Rəylər
- 19.05.2012 / 0 şərh / 26749 -dəfə baxılıb
- "Qəbələ" cari mövsümü Toni Adamsla başlayıb, Fatih Kavlakla bitirdi. Bugünlərdə isə məlum oldu ki, türkiyəli çalışdırıcı daha 1 il ərzində əyalət təmsilçisinə rəhbərlik edəcək. Amma onun vaxtından tez postundan ayrılacağı da istisna deyil. Hər halda, Kavlak ingiltərəli həmkarının aqibətini yaşamaqdan sığortalanmayıb. Lakin təbii ki, hər şey əldə olunacaq nəticələrdən asılıdı. Fatih bəy ümidləri doğruldsa, qarşısında yeni üfüqlər açılacaq.
"Qəbələ" rəhbərliyi Kavlakla yola davam etməyə qərar verməklə həm gənc çalışdırıcıya böyük etimad göstərdi, həm də risk etdi. Hər halda, bu işdə hər iki tərəf məsuliyyət daşıyır. Seçimin doğru olub-olmadığını zaman göstərəcək. Lakin "London "Arsenal"ının əfsanəvi kapitanı sıradan, məşqçiliyə yeni başlayan bir gənc türkdən zəifdirmi" sualına cavab tapmaqla vəziyyəti bir qədər aydınlaşdırmaq olar. Bunun üçün ilk növbədə Adamsın dönəminə boylanmaq lazımdı.
İngiltərəlinin gəlişi kimi gedişi də gözlənilməz oldu. "Qəbələ" rəhbərliyinin Toni Adamsın qarşısına qoyduğu vəzifələr ilk gündən bəlli idi. Ötən ilin avqustunda ölkəmizdə debüt edən ingilis mütəxəssislə 3 illik müqavilə bağlayan əyalət klubu ondan təcili nəticə tələb etmirdi. İlk mövsümdə Adamsdan Ramiz Məmmədovun nailiyyətini yaxşılaşdırmaq, yəni ən azı 5-ci yeri tutmaq tələb olunurdu. 2011/12 mövsümündə isə Adams komandasını avrokuboka çıxarmalı idi. Təəssüf ki, əfsanəvi kapitan göstərilən dəstəyə və yaradılan şəraitə rəğmən, elə debüt mövsümündə ümidləri doğrultmadı. Ramiz Məmmədovun rəhbərlik etdiyi sonuncu mövsümdə komanda 6-cı olmuşdusa, Adamsın gücü 7-ci pilləyə çatdı. Lakin rəhbərlik buna görə britaniyalı çalışdırıcıya təzyiq göstərmədi. Əksinə, ona rahat işləmək üçün yenə dəstək verildi.
Plana əsasən, Adams yay fasiləsində komandanı gücləndirməli və cari mövsümdə mükafatçılar sırasına düşməli idi. Amma Toninin gücü cari çempionatın cəmi 12 oyununda duruş gətirmək üçün kifayət etdi. Əldə olunan nəticə bərbad idi: 4 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət və qazanılan 15 xal. Adamsın işinə bir o qədər də məsuliyyətlə yanaşmaması onun istefasına gətirib çıxardı. Və beləliklə də "Qəbələ" onun gedişindən sonra köməkçisi Fatih Kavlaka tapşırıldı.
Kavlak "Qəbələ"nin baş məşqçisi postunda işini davam etdirib-etdirməyəcəyinin əldə olunacaq nəticələrdən asılı olacağını çox gözəl bilirdi. Ona görə də bütün diqqətini komandaya yönəldərək, Adamsın səhvlərini təkrarlamamaq üçün səfərbər oldu.
Artıq mövsüm başa çatıb və rəqəmlərə baxıb, türkiyəlinin işinə qiymət vermək olar. Statistika isə Kavlakın baş məşqçi postundakı fəaliyyətinin qənaətbəxş olduğunu göstərir: 20 oyun, 11 qələbə, 4 heç-heçə, 5 məğlubiyyət və əldə olunan 38 xal. Təsadüfi deyil ki, premyer-liqanın final mərhələsinin ən yaxşısı "Qəbələ" oldu. Fatih bəyin yetirmələri həlledici 10 qarşılaşmada hamıdan çox - 17 xal topladılar. Final mərhələsində çempion "Neftçi"ni həm evdə, həm də səfərdə məğlub edən (4:1 və 1:0) tək komanda olan "Qəbələ" cari çempionatı 5-ci pillədə bitirməklə tarixinin ən yaxşı nəticəsini göstərdi. 2007/08 və 2009/10 mövsümlərində çempionatda 6-cı yeri tutan əyalət klubu bu göstəricini bir qədər yaxşılaşdırdı. Amma istənilən halda, qarşısına böyük hədəflər qoyan "Qəbələ" üçün cari çempionatı uğursuz saymaq olar. Qəbələlilər Toni Adamsın dövründə itirilən xalların bədəlini ağır ödədilər - avrokuboka düşməyi bacarmadılar.
Avrokuboka vəsiqə qazanmamasına rəğmən, "Qəbələ" rəhbərliyi Kavlakın əməyini layiqincə qiymətləndirdi. Düzdü, türkiyəli məşqçiliyə yeni başlayıb, təcrübəsi olduqca azdı, beynəlxalq səviyyədən isə danışmağa dəyməz. Amma ortada əldə olunan qənaətbəxş nəticə var. Hər halda, "Qəbələ"nin final mərhələsinin ən yaxşısı olması sadə bir şey deyil. Elə məhz bu səbəbdən də klub rəhbərliyi onunla yola davam etməyə qərar verdi. Lakin indi Kavlakın qarşısında daha çətin tapşırıq durur. O, komandanı yarıyolda qoyan Adamsın edə bilmədiyini həyata keçirməlidi.
"Qəbələ" avrokuboka vəsiqə qazanmadığından növbəti mövsümə yüksək səviyyədə hazırlaşmaq üçün yetərincə vaxtı və imkanı var. Yəni, bu işin daha bəhanəsi olmayacaq. Artıq əyalət klubunun hazırlıq planı da müəyyənləşmək üzrədi. Türkiyəli çalışdırıcı bugünlərdə Avstriyada təlim-məşq toplanışı keçmək variantını nəzərdən keçirdiklərini bildirdi. Onun sözlərinə görə, səfər iyulun ortasına kimi baş tutacaq və toplanış 12-14 günlük olacaq.
Transferlərə gəlincə, mövsümün gedişində Pavel Doroşev, Lyuba Baranin və Veselko Trivunoviçlə yollarını ayıran "Qəbələ" çempionat başa çatandan sonra da bir neçə üzvünə qapını göstərdi ki, onların arasında ən diqqət çəkəni Mahir Şükürovdu. Kapitanlıq vəzifəsini lazımi səviyyədə icra edə bilməyən, intizamsızlığı ilə seçilib, premyer-liqanın cəmi 19 oyununda forma geyinən yığma üzvünün qovulacağı öncədən bəlli idi və belə də oldu. Onunla yanaşı, komandanın ən qocamanlarından olan Abdulkader Kamara da gedənlərə qoşuldu.
Yeri gəlmişkən, "Qəbələ" daha 5 futbolçu ilə yollarını ayırır. Əyalət təmsilçisi son vaxtlar millimizə cəlb olunmayan müdafiəçi Saşa Yunisoğlu ilə yarımmüdafiəçi Arif İsayev, legionerlərdən şotlandiyalı qapıçı Qrem Smit, hollandiyalı müdafiəçi Stiv Olfers və yamaykalı hücumçu Con Bartonla başa çatan anlaşmanı uzatmayacaq.
Komandanın baş məşqçisi bildirib ki, gedən futbolçularla bağlı məsələyə yaxın günlərdə tam aydınlıq gələcək. Həmçinin, komandanı gücləndirmək yönündə də yaxın vaxtlarda konkret addım atılacaq.