Klub xəbərləri
- 30.04.2012 / 0 şərh / 2392 -dəfə baxılıb
- "Sumqayıt"ın kapitanı Samir Abasovun müsahibəsi
- Premyer Liqanın son turunda "Turan"la heç-heçə edərək elitada qalmaq şanslarınızı daha da azaltdınız. Həmin oyunla bağlı nə deyə bilərsən?
- Deyim ki, “Turan” heç-heçəyə çıxmışdı, yox, vallah. Elə oynayırdılar ki, qələbə qazanmaq istədikləri hiss olunurdu. Bilirdik ki, çətin olacaq. Meydançanın vəziyyəti də elə idi ki, vur qabağa, Allah ya “Turan”a verər, ya da bizə. Rəqibin qol imkanlarını saysaq, heç-heçə ədalətli nəticədi. Udmaq istəyirdik ki, heç olmasa, şansımız olsun. Oyundan-oyuna şans da sıfıra enir. İndi qalmışıq Allahın ümidinə! Özümüzdən çox “Kəpəz”in ümidinə qalmışıq. Söhbəti yox, qalan iki turu udmalıyıq.
- Sonluq niyə belə oldu?
- Nə bilim, uşaqlar təzədi. Təcrübələri yoxdu.
- "Turan" bərabərlik qolunu penaltidən vurdu. Elçin Məmmədovun qərarı düz idi?
- Tər-təmiz penalti idi. Mən epizoda yaxın idim. Yüz faiz penalti var idi. Oyunçumuz istəmədən çaşdı və rəqibin ayağına dəydi, o da ilişib yıxıldı. Futbolda belə şey yoxdu axı, istədi-istəmədi. Verdi, təmiz penal idi. Deyən də olmadı ki, niyə belə qərar verdin? Elçin təmiz elədi oyunu.
- Təcrübəsiz dediyin o futbolçular gələcək üçün ümid verir?
- Ümid verən də var, verməyən də. Rəhbərlik özü də bunları götür-qoy edəcək. Tovuzda əvəzedicinin uşağını gətirib məcburi oynatdıq. Mərkəz müdafiəçilərimizin ikisi də yox idi. Elə penalti də əvəzedicidən gələnlərin birinin səhvindən oldu. Kənara çıxan topun arxasınca qaçanda ayağı rəqibə ilişdi. Onun təcrübəsi yoxdu ki, arxada 5 nəfər olduğu halda niyə rəqibin arxasınca qaçdığını bilsin. Yazığın nə günahı var e... O, nə vaxt belə oyun görüb axı… Özü də istəmirdi. Hamı bilir ki, komandada kimin potensialı var. Kim harda oynayacaq və ya kim elə ömrünün sonunadək axırıncı yerdə gedən komandalarda qalacaq. Rəhbərlik baş məşqçi ilə oturub götür-qoy edəcək. Ondan sonra hər şeyə aydınlıq gələcək.
- Komandanız biabırçı nəticələr göstərir. Bernhard Raabda günah görürsən?
- Uğursuzluqda hamımızın günahı var. Onun da, bizim də. Bu, bir-biriylə əlaqədardı. Komandada güclü futbolçu olanda məşqçi taktikasını buna uyğun qurur. Amma bizdə məşqçi oyun üslubunu cavanların bacarığına görə müəyyənləşdirir. Bu isə çox çətindi. Çünki futbolçuların biri nala vurur, biri mıxa. Komandada qeyri-stabillik var. Çünki yüksək dəstə görməyiblər. Heyətdə gərək 3-4 nəfər təcrübəli futbolçu olsun.
- Deyirsən ki, hamının günahı var. Eləcə də Raabın. Onda belə çıxır ki, alman baş məşqçinin gətirilməsi düzgün seçim deyil...
- Raab da əlində olan heyətdən seçir oyunçuları. Bir halda ki, əsas heyətin iki müdafiəçisi yoxdu, Raab onların yerinə kimi qoymalıdı? Düzdü, gəlmə məşqçidi, amma əlində olan odu axı.
- Mən baş məşqçi seçimini soruşdum...
- Nə bilim... Günah məşqçilərdən tutmuş oyunçulara qədər hamısındadı.
- Bundan əvvəlki açıqlamanda demişdin ki, tüpürüm futbolçuların üzünə, oynaya bilmirlər. Həmin sözləri onların üzünə söylədin? Əgər dedinsə, reaksiyaları necə oldu?
- Mən bu sözləri həmişə deyirəm. Oyundan sonra da söyləyirəm. Xeyiri yoxdu. Əgər bununla düzələcəksə, onda mən deyim, sən yaz. Əsas özləri başa düşsün. Komandada 25 nəfər cavan uşaq var. Görək hansı yaxşı kluba gedəcək? Təki getsinlər e, amma onlar yolu özləri açmalıdılar. Şansdı da, 3 oyundan birində yaxşı oyna, səni bərkgedən komanda istəsin. Amma özü oynamırsa, Samir dedi, sən yazdın, bunun nə xeyri var? Düz demirəm? Sən Allah, de ki, düz demirsən!
- Düzdü…
- Mən deyirəm də, söyürəm də. O balaca Orxana mən heç nə demirəm. Hərdən qışqırıram. Onun xeyrinədi də. 17 yaşı var. Hər dəfə meydanda canını qoyur. Düşəndə, qolunu da vurur. Özü də səni başa düşməlidi. Kənardan hər şey yaxşı görünür. Adamın ürəyi yanır. Hamısı azərbaycanlı futbolçulardı. Başqa komanda deyil ki, 11 nəfər legioner oynasın, uduzanda da deyəsən ki, cəhənnəmə batsın legionerlərə verilən pul, özləri bilərlər! Nə olsa, milliyə olacaq. Çünki bunlar millinin üzvləridi. Ona görə mənim ürəyim yanır. Gedin oynayın, düşün milliyə, qazanın da. Pis deyirəm?
- Yavaş-yavaş şanslar daha da azalır. Növbəti turda hər şey dəqiqləşəcək. Bundan sonrası üçün nə düşünürsən? "Sumqayıt"ın aqibəti necə olacaq?
Neçə ildi Sumqayıtın bəxti qara gəlib. Hələ bilmirəm, necə olacaq. İnşallah, gələn turda hər şey bilinəcək. Biz ümidimizi itirmirik. Gələn oyunda meydana 100 faizdən artıq - 150 faizlə çıxacağıq, görək neynəyirik.
- Deyirlər ki, şər deməsən, xeyir gəlməz. Olmadı belə, oldu elə...
- Onda deməli komanda aşağı dəstəyə düşəcək. Bunu mən də istəməzdim. Nə yolla olursa-olsun, “Sumqayıt”ı saxlamalıdılar. Burda əsas məqsəd azərbaycanlı uşaqları oynatmaqdı. Çox xeyirdi. Yoxsa Bədavidi, digərləridi, hardan çıxacaqdılar? Kim biləcək, kim tanıyacaqdı onları? Əgər millini, bu yazıq Sumqayıtı fikirləşiriksə, gərək komanda çempionatda qalsın. Vaxt olub ki, Sumqayıtın adı gələndə, komandalar deyirdilər ki, 3 xal getdi. Bizdə o cür oyunçular olub. Bu ənənəni bərpa etmək lazımdı. Millidə Sumqayıtın 4-5 yetirməsinin oynadığı vaxtlar olub. Ən çox istədiyim də budu ki, Sumqayıtın adı qalxsın, bizə də komanda kimi baxsınlar. Ordan-burdan gələn futbolçu istədiyini edəndə biz pis olacağıq. Çünki səhəri gün şəhərə biz çıxırıq axı.
- "Sumqayıt"ın əsasını azərbaycanlı futbolçular təşkil edirlər. Raabın əvəzinə bizim futbolçuların psixologiyasını bilən bir başqa yerli mütəxəssis olsaydı, nəticə başqa cür ola bilərdi?
- Cavab verməkdə çətinlik çəkirəm.
- Niyə?
- Bilmirəm, necə olardı. Çünki mən də komandanın içindəyəm, Raabın keçdiyi məşqləri görürəm. Deyim ki, futbolçulara pis nəsə eləyir, eləmir axı. Tapşırıqlarını verir, məşqləri pis keçmir. Bunları döyən, söyən məşqçi olsaydı, necə olacaqdı nəticə? Bax, bunu deyə bilmərəm. Çünki bizə həmişə elə adamlar lazımdı.