Mühasibələr
- 15.05.2012 / 0 şərh / 13968 -dəfə baxılıb
- Gələn mövsümdən iddialı olmağı qarşısına məqsəd qoyan AZAL heyətə əl gəzdirmək işi ilə məşğuldu. Vaqif Sadıqov ölkə xaricində oynayan futbolçulara göz qoymaqla yanaşı, hazırkı heyəti də saf-çürük edir.
Ancaq bu arada bəlli olub ki, AZAL-da qalmaqal yaranıb. Sadıqovla uzun müddətdi AZAL-ın formasını geyinən Kvirtiyanın sözü çəp gəlib. "Sumqayıt"la oyunda baş verən hadisədən sonra Vaqif Sadıqov onunla bağlı sərt tədbir görüb. Belə ki, AZAL klubundan verilən məlumata görə, bir neçə gün öncə klubla 2 illik müqavilə bağlayan Nuqzar qovulub. Yasin Abbasovu "Sumqayıt"dan alan AZAL, icarə əsasında dəvət olunan Tural Nərimanov və Şəhriyar Rəhimovu saxlamaq istəyir. Amma Robert Petrov da "təyyarəçilər"ə lazım deyil. AZAL-a gəldiyi gündən heç də sabit oyun nümayiş etdirə bilməyən 34 yaşlı müdafiəçi ilə münasibətlərə son qoyulacaq.
Bu arada "Rəvan" ilk transferini reallaşdırıb. Paytaxt klubu AZAL-ın oyunçusu Hüseyn Axundovu heyətinə qatıb. "Təyyarəçilər"lə halallaşıb ayrılan Axundov karyerasını bundan sonra "Rəvan"da davam etdirəcək.
Qeyd edək ki, Hüseynin qardaşı Tural da paytaxt klubunda çıxış edir.