Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Digər
26.02.2012 / 0 şərh / 2493 -dəfə baxılıb

"Çempionluğun pulla alınmasını söyləyənlər yanılırlar" (Müsahibə)

Vidadi müəllimlə xeyli əvvəl görüşmək istəyirdim. Bir vaxtlar üzvü olduğum klubun prezidenti ilə söhbətləşmək mənim üçün çox maraqlı idi. Lakin hər dəfə buna cəhd göstərəndə ortaya bir əmma çıxırdı. Bir neçə gün əvvəl yadıma düşdü ki, fevralın 23-də "Turan" Futbol Klubunun yaranmasının 20 ili tamam olur. Məqam idi. Vidadi müəllimlə əlaqə saxladım, "Turan"ın "ad günü" görüşdük. Beləliklə, müsahibim "Turan futbol klubunun yaradıcısı və ilk prezidenti Vidadi Əhmədovdur.

- Əslində “Turan”ın yaranması bir qədər əvvələ təsadüf edir. 1991-ci ilin axırlarında komandanın adı “Məhsul” idi. Bir gün “Məhsul”un rəhbər şəxsləri yanıma gəldilər və futbolçuların hansısa yarışa getmələri üçün onlara köməklik etməmi xahiş etdilər. Razı oldum və komandanı himayəmə götürmək qərarına gəldim. O vaxt Azərbaycanda müharibə gedirdi. Bildiyiniz kimi, Tovuz da cəbhə bölgəsində yerləşir. Məqsədimiz ancaq Tovuzun ermənilər tərəfindən işğal olunmasına imkan verməmək idi. Bunun üçün yerli camaat sözün həqiqi mənasında qəhrəmanlıq göstərirdi. Belə bir ağır vaxtda camaatda əhval-ruhiyyəni yüksəltmək üçün, həm də Tovuz futbol məktəbini ağır durumdan qurtarmaq üç&¨n bir eloğlu, bir azərbaycanlı kimi bu işə razılıq verdim. 1992-ci ildə yeni yaradılan AFFA ilk milli çempionatı keçirməyə hazırlaşırdı. Müraciət etdik. Bildirdilər ki, komanda yüksək dəstədə oynaya bilməz. Lakin sonradan Tovuz futbol məktəbinin nailiyətlərini, maliyyə imkanlarını nəzərə alaraq çempionata buraxıldıq. Əvvəlcə o vaxtkı qaydalara əsasən Tovuz RİH-də, sonra isə fevralın 23-də Ədliyyə Nazirliyində ilk peşəkar futbol klubu kimi qeydiyyatdan keçdik.
“Məhsul” İdman Cəmiyyətindən şəhər stadionunu icarəyə götürmək istəyirdik. Cəmiyyətin rəhbərliyi stadionu komandaya verməkdə tərəddüd edirdi. Fikirləşirdilər ki, başqa məqsədlər üçün istifadə edəcəyik. Sonradan imkanlarımızı gördükdən sonra fikirlərində yanıldıqlarını başa düşdülər. Həmdə o vaxtkı icra başçısı Tofiq Zeynalov tapşırıq vermişdi ki, stadionun komandaya verilməsi üçün nə lazımdırsa etsinlər. Sağ olsun o vaxtkı rayon rəhbərliyi, onlarında dəstəyi sayəsində xeyli işlər görüldü. Stadionda yenidənqurma işlərinə başladıq – tribunalar, ot örtüyü yeniləndi, yeni baza tikildi. Yenidənqurma işlərini rəhbərim olduğu “Turan” KM və “İbrahim” firması yerinə yetirirdi. Bununla belə materialların alınmasına, quraşdırılmasına və s. 1 milyon dollardan artıq vəsait xərclənmişdi.
Komandanı gücləndirmək məqsədilə Tərlan Əhmədovu, Vidadi Rzayevi, Məqsəd Yaqubəliyevi və digər tanınmış futbolçuları Tovuza dəvət etdik. Çempionat başlayandan bir neçə tur sonra rəhmətlik Ruslan Abdullayev komandaya baş məşqçi təyin olundu. Zəhmətimiz hədər getmədi. “Turan” ilk iki çempionatda 3-cü oldu.

Bəs o vaxt futbolçuların komandaya cəlb olunması üçün nə qədər pul lazım idi?
– Düzü, bu futbolçunun istəyindən asılı idi. Biri Bakıda ev istəyirdi, digəri “Jiquli”, çoxu isə pul. Ümumi götürəndə yaxşı futbolçunun qazancı təxminən 40 min dollar təşkil edirdi. Qeyd edim ki, bu məbləğə həvəsləndirici mükafat, maaş və s. daxil idi. Az görünsə də, o vaxt üçün samballı pul idi. Bundan başqa rayonunun imkanlı şəxsləri də hər oyundan əvvəl komandaya qələbə qazanacaqları təqdirdə mükafat vəd edirdilər. Əminliklə deyə bilərəm ki, Tovuzda futbolçulara yaradılan şərait heç bir yerdə yox idi.

Nəhayət 3-cü cəhddən “Turan” çempion oldu. Amma Ruslan Abdullayevin yox, Kazbek Tuayevin rəhbərliyi ilə...
– 1993-94-cü il çempionatında ilk dövrədən sonra Ruslan müəllim mənə dedi ki, bu komanda artıq çempion olacaq gücdədir. Amma Ruslan müəllimin Tovuzda olması buna əngəl törədəcək. Çünki o vaxtkı AFFA-da bu insanı sevməyənlər çox idi. Hər vəchlə komandaya problemlər yaradılırdı. Qərara gəldik ki, Kazbek Tuayevi komandaya gətirək. Doğrudan da Ruslan müəllim düz deyirdi. Komandanın potensial gücü digərləri ilə müqayisədə xeyli üstün idi. Komandanın əsas heyəti Azərbaycan futbolunda iz qoymuş futbolçulardan təşkil olunmuşdu – Vidadi Rzayev, Musa və Qurban Qurbanov qardaşları, İlham Məmmədov, Nizami Sadıqov, Sakit Alıyev və s.

Amma bəziləri bu çempionluğun pulla alındığını iddia edirdilər.
– “Turan” pul gücünə çempion olmayıb. Bunu o vaxt da sübut eləmişəm, indi də sübut eləməyə hazıram. Hələ 1993-cü ildə komanda rəqib meydanında bir dənə də olsun qol buraxmamışdı. Bu rekord çətin ki indən belə kiməsə qismət olsun. İki il ardıcıl bürünc medalları qazanması, güclü heyət, bacarıqlı baş məşqçi, böyük azarkeş kütləsi olan yerdə çempion olmaq üçün rüşvətə ehtiyac yox idi. 1993-94-cü il mövsümündə birincilik uğrunda bir neçə komanda, o cümlədən “Qarabağ”, “Neftçi”, “Kəpəz”, “Xəzər” mübarizə aparırdı. Bu komandalarla keçirilən oyunlara nəzər salsaq “Turan”ın daha güclü olduğunu görərik. “Qarabağ”a ilk oyunda 1:0 hesabı ilə uduzmuşduq. Cavab görüşündə 3:1 hesabı ilə qalib gəldik. O vaxt “Kəpəz”i Gəncədə udmaq demək olar ki, mümkün deyildi. 3:1 hesabı ilə qələbə qazandıq. Bu oyuna xüsusi toxunmaq istəyirəm. Görüşdən əvvəl bizə həddən artıq təzyiqlər var idi. Komandanın udacağı təqdirdə onları nələrin gözlədiyini hamısı yaxşı bilirdi. Futbolçulara ürək-dirək verdim. Onların yanında olduğumu bildirdim. Oyunun baş hakimi Emil İsgəndərov idi. Xahiş etdim ki, nəticəyə təsir göstərə biləcək səhvlər etməsin. Sağ olsun, xırda səhvləri nəzərə almasaq görüşü çox yaxşı idarə etdi. Heç bir qərəzçiliyə yol vermədi. Gəncədən qələbə ilə dönməyi bacardıq. Oyundan sonra demək olar ki, komandanın əsas heyət üzlərindən heç biri növbəti tura hazır deyildi. Kazbek müəllim mənə dedi ki, oyunu təxirə salmaq lazımdır. Çünki uşaqlar futbol oynayası halda deyildi. Demək olar ki, hamısı döyülmüşdü. İstəsək də bu baş vermədi... Ümumi götürəndə “Turan” “Bakı fəhləsi” ilə oyunu çıxmaq şərtilə ikinci dövrədə yüzfaizli nəticə göstərmişdi. 14 oyun 14 qələbə.

“Neftçi” ilə oyun qalmaqala səbəb olmuşdu...
– Bir neçə il əvvəl qəzetlərin birinə müsahibə verəndə də demişdim. “Neftçi” ilə oyundakı qalmaqal “Turan”ın çempion olmasına kölgə sala bilməzdi. Bir daha deyirəm, çempionluğa oynayan komandarın öz aralarında keçirdikləri oyunda “Turan” aşkar favorit idi. Çempionluğun pulla alınmasını söyləyənlər yanılırlar. Belə olsaydı “Bakı fəhləsi” ilə Tovuzdakı oyunda vacib xal itirməzdik. Həmin görüş 1:1 hesabı ilə başa çatmışdı. Oyundan sonra rəqibin rəhbərliyini və futbolçuları şəxsən təbrik etmişdim. Bunu təsdiq də edə bilərlər. Guya Tovuzda hakimlərə, komandalara təzyiqlər olurdu. Əgər belə idisə, çempionluğa oynamayan “Bakı fəhləsi”ni udardıq da (“Bakı fəhləsi” 31 xalla 7-ci olmuşdu). Bundan başqa o vaxtkı hakimlərin bəzilərində “Turan”a qarşı antipatiya vardı. Biz çalışırdıq ki, onlar bizim oyuna təyinat almasınlar. AFFA-da oturanlardan bir çoxu da bizə qarşı açıq-aşkar qərəzçilik edirdilər. Bəzi oyunlarımızın nəticəsi ləğv olunurdu və ya buna çalışırdılar. Məsələn, “Kəpəz”lə Gəncədəki oyun. Guya “Kəpəz”i hakim səhvləri nəticəsində udmuşduq. Yaxşı ki, gizli çəkiliş aparılmışdı. Həmin çəkililişi AFFA-ya təqdim edəndən sonra nəticə ləğv olunmadı. Belə bir vəziyyətdə iki cəbhədə mübarizə aparmalı olurduq. “Turan” çempionluğu dişi-dırnağı ilə, əzab-əziyyətlə qazanıb. Bu uğura kiminsə kölgə salmağı haqsızlıqdır.

Bəs bu uğurun davamı niyə gəlmədi? Əsas heyət üzvlərindən çoxu komandadan getdi.
– Mənim futbolçularla söhbətim olmuşdu. Elə bir vəziyyət yaranmışdı ki, onların Tovuzda inkişaf etmələri, uğur qazanmaqları çətinləşmişdi. Belə qərara gəldik ki, əgər uğur olmayacaqsa, perspektivli futbolçuların komandada qalması məqsədəuyğun deyil. Hər halda başqa komandalarda daha çox uğur əldə edə bilərlər. Bir çoxları komandadan ayrıdılar. Əsasən yerli futbolçulara üstünlük verməyə başladıq. Hələ 1993-cü ildə Azərbaycanda ilk farm-klub olan “Turan-2”ni yaratmışdıq. Sonradan həmin komandanın bir çox üzvləri əsas heyətə cəlb olundular. Buna baxmayaraq, komandada yenə əvvəlki mübariz əhval-ruhiyyə qalmaqda idi. Növbəti çempionata var gücü ilə hazırlaşırdı. Hətta 1994-cü ildə komanda Ukraynada təlim-məşq toplantısı keçdikdən sonra ABŞ-ın Portlənd şəhərinə mini-turnirdə iştirak etməyə getmişdi. İndiyə kimi heç Azərbaycan komandası ABŞ-da təlim-məşq toplantısı keçməyib. Dördüncü çempionatda ikinci yeri tutsaq da təəssüf ki, uğurların ardı gəlmədi (1994-95-ci ildə çempion 2 xal fərqlə “Kəpəz” olmuşdu - İ.T.). Amma buna baxmayaraq Tovuzda futbola maraq zərrə qədər də azalmamışdı. “Turan”ın ev oyunları keçirildiyi gün rayona bayram əhval-ruhiyyəsi hökm sürürdü. Tribunaların boş olduğu yadıma gəlmir. Hətta səfər oyunlarına belə xeyli azarkeş gedirdi. Bir faktı da qeyd etmək istərdim – “Turan” təkcə futbol oynamırdı, həm də yerli camaata mənəvi dəstək verirdi. Müharibə şəraitində olan bir rayonda tez-tez ermənilərlə üz-üzə dayanmış əsgərlərlə görüşə gedirdi. Yadımdadır, atəşkəs sazişi bağlanmamışdan əvvəl əsgərlərlə komanda arasında yoldaşlıq oyunu da təşkil etmişdik. Müharibə camaatda futbola olan marağı azaltmamışdı.
Şəhər stadionu elə bir yerdə yerləşir ki, hər an ermənilərin atdığı “Qrad” mərmisi ora düşə bilərdi. Bir dəfə düşmüşdü də. Yaxşı ki, həmin gün orada kimsə yox idi. Buna görə bir çox komandalar Tovuza gəlməkdən çəkinirdilər. Məcbur olub ev oyunlarını Sabirabadda, Sumqayıtda və başqa şəhərlərdə keçirirdik.

“Turan” həm də ölkəmizi Avropa Kuboklarında təmsil edən ilk komanda olub.
– Çempion olduqdan sonra Cenevrədə püşkatma mərasimi keçirildi. İlk dəfə Azərbaycan komandası Avrokuboklarda iştirak edirdi. Bu əlamətdar bir hadisə idi. “Fənərbağça”ilə İstanbuldakı oyunda 5:0 hesabı ilə məğlub olduq. Cavab görüşünü Tovuzda keçirmək istəyirdik. Amma stadion hələ UEFA-nın standartlarına cavab vermirdi, yenidənqurma işləri başa çatmamışdı. Bir çox başqa çatışmazlıqlar da var idi. O vaxt Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu standartlara cavab verən yeganə idman arenası idi. İkinci dəfə məğlub olsaq da (2:0), bir ilkə imza atmağı bacardıq. Həm də bu yenicə qurulmuş dövlətimizin tanınması üçün gözəl bir fürsət idi. Təkcə Türkiyə mətbuatında Azərbaycan haqqında xeyli yazılar yazılmış, televiziya verilişləri hazırlanmışdı. Cenevrədə, İstanbulda olanda yerli mətbuat komanda, Tovuz, Azərbaycan haqqında bizdən məlumat alırdılar. Hiss olunurdu ki, Azərbaycan haqqında çox az bilgilərə malikdilər.

Bəs “Turan”dan niyə getdiniz?
– Başlıca səbəb maliyyə idi. 2002-ci ilə kimi komandada oldum. Lakin maliyyə imkanlarının azalması üzündən komandadan ayrıldım. Məndən sonra klubun prezidenti Tahir Yusibov çox işlər gördü. Ən əsas stadionda yarımçıq qalmış işlər tamamlandı. Yeri gəlmişkən, Azərbaycanda ilk üstüörtülü tribunalı stadion Tovuzda olub.

Bir qədər sonra yenidən futbola qayıtdınız. Bu dəfə AFFA-da məsləhətçi kimi. Ancaq Ramiz Mirzəyev dünyasını dəyişəndən sonra futboldan tamamilə uzaq düşdünüz. AFFA-da qalıb işləmək olmazdımı?
– Rəhmətlik Ramiz müəllim prezident seçiləndə məni AFFA-ya dəvət etmişdi. Qurumda məsləhətçi kimi fəaliyyət göstərirdim. Hələ 1996-cı ilə kimi Fuad Musayevin dövründə AFFA-nın İcraiyyə Komitəsinin üzvü olmuşam. Ramiz müəllim dünyasını dəyişəndən sonra federasiyadan heç bir təklif gəlmədi. O vaxtdan indiyə kimi faktiki olaraq futboldan uzaq düşmüşəm.

Yaxınlarda növbəti dəfə AFFA-ya prezident seçkiləri keçiriləcək...
– Məncə hər bir təşkilat güclü maliyyə imkanlarına və bacarıqlı rəhbərə malik olarsa, uğur qazana bilər. Hazırkı vəziyyətdə Rövnəq Abdullayev bu vəzifənin öhdəsindən gəlir. Rövnəq müəllimin yenidən prezident seçilməsinin daha məqsədəuyğun olduğunu düşünürəm.

Vidadi müəllim “Turan”ın hazırki vəziyyəti yəqin ki, sizi də narahat edir.
– “Turan”ın vəziyyəti döğrudan da acınacaqlıdır. Bunu turnir vəziyyətindən də görmək olar. Ümumiyyətlə, Tovuz futbol məktəbi həmişə güclü futbolçular yetişdirib, uğurlara imza atıb. Bir neçə fakt sadalamaq istərdim. 1955-ci ildə ilk respublika spartakiadasının qalibi o vaxtkı “”Spartak” olub. 2 il sonra adı dəyişdirilərək “Məhsul” olan komanda Azərbaycan Kubokuna sahib olub və ilk dəfə kubok Bakıdan əyalətə gətirilib. İlk dəfə beynəlxalq hakim Tovuzda fit çalıb. 1920-ci ildə almanlardan təşkil olunmuş “Rote Fahne” ilə yerli futbolçuların oyununu idarə etmək üçün Gürcüstandan dəvət olunub. 50-ci illərin ortalarında “Neftçi”nin heyəti ancaq bakılı və tovuzlu futbolçular təşkil edib. Gəncənin “Dinamo” komandası SSRİ çemiponatının yüksək dəstəsində çıxış edəndə heyətində 6 Tovuz futbolunun yetirməsi olub. Bu gün də y&¨ksək dəstədə oynayan komandalara baxsaq, əksəriyyətinin heyətində rayonumuzun yetirməsi çıxış edir. B&¨tün bunlar bir daha sübut edir ki, Tovuzda futbol məktəbi olub, var, gələcəkdə də olacaq. İnanıram ki, “Turan” bu vəziyyətdən çıxa biləcək və indiyə kimi keçirilən bütün çempionatlarda iştirak edən 3 komandadan biri olaraq qalacaq.
Bir məsələyə toxunmaq istərdim. “Turan”ın yaranmasından cəmi 3 gün sonra Azərbaycan tarixinə qara hərflərlə yazılmış Xocalı soyqırımı törədildi. Bundan başqa 1946-cı il fevralın 24-də Tovuzun futbol komandası Şəmkirdə yerli Hərbi Hava Qüvvələrinin komandası ilə yoldaşlıq oyunundan qayıdarkən Düyərli kəndi ərazisində dumanlı hava şəraitində qəzaya uğradılar. 16 futbolçu həlak oldu, sağ qalanlardan çoxu bir daha futbol oynaya bilmədi. Bu iki hadisə “Turan”ın yaranması ilə demək olar ki, üst-üstə düşdüyündən heç vaxt belə demək olarsa, ad günlərini təmtəraqla qeyd etməmişik.

Yenidən kluba prezident kimi dönmək istərdinizmi?
– Bunu çox istərdim. Təəssüf ki, maliyyə imkanlarım buna yol vermir.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1431
2AZAL1425
3İnter1424
4Simurq1418
5Bakı1417
6Qəbələ1413
7AZAL1413
8Rəvan1412
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

15

01.02.2020
12:00
FC Zire
Sabah
-
-
12:00
Neftçi
Sumqayıt
-
-
02.02.2020
12:00
Səbail
Qarabağ
-
-
12:00
Qəbələ
Keşlə
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.