Rəylər
- 21.04.2012 / 0 şərh / 2641 -dəfə baxılıb
- Futbolçu üçün karyerası ərzində sabit çıxış etmək müşkül məsələdi. İstər-istəməz zədələr, yaş amili, yerdəyişmələr öz sözünü deyir. Ona görə də bu gün komandanın aparıcı siması olan birisi sabah vaxtını ehtiyat oyunçular skamyasında keçirən futbolçuya çevrilir.
Bu baxımdan elita təmsilçilərimizin heyətində yer alan bəzi futbolçuların cari mövsümdə kölgədə qalmalarına diqqət çəkmək istərdik. Hərçənd onlardan çox şey gözləyirdilər.
Emin İmaməliyev. Bir vaxtlar bu futbolçu formasını geyindiyi "İnter"in, "Qarabağ"ın və millimizin əsas simalarından idi. Lakin zədələrdən əziyyət çəkən İmaməliyev cari çempionatda cəmi 2 oyunda meydana çıxıb. Sonuncu dəfə qış fasiləsindən öncə oynamaq şansı əldə edən Eminin müqaviləsinin müddəti bitmək üzrədi. Lakin deyəsən, o, karyerasını bitirməli olacaq. Çünki özünün dediyinə görə, real təklif yoxdu.
Fərhad Vəliyev. Emin İmaməliyev kimi Fərhad da vaxtilə ön planda olan futbolçu idi. Lakin ötən yay Boyan Pavloviçin "Qarabağ"a gəlişi ilə o, "çərçivə"dəki yerini itirdi. Cari çempionatın 2 oyununda forma geyinən Vəliyevin ehtiyat oyunçular skamyasının daimi üzvünə çevrilməsi onun millidəki karyerasına da mənfi təsir göstərdi. Artıq Berti Foqts təcrübəli qapıçıya dəvət göndərməyə lüzum görmür.
Nderim Nedzipi. "Qarabağ"ın əsas heyət üzvü qismində transfer etdiyi makedoniyalının ölkəmizdəki karyerası alınmadı. Ümumilikdə 7, qış fasiləsindən sonra isə cəmi 1 oyunda meydana çıxan yarımmüdafiəçi artıq Ağdam klubunu tərk etmək istədiyini açıqlayıb. Ehtiyatda qalmağı ilə barışmayan əcnəbi futbolçu vətəninə dönmək niyyətindədi.
Elmar Baxşıyev. Yığmamızın sabiq üzvü hələ ötən mövsüm "Neftçi"ni tərk etmək istəyirdi. Çünki Arif Əsədov ona nadir hallarda şans verirdi. Böyükağa Hacıyevin baş məşqçi postuna gəlişindən sonra Elmarın "dəftər"i birdəfəlik bağlandı. Təsadüfi deyil ki, o, cari çempionatda “ağ-qara” formada debüt etmədən qış fasiləsində "Qəbələ"yə transfer olundu. Lakin daha öncə "İnter" və "Xəzər Lənkəran"da forma geyinən və millimizin şərəfini qoruyan Elmarın Qəbələdə işləri elə də yaxşı getmir. Hələlik start heyətinə düşə bilməyən Elmar Premyer Liqanın 5 matçında meydanda görünüb.
Sergey Sokolov. Bəlkə də artıq çoxları Sokolovun karyerasını bitirdiyini düşünür. Amma elə deyil. Milliləşdirilmiş legioner hazırda "Qəbələ"nin heyətində yer alıb. Lakin iş ondadı ki, zədələrdən əziyyət çəkən Sergey özünü unutdurub. O, cari çempionatda XVII turda "Turan"la qarşılaşmada debüt edib və həmin matçdan sonra bir daha oynamaq şansı qazanmayıb.
Rövşən Əmiraslanov. Yəqin ki, artıq Rövşən Kaxaber Tsxadadzedən halallıq almadan "İnter"i tərk etdiyi üçün peşmandı. Gürcüstanlı mütəxəssisin rəhbərliyi altında püxtələşən, əsas heyət üzvünə çevrilən Əmiraslanov gözlənilmədən "Qəbələ"yə keçdi. Lakin paytaxtı əyalətə dəyişmək onun üçün düşərli olmadı. Rövşənin cari birincilikdə cəmi 3 oyunda meydana çıxması bunun bariz sübutudu.
Yaşar Abuzərov. "Bakı"da və "Olimpik"dəki (indiki AZAL) çıxışı ilə tanınan, son illər "Qəbələ"nin uğurları üçün tər tökən Abuzərov üçün yolun sonu yaxınlaşır. Təcrübəli futbolçu cari çempionatda 8 görüşdə iştirak etsə də, ümumilikdə 141 dəqiqə meydanda olub. Bu isə onun artıq komandası üçün önəmli futbolçu olmamasından irəli gəlir.
Əziz Quliyev. Berti Foqtsun ara-sıra milliyə dəvət etdiyi Əziz Quliyev qış fasiləsində "Bakı"nın sabiq çalışdırıcısı Aleksandr Starkovun "qara siyahı"sına düşənlərdən idi. İki il öncə "Karvan"dan paytaxt klubuna transfer olunan 25 yaşlı yarımmüdafiəçi cari çempionatda "zolaqlılar"ın heyətində 2 oyun keçirdiyindən durumundan narazı idi. Elə ona görə də müqaviləsinin müddəti başa çatan Əziz "Bakı"nı tərk edərək, "İnter"in yolunu tutdu. Təəssüf ki, gənc futbolçu hələ ki, paytaxt klubunda baş məşqçi Sxadadzenin etimadını doğrulda bilmir. Gürcüstanlı çalışdırıcı cəmi 3 qarşılaşmada ona şans verib.
Girt Karlson. Latviyalı hücumçu ölkəmizdə keçirdiyi ilk mövsümdə əsas heyət üzvü kimi qollarını sıralasa da, sonradan Robertas Poşkusun kölgəsində qaldı. Lakin maraqlıdı ki, litvalı "Simurq"a göndərildikdən sonra belə Karlsons əsas heyətə qayıda bilmədi. Cari çempionatda 12 görüşdə forma geyinən forvardın hesabında cəmi 1 qol var ki, bu da olduqca zəif göstəricidi.
Xəyal Mustafayev. "İnter"in baş məşqçisi Sxadadze yay fasiləsində "Kəpəz"də çıxış edən Xəyal Mustafayevi geri qaytarmağı lazım bildi. Lakin nədənsə gürcü çalışdırıcı ona çox az şans verir. Görünür, təcrübəli futbolçunun cəmi 7 görüşdə çıxış etməsi formasının qaydasında olmaması ilə bağlıdı. Hər halda, artıq yaş öz sözünü deyir.
Alim Qurbanov. Uzun illərdi "Xəzər Lənkəran"ın formasını geyinən təcrübəli futbolçu yalnız zərurət olduğu halda meydana çıxır. O, əsas heyət üzvü statusunu çoxdan itirib. Buna rəğmən, Qurbanov karyerasını bitirməkdənsə, lazımi anlarda "ağ-yaşıllar"a meydanda kömək etməyi üstün tutur. Ümumilikdə cari çempionatın 8 görüşündə forma geyinən Alim qış fasiləsindən sonra 1 dəfə meydanda görünüb.