Klub xəbərləri
- 28.04.2012 / 0 şərh / 2430 -dəfə baxılıb
- "Xəzər Lənkəran" rəhbərliyi komanda üzvlərinə çempion olacaqları halda yüksək mükafat verəcək. Cənub klubunun başbilənləri futbolçularını daha yaxşı stimullaşdırmaq üçün komandaya 1 milyon ABŞ dolları mükafat ayıracaq.
Yunis Hüseynovun komandası təyin olunan 1 milyon dolları - çempionluğu qazanmaq üçün qarşıdakı "İnter", "Qəbələ" və "Qarabağ"la oyunlarda mütləq qələbə qazanmalı, eləcə də "Neftçi"nin ən azı iki oyunda xal itirməsini arzulamalıdı.
Bu arada "Xəzər Lənkəran"ın idman direktoru Höccət Hacıyev komanda ətrafında baş verən son olaylara münasibətini açıqlayıb: "6 xalımızın bərpa olunması komandada atmosferi xeyli yaxşılaşdırıb. İndi mövsümü mümkün qədər üst pillələrdə başa vurmaq istəyirik. Son üç oyun bizim üçün finala bərabər olacaq. Bütün oyunlarda qələbə qazanıb avrokuboklara vəsiqəni rəsmiləşdirmək istəyirik. FİFA-nın bu qalmaqalı Azərbaycan klublarının nə dərəcədə dost olduğunu da göstərdi. Biz əsl dəstək hiss etdik. Amma təəssüf ki, öncədən xalımızın silinməsini istəmədiyini deyən adamlar sonradan bunun bərpasının yanlış olduğunu bəyan etməyə başladılar. Biz həmin adamların da əsl üzünü gördük. Hər şeyə rəğmən, komanda çempionluq yolunda səylərini davam etdirir. Son tura kimi mübarizəmizi davam etdirəcəyik. Çempionat başa çatdıqdan sonra komandanın gücləndirilməsi yönündə də müəyyən addımlar atılacaq. Əminəm ki, "Xəzər Lənkəran" Azərbaycanı Avropada layiqli şəkildə təmsil edəcək".