Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Mühasibələr
16.01.2012 / 0 şərh / 3660 -dəfə baxılıb

Qurban Qurbanov ürəyini boşaltdı - GENİŞ MÜSAHİBƏ

Qurban Qurbanov - 2011-ci ildə Azərbaycanın ən güclü məşqçisi adını alan mütəxəssis. Gördüyü işlər, Azərbaycan futboluna verdiyi xeyir göz qabağındadır. Məhz onun və rəhbərlik etdiyi “Qarabağ”ın sayəsində son 3 ildə Avropada Azərbaycanı daha yaxından tanıdılar, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğuna əmin oldular. Etiraf edək ki, futbolumuzun bugünkü səviyyəsini nəzərə alsaq, Qurbanovun çox böyük işlər gördüyünü qeyd etməliyik. Baxmayaraq ki, o özü çox təvazökar, sakit, mehriban və səmimi xarakterlidir. İşlərinin həddindən artıq çox olmasına baxmayaraq, bizə məmnuniyyətlə vaxt ayırdı və geniş müsahibə verdi. Nələrdən danışmadıq? “Qarabağ”dan, yığmadan, qış istirahətindən, oğlu Musadan, bacısı oğlu Tural İsgəndərovdan, Barselona səfərindən, daha nələr-nələr...

“Futbolçu kimi istirahət etməyə daha çox vaxtın olurdu”

- Qurban müəllim, həmişə futboldan başlayırıq, gəlin girişə futboldankənar sualla başlayaq. Necə istirahət etdiniz, ümumiyyətlə, istirahət edə bildinizmi?

- Şükürlər olsun, işlərimiz qaydasında gedəndə elə bizim üçün istirahət olur. Həqiqətən də, bəzən istirahət eləmək, futboldan kənarda qalmaq lazımdır və vacibdir. Amma düzü, yaxşı stirahət üçün elə də vaxtım olmadı. Bakıda oldum, bir neçə gün də doğma rayonum olan Zaqatalada qaldım və gördüyünüz kimi, yenidən iş başındayam.

- İstirahət edə bilməməkdən ən çox “Qarabağ”ın futbolçuları narazılıq edirlər. Maraqlır, görəsən, bu komandanın baş məşqçisi Qurban Qurbanov, ümumiyyətlə, neçə ildir normal istirahət edə bilmir?

- Açığı, futbolçu kimi istirahət etməyə daha çox vaxtın olurdu, nəinki indi məşqçi kimi. Çünki məşq, oyun olmasa belə, yenə daim axtarışdasan, işdəsən. Amma digər tərəfdən nəzərə alsaq ki, bu mənim sevimli işimdir, o zaman deyərdim ki, bəzən elə işdə dincəlirəm.

- 2011-ci ili özünüz üçün necə dəyərləndirərdiniz?

- Deməzdim ki, pis oldu, amma uğurlu da keçmədi. Yəni normal. Niyə? Ən azı bu dəfə də avrokuboklarda iştirak edə bildik. Çünki qarşımıza qoyulan məqsəd bu idi. Baxmayaraq ki, 3-cü mərhələdə mübarizəni dayandırdıq, amma yenə də Avropanın tanınmış klublarından birini Bakıya gətirməyə nail olduq. Həm də qələbə qazanmaqla azarkeşlərə müəyyən ümid verdik ki, hər bir rəqibə qarşı oynamaq olar. İlin sonunda isə müəyyən problemlərimiz oldu. Həm heyət baxımından, həm də digər problemlər. Əslində, bu problemlər “Brügge” ilə ilk matçdan öncə başlamışdı. Rəşad Sadiqovla Vüqar Nadirovun zədəli olması bizi məcbur etdi ki, heyətdə, taktikada dəyişiklik edək. Eyni problemlər sonra da davam elədi. Hətta deyərdim ki, zədəlilərin sayı bu il daha çox oldu. Buna baxmayaraq yaxşı ki, son oyunlarda toparlandıq və liderlərdən o qədər də çox aralanmadıq. Zədəlilərin çox olması, həqiqətən də, məni çox narahat edirdi.

- 2012-ci illə bağlı hansı planlarınız var? 2011-ci ildə edə bilmədiyiniz hansı işlər var ki, bu il onu həyata keçirmək istəyirsiniz? Həm komanda ilə bağlı, həm də şəxsən bir məşqçi kimi özünüzlə bağlı...

- Ümumiyyətlə, rəhbərliklə həmişə bu barədə söhbətimiz olur ki, artıq klub kimi formalaşaq. İnşallah, bu il baza məsələsini aradan qaldırarıq. Çünki həm baş məşqçi kimi mənim, həm də klub rəhbərliyinin qarşısında duran ilk məsələ budur. Ən azı yeni bazamızın təməlini qoymaq istəyirik. Çünki futbolda baza mütləq şərtdir. Rəhbərliklə bu barədə artıq söhbətimiz olub və yaxın günlərdə hər şeyə aydınlıq gələcək. Bu, 2012-ci ildə qarşımıza qoyduğumuz əsas şərtdir. Komandaya gəlincə, yenə də “Qarabağ”ın adına layiq, yaxşı nəticələr üçün oynayacağıq. Baxmayaraq ki, güclü rəqiblərimiz var, bizdən də bir qədər aralıdırlar, heyətlərini gücləndirəcəklər. Bununla belə, sona qədər mübarizə aparacağıq ki, avrokuboklara vəsiqə qazanaq.

- Bunun üçün yəqin ki, heyəti də gücləndirmək lazımdır. Konkret hansı mövqeyə oyunçular dəvət edəcəksiniz, bununla bağlı işlər necə gedir?

- Belə deyək, hər mövqedə futbolçuya ehtiyacımız var. Amma bu məsələdə bir qədər kaprizliyəm. Həm də çox sayda futbolçu istəmirəm, məsələn 25-30 nəfərlik bir heyət. Eyni zamanda başa düşürük ki, artıq yerli futbolçu tapmaq da problemə çevrilib, çünki son vaxtlar digər klublar da yerli oyunçulara üstünlük verməyə başlayıblar. Ola bilsin bu gün aşağı yaş qrupundan ibarət komandalarımızda o sayda futbolçu yoxdur ki, əsas heyətə cəlb edək. Ancaq yenə də maraqlanırıq, axtarışlarımız davam edir. Ona görə də ola bilsin ən azı maya kimi bir neçə legionerin xidmətindən istifadə etdik. Növbəti mövsüm üçün isə fərqli planımız ola bilər. Bir sözlə, baxışa legioner futbolçular gələcək. Ola bilər kimsə ümidlərimizi tam doğrultsun və onunla daha uzun müddətə müqavilə bağlayaq. Ancaq əsas diqqət yenə yerli oyunçuların üzərində olacaq.

- Yerli futbolçularla bağlı problemlərdən danışdınız. Artıq bir sıra iddialı klublar məsələnin həlli məqsədi ilə öz futbol akademiyalarını açmağa qərar veriblər. Yəqin ki, “Qarabağ”ın gələcək planında bu məsələ də var...

- Mütləq olacaq və bazada futbol akademiyası üçün yer ayrılacaq. Ümumiyyətlə, baza elə olacaq ki, komanda günün böyük hissəsini bir yerdə keçirəcək.

“Özümüzü “Barselona”ya oxşatmağımız bizim oyunumuza mane ola bilər”

- Maraqlıdır ki, “Qarabağ”ı Azərbaycanın, hətta artıq Qafqazın “Barselona”sı adlandırırlar. Və o da maraqlıdır ki, “Barselona” ilə əməkdaşlığınız məhz bu söhbətlərdən sonra yaranmağa başladı. Həqiqətən də, bu cür adlandırılmağınızın bu klubla əməkdaşlıq qurmağınızda təsiri oldumu?

- Yox, mən, ümumiyyətlə, həmişə “Barselona”ya azarkeşlik etmişəm, bu klubun oyunu çox xoşuma gəlib. Eyni zamanda həmişə mənim üçün maraqlı olub ki, onların məşq prosesi necə keçir, hazırlığa hansı üslubda yanaşırlar? Müəyyən informasiyalarım olsa da, canlı görmək tamam başqa şeydir. Digər komandalar, demək olar ki, eyni üslubda oynayırlar, amma “Barselona” tamam başqa futbol oynayır. Bunu öyrənmək mənim üçün də böyük təcrübə olar. Baxmayaraq ki, orada rejim çox ciddidir, kənardan hər şəxsi klubun içinə buraxmırlar, ancaq bizdə elə alındı ki, baş tutdu.

- Kimin təşəbbüsü ilə baş tutdu?

- Elə klubun özündən oldu. Onların idman direktoru Antonio Subizaretta ilə əlaqə saxladıq, danışdıq. Həm “Pro” lisensiyamın olduğunu, həm də daha öncə Dortmund “Borussiya”sının düşərgəsində olduğumu bildikdən sonra razılıq verdilər.

- “Neftçi”də işləyərkən “Bavariya”nın da düşərgəsində olmuşdunuz. “Qarabağ”da isə daha öncə “Borussiya”nın düşərgəsinə getmişdiniz, indi isə “Barselona”ya. Amma nəzərə alaq ki, alman futbolu ilə ispan futbolu tamam fərqlidir. Almanlar daha çox fiziki, atletik oyuna üstünlük verirlər...

- Elədir, ancaq “Bavariya” ilə “Borussiya”nın oyunlarında hücum futbolunun çalarları var. Ümumiyyətlə, tanınmış klubların düşərgəsində olmaq istənilən halda faydalıdır. Həm də bu klubların hər birinin öz oyun tərzi var. Bizim klubların da əsas problemlərindən biri məhz odur ki, öz oyun tərzlərini, dəst-xətlərini qura bilmirlər. Mən bunun tərəfdarıyam ki, hər komandanın öz oyun tərzi olsun və gələn məşqçi də klubun oyun üslubuna uyğun olsun, gəlib öz tərzini tətbiq etməsin. Biz də çalışırıq “Qarabağ”da klubun öz dəst-xəttini quraq.

- Az öncə də dedik ki, çoxları “Qarabağ”ın oyununu “Barselona”ya bənzədirlər. Siz necə düşünürsünüz, “Qarabağ” bu gün “Barselona”nın oyununun neçə faizini oynayır?

- (Bir qədər düşünür və gülür). Yəqin ki, oxumusunuz, Maradonaya belə bir sual verirlər ki, dünyanın ən güclü futbolçusu kimdir, o da Kriştianu Ronaldonun adını çəkir. Soruşurlar ki, bəs Messi? Cavab verir ki, Messi bu dünyanın oyunçusu deyil. Bu gün bizim özümüzü “Barselona”ya oxşatmağımız oyunumuza mane ola bilər.

- Biz yaxşı mənada oxşatmağı nəzərdə tuturuq...

- Başa düşürəm. Amma futbol elə oyundur ki, onu daha çox topla oynamalısan. Biz də çalışırıq hər bir yükləməmiz topla olsun. Bu bir ilin, üç ilin, beş ilin işi deyil. “Barselona” neçə illərdir bu sistemi qurub. Sadəcə, Qvardiola bu klubun içindən çıxdığından, onu tamamladı. Odur ki, bu gün hamı “Barselona” kimi oynamağa çalışır, amma heç kim bunu bacarmır, özünü yandırır. Bu mənada çalışırıq futbolçularımız dərk etsinlər ki, futbolu topla oynadıqlarından, onunla daha çox təmasda olmalı, düzgün rəftar etməlidirlər. Təbii ki, bəzən alınır, bəzən alınmır, bəzən meydança mane olur.

- Sizin də qeyd etdiyiniz kimi, bu gün heç kim “Barselona” kimi oynaya bilmir və onların qarşısını ala bilmir. Ancaq hər ehtimala qarşı Qvardiola artıq B variantını hazırlayıb. Azərbaycanda da “Qarabağ”a qarşı oynamaq bütün komandalara çətindir, amma onlar da bunun qarşısını almaq üçün çalışırlar. Bu mənada Qurbanovun B variantı varmı?

- Açığı, ötən illərlə müqayisədə get-gedə bizim üçün də oynamaq çətinləşir. Klublar artıq daha səviyyəli futbolçular dəvət edirlər. Odur ki, oyunun gedişində müxtəlif variantlara əl atmalı olursan. Çünki bu gün Azərbaycan futbolunda heç kim yerində saymır, ən azı bütün komandalar yaxşı müdafiə olunmağı bacarırlar. Buna görə də bəzən sənə qarşı tam müdafiədən oynayan komanda ilə qarşılaşanda çətinlik çəkirsən. Odur ki, bəzən xətti müdafiədən istifadə edirsən, bəzən 3 müdafiəçi ilə oynayırsan, yaxud iki hücumçulu taktikaya keçirsən. Amma hər şeydən öncə çalışmalıyıq ki, ilk növbədə öz oyunumuzu tam təkmilləşdirək. Çempionat oyunlarının azarkeşsiz keçməsinə, meydançalarımızın vəziyyətinin ürəkaçan olmamasına baxmayaraq, gərgin mübarizə gedir.

- Bəzən “Qarabağ”ı qınayırlar ki, filan oyunda müdafiədən oynasaydı məğlub olmazdı. Məsələn, “Neftçi”yə 2:3 hesabı ilə uduzduğunuz oyunu götürək. Ancaq çoxları da düşünür ki, “Qarabağ”ın müdafiədən oynaması sadəcə, mümkün deyil. Necə ki, “Barselona”nı müdafiədən oynamağa məcbur edə bilməzsən. Bu məsələyə münasibətiniz necədir?

- Bilirsiniz, müdafiə futbolu deyəndə bizdə çoxunun beynində dərhal o fikir yaranır ki, 10 nəfərlə çəkilirsən öz cərimə meydançana, qurtardı getdi. Hücum futbolu dedikdə isə düşünürlər ki, komandada çoxsaylı hücumameylli futbolçular olur, hamı hücum edir. Amma bizim düşüncəmizə görə, əsas odur ki, komanda hücum edə-edə müdafiə olunmağı bacarmalıdır. İndi futbolun qanunu budur ki, hücumda olduğun zaman müdafiəni, müdafiə olunduğun zaman isə hücumu unutmamalısan. Bəzən deyirlər ki, “Qarabağ” müdafiədən oynayır. Amma bu da bizdən asılı olmur. Açığı, “Qəbələ”yə qarşı oynamaq mənim üçün çox çətin olur. Onlara qarşı istəsən də hücum futbolu oynaya bilmirsən. Mərkəz xəttinə yaxın yerlərdən aut atışları olur, Baranin oradan topu birbaşa sənin cərimə meydançana atır. Bu cür standart vəziyyətlərə üstünlük verən komandalarla oyunda sən də artıq məcbursan daha çox müdafiəyə çəkilib, oyunu oradan qurasan.

“Futbolçularımız kiçik uğurların təsiri altına düşürlər”

- 2011-ci ilin yekunlarına görə, yenə ilin məşqçisi seçildiniz. Ancaq maraqlıdır ki, özünüz bu ada başqa məşqçini layiq gördünüz...

- (gülür). Birincisi mənə səs verən, məni bu yerə layiq bilən hər bir futbol mütəxəssisinə, jurnalistə öz minnətdarlığımı bildirirəm. Amma niyə mən başqa məşqçini bu yerə layiq gördüm? Çünki iki il Avropa Liqasında “pley-off”a qədər irəlilədik, ancaq bu il 3-cü mərhələdə dayandıq. Ona görə də düşündüm ki, bu dəfə ilin məşqçisi adına başqaları layiqdirlər. Şəxsən mən Arif Əsədov və Mirça Rednikin adını çəkmişdim. Çünki Arif 6 ildir çempionluğa həsrət qalan “Neftçi”yə çempionluğu qazandırdı. Bundan başqa, 3 illik fasilədən sonra komandanı avrokuboklara çıxardı. Rednikə gəlincə, o gələndən sonra çempionatda intriqa yarandı. Həm məşqçilər, həm də komandalar arasında. Eyni zamanda azarkeşlər də onu çox sevirdilər. Gəldiyi ilk mövsümdəcə həm kuboku əldə etdi, həm də “Xəzər Lənkəran”a gümüş medalları qazandırdı.

- Millinin tez-tez təşkil olunan toplanışlarından ən çox əziyyət çəkən komanda “Qarabağ”dır. Ümid var idi ki, bəlkə Foqts gedə, amma o da qaldı. Bu o deməkdir ki, yenə tez-tez millinin toplanışları olacaq, yenə eyni çətinlikləri yaşayacaqsınız. Deməli, 2012-ci ildə həm də bu problemin həlli yolları haqda düşünməlisiniz...

- Çox vaxt bu haqda danışanda məni düzgün başa düşmürlər, tənqid edirlər. Hətta deyirlər ki, necə olur Avropada futbolçular o cür qrafiklə oynayır, amma bizimkilər oynaya bilmirlər. Sizə deyim ki, son 3 ildə bizim normal istirahətimiz olmayıb. İlk ili “Rusenborq”la oyuna ikinci mərhələdən qoşulduğumuzdan, bir qədər vaxtımız oldu. Amma son iki ildə ilk mərhələdən başladığımızdan, ümumiyyətlə, dincəlmək imkanımız olmadı. Bunlar istər-istəməz futbolçulara təkcə fiziki yox, həm də psixoloji cəhətdən mənfi təsir edir. Bəli, uğurlar qazandıq və sağ olsunlar, hər kəs də bunu qiymətləndirdi. Amma bir məsələ var ki, bizim futbolçular yeni-yeni bu cür uğurlar gördüklərindən, onları köklənmək çətin oldu. Məsələn, şəxsən mənim üçün bu qələbələr kiçik bir uğurdur. Bunu gələcək qələbələrin təməli kimi görürəm. Üstəlik, bu gün dövlət səviyyəsində futbola bu cür qayğı, diqqət olduğundan, düşünürəm ki, biz daha böyük uğurlar qazanmalıyıq. Amma bizim futbolçular əldə olunan bu kiçik uğurların təsiri altına düşür, bunu böyük uğur kimi qəbul edirlər. Fikirləşirlər ki, artıq bu cür uğurlar qazanmışıq və mütləq bizə istirahət lazımdır. Halbuki dediyim kimi, bizim qazandıqlarımız əslində çox kiçik uğurdur. Amma futbolçuların düşüncəsi tamam başqa cür olduğundan, onları kökləmək çətindir və bu, gətirib psixoloji yorğunluğa çıxarır. Milli məsələsinə gəlincə, şəxsən mən həmişə istəmişəm ki, çalışdığım komandadan milliyə daha çox futbolçu cəlb olunsun. “Neftçi”də işləyəndə də eyni fikirdə olmuşam və istəmişəm həmişə desinlər ki, milliyə ən çox futbolçu Qurbanın komandasından çağırılır. Bu bizim işimiz, borcumuzdur. Amma indiki vəziyyət elədir ki, hətta 1-2 futbolçu komanda ilə birlikdə olmayanda, bu sənə problem yaradır. Çünki klublar çox gücləniblər. Bizdə 5-6 oyunçu millinin düşərgəsinə gedirdi, Admir Teli ilə Ansi Aqolli də Albaniya yığmasına dəvət alırdılar, bir neçə futbolçumuz isə gənclər millisinə yollanırdılar. Yekunda elə vəziyyət yaranırdı ki, “Neftçi”, “İnter” kimi komandalarla oyuna 7-8 futbolçu ilə hazırlaşmışıq. Həmin futbolçular qayıdanda isə problem yaranırdı. Çünki mən klubda bir sistemlə oynadıram, amma həmin futbolçular gedib millidə tamam başqa sistemlə oynayırlar. Məsələn, mən oyuna hücum taktikası ilə çıxacağam, amma oyunçu millinin heyətində müdafiə futbolu oynayıb geri qayıdır. Yəni orada bir hazırlıq, burada başqa hazırlıq, yekunda balans pozulur və bu da uğursuz nəticəyə gətirib çıxarır. Mən bunları nəzərdə tutub fikir söyləmişəm. Reallığı nəzərə almaq lazımdır. Mən Almaniyada olanda “Borussiya”nın baş məşqçisi Yurgen Klopp da eyni problemdən narazılıq etmişdi. Çünki həmin vaxt onun komandasının 7-8 futbolçusu millinin düşərgəsindən gəlmişdi. Həmin günün səhəri Bundesliqanın növbəti turunda öz meydançalarında 1:2 hesabı ilə məğlub oldular. Düşünürəm ki, 2012-ci ildə çempionatımızın səviyyəsi qalxacaq və bu cür toplanışların da sayı azalacaq.

“Qoy “Neftçi” də “flaqman” olsun, “Qarabağ” da”

- Hər kəs bilir ki, Azərbaycan futbolunun “flaqman”ı kimi “Neftçi”nin adını çəkirlər. Ancaq bəziləri düşünür ki, hazırda Azərbaycan futbolunun “flaqman”ı “Qarabağ”dır. Buna münasibətinizi bilmək də maraqlı olardı.

- Məncə, “Neftçi”ni bu addan silmək lazım deyil. Çünki həmişə Azərbaycan futbolu dedikdə, ilk yada düşən “Neftçi” olub. Sadəcə, hər klubun tarixində eniş dövrü olur və sonra həmin komanda toparlanıb yenidən öz nüfuzunu geri qaytarır. Görünür, çoxları son illər “Neftçi”nin uğursuz çıxışını nəzərdə tutub bu sözü deyiblər.

- Ancaq fakt odur ki, bu gün Avropada “Qarabağ”ı daha çox tanıyırlar...

- Bəli, bugünkü gün üçün belədir. Ancaq “Neftçi” də yaxşı oynamağa başlayıb. Sadəcə, biz riskə gedərək, daha çox yerli futbolçulara üstünlük verməyə başladıq və nəticələr də uğurlu olunca, azarkeşlərin böyük simpatiyasını qazandıq. Ancaq yenə də deyirəm, “Neftçi”ni bu addan silmək lazım deyil.

- Azarkeşlərin böyük əksəriyyətinin “flaqman” kimi “Qarabağ”ı görməsinin nəyi pisdir?

- Əlbəttə ki, bizim üçün çox xoşdur. Yaxşı, qoy “Neftçi” də “flaqman” olsun, “Qarabağ” da (gülür). Amma mən düşünürəm ki, hər bir klubumuz Azərbaycan üçün çox önəmlidir və “flaqman” olmaq üçün çalışmalıdır. Məsələn, bu gün mən “İnter”ə görə çox sevinirəm. Hiss olunur ki, azarkeşlər arasında da bu kluba qarşı sevgi artıb, orada yerli futbolçulara daha çox üstünlük verməyə başlayıblar. İşinə və özünə çox hörmət etdiyim Kaxaber Sxadadze də öz oyun dəst-xəttini ortaya qoya bilib, əlində olan materialdan düzgün istifadə etməyi bacarır. İstəyirəm ki, bütün klublarımıza qarşı bu cür istək olsun. Belə olarsa, azarkeşlər də futbolu sevəcək, stadiona gələcəklər. Azarkeşsiz futbol heç kimə lazım deyil. Yadımdadır, biz “Visla” ilə Bakıda oynayanda tribunalarda 40 min azarkeş var idi. İki gün sonra “Neftçi” ilə qarşılaşırdıq və düşünürdüm ki, azı 10 min azarkeş gələr. Amma stadiona çıxanda tribunalarda təxminən 500 nəfər gördüm. Təbii ki, bu mənzərə mənə də, futbolçulara da təsir etdi.

- Azarkeşlərdən söz düşmüşkən, bu məsələ paytaxtda problemdir, amma bölgələrdə belə problem olmur. Elə siz özünüz Suraxanı və Quzanlıdakı oyunlarda bu fərqi görmüsünüz. Həm bu məsələ, həm də “Qarabağ” azarkeşləri haqda fikirlərinizi bilmək istərdik...

- Azarkeş futbolçu və məşqçi üçün həm böyük kömək, həm də məsuliyyətdir. Əgər biz görəndə ki, oyunumuza 3-5-10 min azarkeş gəlir, istər-istəməz üzərimizdə böyük məsuliyyət hiss edirik. “Qarabağ” azarkeşlərinə gəlincə, sağ olsunlar, həmişə bizə dəstək olurlar. Quzanlıda, şübhəsiz ki, onların sayı daha çox olur, səfər oyunlarında da bizi dəstəkləyirlər. Bilirik ki, Qarabağ yaralı yerimizdir. Biz də çalışırıq və istəyirik ki, uğurlu nəticə qazanaraq, az da olsa onları dərddən, kədərdən uzaqlaşdıra bilək. Bu gün həm bizim, həm də, ümumiyyətlə, Azərbaycan futbolunun azarkeşə ehtiyacı var.

“Xatırlayıram, hətta hakimləri də döyüblər”

- Bir neçə kəlmə də Zaqatala futbolu haqda. Orada doğulmusunuz, futboldakı ilk addımlarınızı orada atmısınız. “Simurq”un bugünkü çıxışını və Sergey Yuranın oradakı fəaliyyətini necə dəyərləndirirsiniz? Sizcə, “Simurq” “Daşqın”ın layiqli davamçısı ola bilirmi?

- Ən azı “Simurq” rəhbərliyinə minnətdaram ki, o bölgəyə futbolu qaytardı, az vaxtda yeni baza, stadion tikdi, uşaq futboluna diqqət ayırır. Həqiqətən də, Zaqatalada çox çılğın azarkeşlər olub, bizim dövrümüzdən xatırlayıram, hətta hakimləri də döyüblər (yenə gülür). Çünki uduzmağı sevmirlər. Bizim dövrümüzdə tanıdığım azarkeşləri indi də görürəm. O bölgədə futbolu çox sevirlər. Yuranın işinə gəlincə, çox çətin vaxtda gəldi. Hətta “Simurq”un Premyer Liqada oynayıb-oynamayacağı belə, məlum deyildi. Lakin Yuran qısa zamanda komandanı toparlayıb, döyüşkən kollektiv formalaşdıra bildi. Bu mənada Yuranın işinin yüksək qiymətləndirirəm.

- “Streymur”un baş məşqçisi belə bir açıqlama vermişdi ki, “Qarabağ” Azərbaycan millisindən güclüdür. Sizcə o, nəyi nəzərdə tutub bu açıqlamanı vermişdi?

- (Bir qədər fikirləşir və gülümsəyir). Yəqin ki, özünü.

“Özümdəki keyfiyyətləri oğlumda da görürəm”

- Bilirik ki, oğlunuz Musa da futbolla məşğuldur və hətta bu yaxınlarda “Sabahın ulduzları” çempionatında bombardir mükafatını aldı. Deyəsən, yeni Qurban Qurbanov yetişir...

- Hər bir valideynin ilk arzusu odur ki, tutduğu peşəsindən asılı olmayaraq, övladı ağıllı, tərbiyəli, vətənə layiqli olsun. Əlbəttə, özüm bu peşəni sevdiyimdən, istəyirəm oğlum da yaxşı futbolçu olsun. Amma hələ heç nə demək olmaz, çünki cəmi 10 yaşı var.

- Ancaq artıq bombardirlik keyfiyyətini göstərib...

- Elədir, hiss olunur ki, liderlik keyfiyyətləri var. Bundan başqa, özümdəki keyfiyyətləri oğlumda da görürəm. Əzmkarlığı, istəyi nəzərdə tuturam. Görək necə olacaq? Çünki illər keçdikcə insan psixologiyası dəyişir. Çox istərdim ki, ilk növbədə oxusun, elmli, savadlı olsun.

- Son sualım. Bacınız oğlu Tural İsgəndərov böyük futbola yeni-yeni addımladığı vaxtlarda ondan müsahibə almışdıq və belə bir sual vermişdik: “dayın Qurban Qurbanovun sənə ilk məsləhəti nə olub?” O isə cavabında demişdi ki, mənə deyib ki, əgər bizim kimi futbolçu olacaqsansa futbolu indidən burax...

- Bilirsiniz, hər dövrün öz qanunları var. Futbol ildən-ilə dəyişir, sürətlənir, güc, texnika tələb edir. Bizim dövrümüzdə bir futbol idi, bir sistem idi. İndiki futbolla bizim dövrün futbolunu müqayisə etmək olmaz. Turala gəlincə, ola bilər haradasa zarafatla demişəm. Ancaq ilk növbədə ona görə demişəm ki, Avropaya çıxmaq, orada oynamaq lazımdır. İndi futbolçu olmaq həm asandır, həm çətin. Bizim dövrümüzdə insan əziyyət, zəhmət çəkməkdən qorxmurdu. Amma indi sanki əksinədir. Ona görə deyirdim ki, əgər bu peşəni seçmisənsə, axıra kimi arxasınca gedib mükəmməl öyrənməlisən. Turalda potensial görürəm. Topla davranışı yaxşıdır. Ancaq güclə bağlı problemi var və bunu aradan qaldırmalı, öz üzərində mütləq işləməlidir.
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq13
2AZAL00
3İnter00
4Simurq00
5Bakı00
6Qəbələ00
7AZAL00
8Rəvan10
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

1

16.08.2019
19:00
Keşlə
Qarabağ
0
1
17.08.2019
19:00
Qəbələ
Sumqayıt
-
-
18.08.2019
20:00
Səbail
FC Zire
-
-
19.08.2019
20:00
Neftçi
Sabah
-
-



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.