Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
14.04.2012 / 0 şərh / 2299 -dəfə baxılıb

Vaqif Sadıqovun son şansı (Yazı)

AZAL rəhbərliyinin iş prinsipi hamıya bəllidi: az pulla çox iş görmək. Lakin məlum məsələdi ki, boyundan yuxarı hoppanmaq hər oğulun işi deyil. Üstəlik, zəif heyətlə güclü rəqiblərə meydan oxuya biləcək məşqçi tapmaq da qəliz söhbətdi. Elə isə görəsən, bugünlərdə "təyyarəçilər"in "sükanı arxasına" gətirilən Vaqif Sadıqov klub rəhbərliyinin meyarlarına uyğun adamdımı?

Paytaxt klubuna vəsait ayıran şəxsləri qınamıram. Onlar Əsgər Abdullayevlə Nazim Süleymanovun timsalında az pulla böyük hədəflərin arxasınca getməyin mümkünlüyünü görüblər. Ona görə də işlərini bu prinsip üzərindən qurmağı məqsədəuyğun sayırlar.

Əsgər bəyin zamanında qızıl medalları son anda əldən verən "təyyarəçilər" vardı. Həmin vaxt "Olimpik" adlanan kollektiv davamlı olaraq çempionluğa oynayan komanda olmasa da, ən azı mükafatçılar sırasına düşməyə cəhd edirdi. Süleymanovun dönəmində isə, paytaxt klubu çətinliklə də olsa, Avroliqaya vəsiqə qazana bildi. Amma Süleymanovun yetirmələrinin I təsnifat mərhələsində "Minsk" səddini keçə bilməməsi gənc çalışdırıcını tutduğu postdan istefa verməsi ilə nəticələndi. Və elə bununla da "təyyarəçilər"in qara günləri başladı.

Əslində, ideya baxımından klub rəhbərliyi Süleymanova yaxşı əvəzləyici tapmışdı. Hər halda, komandanın "sükanı arxasına" gətirilən Elxan Abdullayev gənc olmasına rəğmən, "İnter" və əsas yığmada məşqçi işlədiyi dövrdə xeyli təcrübə toplamışdı və bu, onun üçün bir növ özünü sübut etmək baxımından fürsət idi. Di gəl ki, çempionatın startından bir qədər sonra məlum oldu ki, yeni baş məşqçi ilə AZAL-ı uğurlu gələcək gözləmir. Abdullayev AZAL-ı öz əlləri ilə saldığı "qara zolaq"dan çıxarda bilməyincə, çıxış yolunu getməkdə gördü. "Təyyarəçilər"in premyer-liqanın ardıcıl 7 turunda qələbə qazana bilməməsi gənc çalışdırıcının istefa verməsi ilə nəticələndi.

Abdullayevi əvəzləyən Rafiq Mirzəyev ilk vaxtlar yaxşı nəticələr qazansa da, ilk "altılıq"dan kənar qalması və komandanın son dönəmlərdəki zəif çıxışı onu getməyə sövq etdi. Və beləliklə, AZAL Vaqif Sadıqova tapşırıldı.

Vaqif Sadıqovun AZAL-dakı gələcəyi ilə bağlı gözləntilərimi sizlərlə paylaşmazdan öncə bir məsələyə toxunmaq istərdim. Fikrimcə, "təyyarəçilər"in cari mövsümdə uğursuzluğa düçar olmaları baş məşqçi amili ilə yox, klubun idarəçiliyində yaşanan fikir ayrılığı və kadr dəyişiklikləri ilə bağlıdı. Üstəlik, Vaqif Qasımovun əvəzinə klubun prezidenti təyin olunan Zaur Axundovun qış fasiləsində komandanı ölkə xaricinə təlim-məşq toplanışına aparmaması və transfer bazarındakı passivliyi başadüşülən deyildi. Zənnimcə, AZAL-ın iddialı komanda imicini itirməsinin əsas səbəbi də məhz budu. Artıq qış fasiləsindəki mənzərədən bəlli idi ki, cari mövsümdə "təyyarəçilər"dən ciddi uğur gözləməyə dəyməz.

İlk "altılıq"dan kənar qalan AZAL-ın avrokuboka düşmək üçün tək ümidi ölkə kuboku idi. Lakin "təyyarəçilər" 1/4 finalda "Bakı" səddini aşa bilməyincə klub rəhbərliyi artıq indidən növbəti mövsüm barədə düşünməyə qərar verdi. Bu yöndə ilk addım isə Vaqif Sadıqovun komandanın başına gətirilməsi oldu.

Sadıqov bizim üçün yad sima deyil. Yerli mütəxəssis bunadək ölkəmizdə "Nicat", "Neftçi", "Şəfa", "ANS-Pivani" klublarını, milli komandamızı, həmçinin İranın "Maşınsazi" klubunu çalışdırıb. Son iş yeri Rusiya "Anji"si olan mütəxəssis orada olduğu kimi, milli komandamızda da köməkçi-məşqçi vəzifəsini tutub, aşağı yaş qrupundan olan yığmalarda işləyib. "Neftçi"ni avrokuboklara çıxaran ilk baş məşqçi olan Sadıqov bu postda 1994/95 mövsümündə ölkə kubokunun və superkubokunun qalibi olub. 2009/10 mövsümün başlanğıcında yenidən "Neftçi"nin baş məşqçisi təyin olunan Vaqif bəyin dönüşü uğurlu olmadı və təcrübəli mütəxəssis postunu sonradan komandaya 6 illik fasilənin ardından qızıl medal qazandıran Arif Əsədova təhvil verdi. Təəssüf ki, Sadıqovun "Anji"dəki günləri də uzun sürmədi. Onu özünə köməkçi götürən Hacı Hacıyev istefa verdiyindən həmyerlimiz də Mahaçqala klubundan ayrılmaq məcburiyyətində qaldı.

AZAL Sadıqov üçün yeni, bəlkə də sonuncu çağırışdı. Təcrübəli mütəxəssis burada uğur qazana bilməsə, çətin ki, bir də ölkəmizdə hansısa iddialı kluba rəhbərlik etsin. Vəziyyət elə gətirib ki, indi Vaqif bəy həm özünü isbatlamalı, həm də AZAL-ın iddialı klub imicini geri qaytarmalıdı. Lakin bunun üçün yalnız Sadıqovun səy göstərməsi yetərli deyil. Gərək klub rəhbərliyi də üzərinə düşən öhdəçiliyi yerinə yetirsin.

Maraqlıdı ki, AZAL-ı AZAL edən Əsgər Abdullayev birvaxtlar millidə Vaqif Sadıqovun əlinin altında işləyib. Görəsən, indi o, sabiq köməkçisi qədər fərasətli ola biləcəkmi?

"Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində "Bakı" ilə keçirilmiş oyunda Cahangirin barmaqları sınıb. Əlindən gipsi 2 gündü açıblar. İndi reabilitasiya dövrü keçir. Formaya düşməsi üçün bir həftə vaxt lazımdı. Problem tək Həsənzadəylə bağlı deyil. Zədəlilərimiz çoxdu. Usim Nduka, Tales Şütz, Elşən Məmmədov, Tural Nərimanov bu üzdən oynamırlar. Aqil Nəbiyevlə Viktor İqbekoyi isə cəzalıdılar" - bu sözləri müsahibəsində Vaqif Sadıqov deyib.

Sadıqovun AZAL-ın baş məşqçisi postunda debütü uğurlu alınmadı. Payaxt klubu onun rəhbərliyi altında autsayder "Sumqayıt"la ev oyunundan "sülh"lə ayrıldı. Qarşıda isə "təyyarəçilər"i ən yaxın izləyiciləri - "Rəvan"la oyun gözləyir. Lakin oyun formal xarakter daşıdığından artıq hər iki komanda növbəti mövsüm barədə düşünür.

Komandanın hər bir üzvü ilə yollarını davam etdirmək istədiklərini bildirən Sadıqov yeni transferlərin olacağını bildirib: "Transferlərlə bağlı indidən nə isə demək istəmirəm. Ancaq komandada yeni futbolçuların olacağı istisna deyil. Bu transferlər daha çox rəqabətə davamlı komanda formalaşdırmaq üçün ediləcək. İndi 22 futbolçumuz var. Yayda onların sayını 25-ə qədər yüksəltməyi düşünürük. Hər bir mövqeni gücləndirməyə ehtiyac var. Düzdü, son oyunda azlıqda qalsaq da, komanda toparlana və qol vura bildi. Potensialımız var. Amma müdafiə və yarımmüdafiəni mütləq gücləndirməliyik".

AZAL hazırda ikinci "altılıq"da lider olsa da, qazana biləcəyi hansısa mükafat, medal olmayacaq. Təbii ki, bu vəziyyətdə futbolçuları oyuna motivasiya etmək çətindi.

Amma Vaqif bəy fərqli düşüncədədi: "Bu gün futbolçuların ən böyük motivasiyası özlərini mənə sübut etmələridi. Onlarla söhbətimiz olub. Gələcəyin komandasını qururuq. Bu futbolçular həmin komandada nə dərəcədə yerləri olacağını sübut etməlidilər. Bundan yaxşı nə motivasiya ola bilər?"
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.