Rəylər
- 14.04.2012 / 0 şərh / 2500 -dəfə baxılıb
- “Xəzər Lənkəran”la meydandankı münasibətimiz hər kəsə bəllidi. Amma bu münasibətlərin bu hadisəyə dəxli yoxdu”. Bu sözləri “UltraNeftçi” fan-klubunun rəhbəri Ceyhun Əzizli deyib.
Ceyhun Əzizli əzəli rəqiblərinin aktvindən 6 xalın silinməsini ədalətsizlik hesab edir: “Xəzər Lənkəran” aktivindən 6 xalın siilinməsi bizi ən azı bu komandanın azarkeşləri qədər məyus etdi. Ona görə ki, bu xalları futbolçular, məşqçilər mövsümboyu əziyyət çəkərək qazanmışdı. Onların əziyyətini bir qərarla yerə vurmaq olmaz. Kiminsə məsuliyyətsiz hərəkətinə görə bir komandanın, onlarla futbolçunun, məşqçinin əziyyətini yerə vurmaq olmaz. Kimsə səhv edibsə, burda Yunis Hüseynovun, Kamran Ağayevin, Elnur Allaverdiyevin, Rahid Əmirquliyevin, Branimir Subaşiçin günahı nədi? Niyə görə məsuliyyətsizliyin cəzasını onlar ödəməlidi?”.
Bu cəza “Neftçi”nin əsas rəqiblərindən birini sıradan çıxardı. İndi lənkəranlılar çempionluq yolunda “Neftçi”nin rəqibi deyil. Bu vəziyyət “Neftçi” azarkeşlərini sevindirirmi: “Xəzər Lənkəran”ın cəzalanması şəxsən məni sevindirmədi. Biz rəqibik, amma meydanda. Meydandan kənarda baş verən hadisələrin bizə dəxli yoxdu. Mən “Xəzər Lənkəran”ı 90 dəqiqə ərzində udanda sevinirəm. Bu hadisə məni qətiyyən sevindirmədi. Çünki biz öz xoşbəxtçiliyimizi başqalarının bədbəxtçiliyi üzərində qurmuruq. “Xəzər Lənkəran” Azərbaycanı təmsil edir, Avropaya çıxıb uğur qazananda Azərbaycanın adı çəkiləcək. Bu məni necə sevindirə bilər?”
“UltraNeftçi” fan-klubunun rəhbəri “Xəzər Lənkəran” azarkeşlərinə qarşı haqsızlığın olduğunu düşünür: “Belə hadisə ilə ilk dəfə üzləşmirik. Ötən yayda “Bakı” oxşar vəziyyətlə üzləşdi. Kiminsə məsuliyyətsizliyinin cəzasını bütöv komanda ödədi. İndi də “Xəzər Lənkəran”… Niyə bir nəfərin məsuliyyətsizliyinə görə bütöv komanda əziyyət çəkməlidi? Buna son qoymaq lazımdı. Belə halların qarşısını almaq üçün klublarda peşəkarlar işləməlidi, rəhbər şəxslər işinin məsuliyyətini bilməlidi. Ən azı bir peşəkarı işə götürməlidilər. Bu sözlərim bütün klublarımıza aiddi. Səhvi qərar veriləndən sonra yox, əvvəlcədən görmək, nəticə çıxarmaq lazımdı. Başqa ölkələrdə stadionu yandırıb cəza alırlar, biz cəzalı futbolçunu oynatdığımıza, oyunçunun maaşını vermədiyimizə görə cəzalanırıq. Bu Azərbaycan üçün ayıbdı. “Xəzər Lənkəran”ın oyunlarına 15 min adam gəlir, minlərlə insan bu komandaya azarkeşlik edir. Bu insanların günahı nədi? Sabah komanda Avropaya çıxmasa o insanların haqqını kim ödəyəcək? Cəzaya səbəb olan 7500 manat bui adamlar üçün çay puludu. Niyə onu vaxtında ödəməyib, komandanın bu vəziyyətinə səbəb oldular?”