Klub xəbərləri
- 28.04.2012 / 0 şərh / 2427 -dəfə baxılıb
- "Bakı"nın qapıçısı Aqil Məmmədovun müsahibəsi
- Üç oyundu qapıda sən dayanırsan. "Qarabağ"la son qarşılaşma ən çətini idi?
- Baş məşqçimiz kimə şansı verir, o da qapıda dayanır. Novruz müəllim bu oyunda da mənə şans verdi. "Qarabağ"la oyunumuz həmişə çətin keçir. "Qarabağ" texnikalı komandadı. Daha çox top saxlayırlar. Üstünlüyü bundadı. Uşaqlar var gücünü qoydular. Havanın isti olması bizə pis təsir göstərsə də, yaxşı oynadıq.
- Novruz Əzimovun belə vacib matçda qapıda sənə güvənəcəyini biləndə həyacan keçirmədin?
- Kimin qapıda dayanacağı əvvəlcədən bilinmir bizdə. Oyuna çıxmamışdıan 1 saat əvvəl əsas heyətdə kimlərin yer alacağı deyilir. Novruz müəllim dedi, qapıda sən dayanacaqsan, özümü itirmədim. Məndə heç bir həyəcan yox idi. Hava şəraiti yaxşı olmadığından, gözümə gün düşürdü. İstidə oynamalı olduq.
- Marko Şarliya daha təcrübəli olsa da, son vaxtlar kifayət qədər səhv buraxırdı, komanda onun üzündən az uduzmadı. Sən isə hər üç qarşılaşmada inamlı oyununla təcrübəsizliyini hiss etdirmədin...
- Çətin olmayan oyun yoxdu. Hamısı gərgin keçir. Şarliya yaxşı qapıçıdı. Onun kobud səhvlər buraxdığını deyə bilmərəm. Hamıda səhv olur. Bu, hər bir qapıçının başına gələ bilər. Şarliya bir çox oyunlarda yüzfaizlik toplar çıxarıb. Qapıçı komandanın yarısıdı. Mən əla dayanıb, qəhrəman da ola bilərəm, pis dayanıb, antiqəhrəman da. Adətən, qapçıların qurtarışı yox, səhvi müzakirə olunur.
- İkinci hissədə Əfran İsmayılovun zərbəsini dəf etməklə "Qarabağ"ın son ümidini puça çıxardın. Həmin an oyunun dönüş nöqtəsi idi?
- Bu, mənim işimdi, qardaş! Deyim ki, xariqələr yaratdım, belə deyil. Əfran vurdu, mən də qaytardım. Onun vəzifəsi topu qapıya vurmaqdısa, mənimki də qaytarmaq və tutmaqdı. Başqa nə deyə bilərəm axı? Uşaqlar kimi, mən də komandamın finala çıxmasına çalışırdım.
- Penaltilər seriyasında Rəşad Sadiqovun zərbəsini qaytardın. İkinci penaltini qaytarmağa da yaxın idin. Rəşadın topu hara vuracağını bilirdin?
- Hara vuracağını dəqiq bilmirdim, təxmin eləmişdim. Topa vaxtında reaksiya verdim. Hər məşqdə penaltilərə hazırlaşıram.
- Topu qaytaranda nə keçdi fikrindən? Qələbə gəldi?
- Yox, yox! Adamiya ilk oyunda 90-cı dəqiqədə qapımıza qol vurdu. O mənə dərs oldu ki, futbolu sona qədər oynamaq lazımdı. Sonuncu penaltimiz qapıdan keçməyənə qədər qalib gələcəyimizə inanmırdım. Gəl, tək mənə qəhrəman demə! Biz komanda şəklində oynadıq. Qələbəmizdə hamı əziyyət çəkdi. İlk dəfəydi ki, komandamızın oyun sonrası penaltilərində qapıda mən dayanırdım. Ancaq bu, o demək deyil ki, tək mən yaxşı oynadım. Hamı finala çıxmağımız üçün can qoydu. Futbolçulara, klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Onlar yaxşı hazırlaşıb, oynamağımız üçün bütün şərait yaradıblar.
- "Bakı"nı qələbəyə aparan nə oldu?
- Birlik.
- Bu birlik Starkovun vaxtında niyə yox idi?
- Komandada birliyi baş məşqçi yaratmalıdı. Ondan çox şey asılıdı. "Qarabağ"la oyunda sözümüzü bir yerə qoyub, sonda qələbə qazandıq. Finala layiq olduğumuzu qələbəmizlə sübut etdik. Hava isti olduğundan, oynamaq çətin idi. Hər hissənin ortasında Elçin Məmmədov fasilə verirdi ki, su içək.
- Qələbə qazanacağınıza hansı epizodda əmin oldun?
- Vallah, nə deyim axı... Lukasın qolunda. "Qarabağ"a bunadək dörd dəfə uduzmağımız psixoloji cəhətdən bizə pis təsir etmişdi. Son iki oyunda yığışdıq. "Qarabağ" topla yaxşı oynayır, texnikalı komandadı, hər iki qələbə bizə çətin başa gəldi.
- Qalan oyunlarda da əsas heyətdə dayanmağa layiq olduğunu sübut etdiyini düşünürsən?
- Bax, onu deyə bilmərəm. Baş məşqçi şans verərsə, oynayacam. Olmasa, vaxtımı gözləyəcəm.
- Kubokun finalında rəqibiniz "Neftçi"di...
- Kimin güclü olduğunu finalda görəcəyik. İnşallah, qələbə qazanıb, kuboku götürərik. İli titulla başa vurmaq istəyiriksə, qalib gəlməliyik.
- "Neftçi"yə çempionatda üç dəfə məğlub olmusuz. Yəqin ki, əvəzini çıxmaq üçün fürsət gözləyirsiz...
- İnşallah, finala çıxmışıq ki, kuboku götürək. Qismət olsa, hər şey yaxşı olar.
- Çempionatda dördüncü yeri tutmaq imkanınız var. Hansı yol daha qısadı?
- Nəinki dördü, hətta ikini tutmaq şansımız da var. Bircə mübarizə aparmaq lazımdı, ondan sonra nəticə özü gələcək. İstəyimizə çatmaq üçün qalan turları qələbəylə başa vurmalıyıq. Bunu sözdə deyil, nəticədə göstərməliyik.
- Avrokuboklara vəsiqə təmin etdiz. Starkov vaxtında getsəydi, "Bakı" çempion olardı?
- Starkovsun vaxtında gedib-getməməsini deməyəcəm. Baş məşqçi ilə bağlı məsələlərə rəhbərlik cavabdehdi.