Digər
- 05.03.2012 / 0 şərh / 4384 -dəfə baxılıb
- 1997-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilmiş, sonradan baş məşqçi qismində adından söz etdirimiş Faiq Cabbarov həyatının bəlkə də ən çətin dövrünü yaşayır.
Bəlli olduğu kimi Cabbarov kredit borcunu ödəyə bilmədiyindən, “Rabitəbank” tərəfindən Gəncədəki evi əlindən alınmışdı. Bundan sonra AFFA rəhbərliyini ona kömək əlini uzatmamaqda ittiham edən mütəxəssis dolanışıq dalınca Rusiyaya yollanmaq məcburiyyətində qalmışdı. Həyat yoldaşını və uşaqlarını ata evinə göndərən Faiq, həmin hadisədən sonra Moskva şəhərində məskunlaşıb, hələ ki, geri qayıtmayıb. “Neftçi”nin sabiq futbolçusu Vladimir Mixaylevskinin köməkliyi ilə Rusiya paytaxtında işə düzəlsə də, heç də sənətinə və ad-sanına layiq yerdə çalışmır. Bu il 40 illik yubileyini qeyd edən gənc mütəxəssis saunalardan birində inzibatçıdı...
Xatırladaq ki, Gəncə futbol məktəbinin yetirməsi olan Faiq Cabbarov müstəqilik dövrünün ən güclü müdafiəçilərindən biri olub. Yaranan vaxtdan millidə oyanayıb. “Neftçi”ylə, doğma “Kəpəz”lə və “Şəmkir”lə dəfələrlə ölkə çempionu olub, kuboka yiyələnib. Sonradan məşqçi kürsüsündə özünü yaxşı tərəfdən göstərməyə başlayıb. “Qəbələ” (o vaxtkı adıyla “Göy-göl”) məhz onun rəhbərliyi altında birinci dəstənin qələbyələ başa vuraraq elitaya vəsiqə qazanıb. Sonra Bərdənin ABN klubuyla ikinci dəfə bu uğurunu təkrarlayıb. Sonuncu iş yeri isə “Şəmkir” olub. Amma pul yeyintisinə yol verdiyi üçün bu komandadan qovulub.
Cabbarovun həm futbolçu karyerası, həm də məşqçi həyatı içki düşkünlüyü, eyş-işrət məclislərinə meylliyi və son olaraq matçlara pul qoyuluşu etmək azarı ucbatından potensialına uyğun şəkildə alınmayıb. Dövrünün ən ödənişli futbolçulardan biri olsa da, bir vaxtlar “Qəbələ” kimi imkanlı klubu çalışdırsa da göstərdiyimiz mərəzləri ona digər həmkarları kimi özünə gün ağlamağa imkan verməyib. Sonda qazandıqları bir yana, evini də itirib. İndi bu cür ad-sanlı futbol simamız Moskva saunalarının birində, qəmli “Ötən günlərimi qaytaraydılar” mahnısını oxuyur.
Yeri gəlmişkən, “Kəpəz”in və Gəncə futbolunun tarixinə iz qoymuş bir başqa sabiq müdafiəçi Tofiq Məmmədov da çörək pulu dalınca Moskvaya üz tutmaq məcburiyyətində qalanlardandı. 80-90-ci illərdə oynamış və “Kəpəz”in kapitan sarğısını daşımış Məmmədov Rusiyada taksi sürücüsü işləyir.