Mühasibələr
- 16.06.2012 / 0 şərh / 21289 -dəfə baxılıb
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib.
- Fabio gələcək karyerana bağlı nə yenilik var?
- Heç bir yenilik yoxdur.
- Ümumiyyətlə, Bakıdasan, yoxsa Braziliyada?
- Hələ ki Bakıdayam. İyulun sonuna qədər burada qalmağı planlaşdırıram. Əgər bir dəyişiklik olmasa, avqustda Braziliyaya geri dönəcəyəm.
- Hansısa təklif var?
- Heç bir klubdan rəsmi təklif almamışam.
- Son günlər adın “İnter”lə yanaşı hallanır.
- Mətbuatda yazılanlardan xəbərim var. Amma “İnter”dən heç kim mənimlə əlaqə saxlamayıb.
- Özün necə, Azərbaycan qalmaq istəyirsən?
- Əlbəttə. Mən və ailəm Bakını, ümumiyyətlə Azərbaycanı çox sevirik. Ona görə də karyeramı burada davam etdirmək istəyirəm. Ölkənizdə çox gözəl günlər keçirmişəm. Amma bu, təkcə mənim istəyimdən asılı deyil. Gözləyirəm.
- Bu işlə menecerin məşquldur?
- Hə. Ondan cavab gözləyirəm. Bir yenilik olan kimi o mənə, mən də sizə xəbər verəcəyəm. Amma bir daha təkrar edirəm ki, hələ heç bir xəbər yoxdur.
- Zədədən sonra tam bərpa olunmusan?
- Hə, zədəmi artıq tam bərpa etmişəm. Fiziki cəhətdən də özümü hazırlıqlı sayıram. Yeganə çatışmayan cəhət oyun praktikasıdır. Hazırda formamı qoruyub saxlamaq üçün fərdi məşqlər edirəm.
- “Bakı”ya qayıdışın niyə baş tutmadı?
- Komandanın baş məşqçisi Novruz Əzimov məni sərəncamında görmək istəmədi.
- Bəlkə Əzimov ciddi zədədən sonra əvvəlki kimi çıxış etməyəcəyindən ehtiyatlanıb?
- Belə deməzdim. Mən oynamaq üçün özümdə güc hiss edirəm. İndi “Bakı”nın orta xəttində yaxşı futbolçular cəmləşib. Yəqin bu səbəbdən də o məni komandada görmək istəmədi. Bu, onun qərarıdır və mən də onu hörmətlə qarşılayıram. Novruz Əzimovla xeyli müddət birgə çalışmışıq. Həm AZAL-da, həm “Bakı”da. O mənim necə futbolçu olduğumu yaxşı bilir.
- AZAL demişkən. Hazırda sabiq komandanda seleksiya xarakterli toplanış keçirilir. Sən niyə o toplanışa qatılmadın?
- Mən onlardan təklif gözləyirəm. Amma hələ ki, mənə müraciət edən olmayıb.
- Bəzi futbolçular sınaqdan keçməyi deyil, birbaşa müqavilə imzalamağı istəyirlər. Sən necə, sınağa dəvət edən olsa, razılaşarsan?
- Mənim üçün hem bir problem yoxdur. Sınaqdan keçməyə hazıram. Sadəcə bayaq da dediyim kimi, məni AZAL-ın seleksiya toplanışına heç kim dəvət etməyib.
- Bir qədər də qarşıdan gələn Avrokuboklar mövsümü haqda danışaq. Keçmiş komandan “Bakı” Avroliqada səncə, nə qədər uğurlu çıxış edə bilər?
- “Bakı” hər zaman ambisiyalı komanda olub. Bu mövsüm də komandanın hədəfləri böyükdür. Əminəm ki, “Bakı” Avroliqada uğurla çıxış edəcək. Təbii ki, püşkdən də çox şey asılıdır. Amma inanıram ki, “Bakı” Avroliqada minimum 2 mərhələ keçəcək.
- Xeyli müddətdir ölkəmizdəsən. Gəldiyin ilk illərə nisbətən Azərbaycan futbolunda irəliləyiş hiss olunur?
- Əlbəttə. Mən gəldiyim ilk vaxtlarla müqayisədə inkişaf var. Xüsusən də infrastruktur baxımından.
- Sonuncu çempionatın səviyyəsi qane etdi?
- Sözün açığı, bir o qədər də yox. Hesab edirəm ki, 1-2 il əvvəl Azərbaycan çempionatında oynamaq indikinə nisbətən daha çətin idi.
- Ölkəmizdə özünə yeni klub tapa bilməsən, Azərbaycan milli komandasındakı karyeranı bitmiş hesab etmək olar?
- 100 faiz. Təbii ki, oynamayan futbolçunu heç kim milliyə götürməz. Amma özümə klub tapsam belə, milliyə qayıdışım bir qədər çətindir. Çünki millidə son zamanlar gənclərə daha çox şans verilir. Bu səbəbdən də yenidən dəvət alacağıma inanmıram.
- Millimizin son nəticələrindən yəqin ki, xəbərdarsan.
- Hə, əlbəttə.
- Səncə bu gün super şəraitə malik olan, lakin Andorraya qalib gələ bilməyən Azərbaycan millisinin əsas problem nədir?
- Azərbaycam millisinin ən böyük problemlərindən biri səfər sindromudur. Özünüz də bilirsiniz ki, futbolçular Bakıda bir, ölkədən kənarda isə tamam başqa futbol sərgiləyirlər. Sanki komanda səfərdə oynamağa qorxur.
- Berti Foqtsun xəyalından isə Avro-2016-ya vəsiqə keçir…
- Azərbaycan millisi səfər sindromundan qurtulsa bilsə, komanddadan çox şey gözləmək olar. Mən özüm də çox istərdim ki, Azərbayn millisi qitə birinciliyinin final mərhələsinə vəsiqə qazansın.