Klub xəbərləri
- 03.05.2012 / 0 şərh / 2956 -dəfə baxılıb
- Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov son zamanlar kapitanı olduğu “Qəbələ” klubunun məşqlərinə qatılmır. Hazırda Sumqayıtdakı evində olan 30 yaşlı müdafiəçi klubla daha 1 il qüvvədə olan müqaviləsini pozmağa hazırlaşır.
Onun növbəti mövsümdən “Xəzər Lənkəran”da çıxış edəcəyi bildirilir. Bu səbəbdən, Unibank Premyer Liqasının son 2 turunda Şükürovun meydana çıxması real deyil.
“Qəbələ”nin baş meneceri Zaur Əzizov təcrübəli futbolçunun məşqlərdən kənarda qaldığını təsdiqləyib. Əzizovun sözlərinə görə, Şükürov ailə problemləri ilə əlaqədar rəhbərlikdən icazə istəyib. Digər tərəfdən, müdafiəçi həm ötən tur “Bakı”, həm də növbəti turda “Xəzər Lənkəran”la oyunda cəzalı duruma düşdüyündən, meydana çıxmayacaq. Bütün bunları nəzərə alan klub rəhbərliyi oyunçuya icazə verib. “Qəbələ” rəsmisi mövsümün sonunda Şükürovla görüşərək komandadakı gələcək taleyinə aydınlıq gətirəcəklərini də əlavə edib.
Futbolçunun özü isə atasının müalicəsi ilə əlaqədar icazə alaraq, evinə gəldiyini söyləyib. Yığmamızın oyunçusu heç bir klubla danışıqlar aparmadığını, lakin “Xəzər Lənkəran”ın onunla maraqlanmasından xəbərdar olduğunu deyib: “Bilirəm ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov məni öz komandasında görmək istəyir. Vaxtilə “Karvan”da da onun rəhbərliyi altında çıxış etmişəm, oyunuma bələddir, meydandan kənarda gözəl münasibətlərimiz var. Amma heç bir klubla danışıqlar aparmamışam. Növbəti mövsümü hansı komandada keçirəcəyim barədə indidən danışmaq istəmirəm. Bu mövsümün sonunda “Qəbələ” rəhbərliyi ilə danışıqlar stolu arxasında oturacağam. Düzdür, bu klubla ötən il 2 illik müqavilə bağlamışam. Amma anlaşmamda belə bir bənd var ki, ikinci mövsümdə də komandada qalmağıma rəhbərlik qərar verməlidir. Ona görə mövsüm başa çatmamış başqa klubla danışıqlardan söhbət gedə bilməz”.
Şükürov hazırda 5-ci pillədə olan “Qəbələ”nin Avropa Liqasına vəsiqə şanslarının təkcə öz əlində olmadığını da bildirib. Onun fikrincə, “İnter” və ya “Qarabağ”ın 3-cü pilləni əldən verəcəyi inandırıcı deyil.
Qeyd edək ki, Mahir Şükürov ötən il avqustun 19-da Unibank Premyer Liqasının III turu çərçivəsində AZAL-la oyun zamanı rəqibinə kəllə atdığı üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb. Lakin Apellyasiya və Ekspert Komitəsi futbolçunu cəzasını 3 oyuna endirib, daha 1 oyunu isə 9 aylıq sınaq müddəti tətbiq edilməklə ləğv edib. Heç 9 ay keçməmiş o, XXIX turun “İnter”lə səfər matçında qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi futbolçunu 1 oyunluq diskvalifikasiya etsə də, əvvəlki 1 matçlıq şərti cəzası da buna əlavə olunub. Nəticədə “Qəbələ”nin kapitanı 2 oyunu kənardan izləməli olacaq. O, yalnız son turda “Neftçi” ilə qarşılaşmada meydana çıxa bilər.