dəfə baxılıb

"Azərbaycandan yaxşı təklif gəlsə, niyə də gəlməyim?" (Müsahibə)

Milli komandamızın sabiq yarımmüdafiəçisi Vyaçeslav Lıçkinin müsahibəsi

- Slava, salam, Bakıdandır. Necəsən?
- Sağ olun, yaxşıyam. Doğma şəhərimdən gələn zəng məni şad etdi.

- Çoxdandı səs-sorağın gəlmir. Hazırda nə işlə məşğulsan?
- Azərbaycandan gedəndən sonra Sankt-Peterburqda yaşayıram. Futbol həyatım bu şəhərdə davam edir. Uşaq məşqçisi kimi çalışıram. Hazırda eyni zamanda 2 məktəbdə işləyirəm. Bu 2 işi birləşdirərək, uşaqlarla çalışıram. Bu, Sankt-Peterburqun "Neva" klubu və "Zenit" futbol məktəbidi. Sonunculara hollandiyalı mütəxəssis Henk van Stee rəhbərlik edir. O, "Zenit"in akademiyasının direktorudu.

- Maraqlıdı, "Zenit" variantı necə yarandı?
- İnsanlar gəlmişdi, mənimlə maraqlanırdılar. "Neva"da necə işlədiyimə baxıb, bəyənmişdilər. Mənə yaxınlaşıb, "Zenit"də işləməyi təklif etdilər. Mən də onlara cavab verdim ki, "Neva"dan getmək istəmirəm. Əgər sizi sərf edəcəksə, paralel olaraq 2 yerdə işləyərəm. Onlar da buna razılaşaraq, mənə güzəştə getdilər. Henk məni yanına çağırdı, danışdıq və məsələni razılaşdırdıq. Qərara gəldik ki, eyni zamanda "Zenit"də işləyəcəyəm.

- Azərbaycan üçün böyük şərəfdi ki, uzun illər milli komandasının üzvü olmuş keçmiş futbolçusu indi "Zenit"də işləyir...
- (gülür) Bu, mənim üçün də qürurvericidi. Əslində, burada bir neçə azərbaycanlı uşaq məşğul olur. Onlar 9-10 yaşlı uşaqlardı. Hər şey onların necə, hansı istəklə işləyəcəyindən, bizim onlarla necə işləyəcəyimizdən asılı olacaq. Təbii ki, həmin uşaqlar Sankt-Peterburqda yaşayan azərbaycanlı ailələrin övladlarıdı.

- Həmin uşaqların sayı çoxdu?
- Mənim komandamda 2 nəfərdir. Biri Emil Əsədov, digəri Anar Hüseynovdu.

- Hamımız istərdik ki, həmin uşaqlar gələcəkdə "Zenit"in əsas komandasında oynasınlar. Bu perspektivə necə baxırsan?
- Əlbəttə, mən də bunu istəyirəm və bunun üçün çalışıram. Axı, digər variant ola bilməz. Bura gələn bütün uşaqlar qarşılarına vəzifə və məqsəd qoyur ki, gələcəkdə məhz "Zenit"də oynasınlar.

- Futbolçu karyeranı bitirməyi necə qərara aldın?
- Bu, 3 il öncə oldu. Həmin vaxt qızım dünyaya gəldi və "Simurq"da oynadığım zaman karyeramı bitirdim. Ondan sonra bura gəldim. Sankt-Peterburqda evim var. Əvvəllər də burada yaşamışam, oynamışam. Artıq çoxdandı bu şəhərdə məskunlaşmışam.

- Yəqin ki, Rusiyada qərarlaşandan sonra Azərbaycana qayıtmağı düşünmürsən...
- Niyə ki? Azərbaycandan yaxşı təklif gəlsə, niyə də gəlməyim? Bu zaman qayıtmağı düşünərəm. Sadəcə, indi nəsə demək tezdi. Ancaq əlbəttə, hər şey dəyişə bilər. Burada çox variantlar var. Məsələn, "Zenit"in əvəzedici komandasında işləmək variantım var. Buna görə də hələ heç nə ehtimal etmək istəmirəm.

- Lıçkindən yaxşı məşqçi çıxar?
- Ümid edirəm ki, məndən artıq yaxşı məşqçi çıxıb. Çünki Allaha şükür, hamı işimdən razıdı. Təkliflər getdikcə çoxalır. Ancaq əlbəttə, əsas komandalarda məşqçi işləmək istərdim. Sadəcə, hələ buna imkanım yoxdu. Çünki hazırda buna lazım olan A kateqoriyalı məşqçi lisenziyam yoxdu. Mən bilirəm ki, əsas komandada çalışmaq üçün bu lisenziya mütləq lazımdı.

- Bunu nə vaxt almağı düşünürsən?
- Tələsmirəm. Çünki qarşıma hələ belə vəzifə qoymuram. Nə vaxt ki, məşqçilik karyeramı əsas komandada davam etdirməklə bağlı söhbət olacaq, onda A lisenziyası almaq haqda düşünəcəyəm.

- Gələcəkdə məşqçilikdə qarşına hansı məqsəd qoymusan?
- Uşaq məşqçisi kimi hələlik qarşımda duran vəzifə 1-2 uşağı yetişdirməkdi ki, onlar gələcəkdə ustalardan ibarət yaxşı komandalara düşsünlər. Vacib deyil ki, bu, "Zenit" olsun.

- Futbolçu və məşqçi həyatını müqayisə edəndə hansı fərqləri görürsən?
- Bilirsiniz, düzünü deyəcəyəm, hələ bilmirəm. Mən oynadığım vaxtda və məşqçi işlədiyim dövrdə qarşımda bir məqsəd var - yalnız qalib gəlmək. Bu vəzifəni oynadığım vaxtda da qarşıma qoymuşdum, indi məşqçi işləyəndə də bunu işlədiyim uşaqların qarşısına qoyuram. Mənim üçün heç-heçə, yaxud məğlubiyyət anlayışı yoxdu. Bəli, əlbəttə, futbolda bunlar var, biz uduzuruq, heç-heçə edirik. Ancaq istənilən halda, vəzifəm onların qələbə istəyini, özünəinamını yaratmaqdı ki, hər matçda yox, hər oyun epizodda qələbəyə köklənsinlər. Onlar hər topu rəqibdən almağa çalışsınlar.

- Azərbaycanda əlaqələrin necədi? Futbolumuzda başverənləri, çempionatımızı internetdən izləməyə imkanın olur?
- Açıq deyirəm ki, indi 2 klubda işi cəmləşdirdiyimdən sadəcə, işlərim çoxdu və boş vaxtım az olur. Mən səhər tezdən gedirəm, axşam gec saatlarında qayıdıram. Çünki məşqlərim çox olduğundan iş qrafikim sıxdı. Son 3-4 ayda ümumiyyətlə, heç nəyi izləmirəm. Dmitri Kramarenko zəng edir, onunla ünsiyyət qururam. Emin Ağayevlə əlaqə saxlayıram. Az hallarda İqor Getmanla əlaqəm olur. Belə götürəndə yaxın olduqlarımdan futbolçu karyerasını davam etdirənlər az qalıb.

- Bəs milli komandamızı izləyə bilmisən? Rusiya yığması millimizlə növbəti seçmə mərhələdə bir qrupa düşdüyündən bu oyunlar sənin üçün də maraqlı olmalıdı...
- Əlbəttə. Mən bu oyunları səbirsizliklə gözləyirəm. Hesab edirəm ki, maraqlı matçlar olacaq.

- Ümumiyyətlə, hazırda Rusiyada, Sankt-Peterburqda Azərbaycan futbolu, milli komandası haqda nə düşünürlər?
- Hər adam fərqli cür düşünür. Ancaq hamı belə nəticə çıxardıb ki, indi Azərbaycan çempionatı prinsipcə, artırıb. Təbii ki, buna görə ruslar milli komandamıza, Azərbaycan klublarına birmənalı olaraq ehtiyatla yanaşırlar. Ona görə də demək ki, hamı yığmamızı asanlıqla keçəcəyini düşünmür, heç kim heç vaxt belə fikirləşmir. Əksinə, hamı buna köklənib ki, Rusiya yığmasının Azərbaycan millisi ilə oyunları çətin olacaq. Hər kəsin danışdığı bu söhbətlərdi.

- Təbii ki, milliyətcə rus olsan, hazırda bu ölkədə yaşasan da, bu oyunlarda uzun illər şərəfini qoruduğun yığmamıza azarkeş edəcəksən...
- Əlbəttə, həmişə özümüzünkülərə azarkeşlik edirəm. Çünki Azərbaycanda anadan olmuşam. Vacib deyil ki, vətən yaşadığım yer olsun. Aydın məsələdi ki, hazırda qərarlaşdığın yer də sənin vətənindir. Ancaq vətən ilk növbədə doğulduğun, böyüdüyün məkandı.

- Sirr deyilsə, indi Rusiyanın, yoxsa Azərbaycanın vətəndaşısan?
- Hazırda Rusiyanın vətəndaşıyam. Ancaq mən yığmada oynadığım zamanı Azərbaycan vətəndaşlığını daşıyan yaşıl pasportum vardı. Onun vaxtı artıq bitib.

- Akrobat qardaşların hardadı? Ümumiyyətlə, ailəndən hazırda Azərbaycanda, Bakıda yaşayan varmı?
- Qardaşlarım da mənim kimi Bakıdan Rusiyaya köçüb. Onlar valideynlərimizlə birgə Stavropolda yaşayırlar. Prinsipcə, ailəmizdən Bakıda heç kim qalmayıb. Yalnız uzaq qohumlardı.

- Qardaşların hələ də akrobatika ilə məşğul olur?
- Onlar da karyeralarını bitiriblər. İndi mənim kimi öz sahələrində məşqçi işləyirlər. Biri Stavropol institutunda dərs deyir. İndi Azərbaycandan kənarda yaşasaq da, bu ölkə həmişəlik bizim vətənimiz olaraq qalacaq. Oradakıların hamısına salamlarımı, xoş arzularımı çatdırın.
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.